Aprelin
4-də Təhsil Nazirliyində məktəblilərin 6-7 aprel 2012-ci
il tarixlərində Bakı şəhərində keçiriləcək ekologiya və
təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi
Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə
Olimpiadasının (İNEPO-AVRASİYA) bir qrup iştirakçısı
ilə görüş oldu.
Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş
iştirakçıları salamlayaraq onları Təhsil Nazirliyində
görməkdən məmnunluq duyduğunu bildirdi. Nazir diqqətə
çatdırdı ki, öz miqyasına görə böyük tədbirlərdən hesab
olunan bu olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, "Çağ"
Öyrətim İşlətmələri Şirkəti, "İNEPO-AVRASİYA" Ekologiya
İctimai Birliyinin təşkilatçılığı, İctimai Televiziya və
Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə
keçirilir. Olimpiadanın Təşkilat Komitəsinə 400-dək
layihə təqdim olunub ki, onlardan da 115-i seçilərək
münsiflər heyətinin müzakirəsinə veriləcək.
Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və
artıq ənənə halını aldığını qeyd edən Misir Mərdanov bu
mötəbər yarışmada iştirak edən ölkələrin və şagirdlərin
sayının ildən-ilə artmasına diqqət çəkdi. Müvafiq
müqayisələr apararaq bildirdi ki, əgər 2007-ci ildə
Beynəlxalq Layihə Olimpiadasında 17 ölkədən məktəblilər
iştirak etmişdilərsə, bu il iştirakçı ölkələrin sayı 42-yə,
şagirdlərin sayı isə 400-ə çatıb. Builki olimpiadanın
coğrafiyasının çox geniş olduğunu söyləyən təhsil naziri
yarışmada Əfqanıstan, Almaniya, Banqladeş, Belarus,
Bosniya, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan,
Laos, Litva, Makedoniya, Malayziya, Nigeriya, Pakistan,
Polşa, Rumıniya, Slovakiya, Tailand, Türkiyə,
Türkmənistan, Tacikistan, Ukrayna, Vyetnam, Yəmən,
Somali, Anqola, Zambiya, Bolqarıstan, Rusiya, Misir Ərəb
Respublikası, Monqolustan, Çin və digər ölkələrdən
şagirdlərin iştirak etdiyini diqqətə çatdırdı.
Nazir aprelin 6-7-də Heydər Əliyev adına İdman-Konsert
Kompleksində keçiriləcək olimpiadanın yekununda daha
güclülərin qalib gələcəyinə və ədalətli qərar qəbul
olunacağına əminliyini vurğuladı.
Təhsil naziri çıxışında olimpiadanın ölkəmizin daha
yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn
şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə
etməsində mühüm əhəmiyyəti olduğunu bildirib, onun
təşkilində əməyi olanlara təşəkkür etdi.
Daha sonra Misir Mərdanov olimpiada iştirakçılarına
Azərbaycanın zəngin tarixi, təhsil sistemi, xüsusilə
Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı
müəllim və şagirdlərlə əlaqələr yaratmağı tövsiyə etdi.
Çıxışının sonunda təhsil naziri olimpiada
iştirakçılarına uğurlar arzulayıb, onların hər birinin
öz ölkələrinə xoş təəssüratla qayıdacağına ümid etdiyini
bildirdi.
Tailandlı şagirdlər İhsan Aksay və İhsan Gübbüz,
nigeriyalı Zeynəb, qırğızıstanlı Akbar İmanov, bosniyalı
Aida, anqolalı Marleno və b. söz alaraq olimpiadanın
yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə,
onlara göstərilən səmimi münasibətə və görüşə görə
təhsil nazirinə minnətdarlıqlarını bildirib, Azərbaycana
gəlməkdən məmnunluq duyduqlarını, ölkəmiz, onun
insanları haqqında onlarda xoş təəssürat yarandığını
söylədilər.
Görüşdə "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə
Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz də iştirak
edirdilər.
Yusif ƏLİYEV |