İnformasiya və kommunikasiya texnologiyaları müntəzəm
olaraq müəllimləri, kurikulum mütəxəssislərini,
ümumilikdə təhsil sahəsində çalışanları birləşdirərək
onların inkişafına təkan verir.
Təhsil sahəsində texnologiyaların tətbiqi nəticəsində
mühazirə təlimindən interaktiv, konstruktiv öyrənməyə
keçid prosesi baş verir.
Müasir tədris və öyrənmə istiqamətində müəllimləri
dəstəkləyən "Chevron-Xəzər" və "Mədəd-Azərbaycan"
onların peşəkarlıq səviyyələrinin inkişafı məqsədilə
Bakı şəhərində və dörd rayonda yeni təşəbbüsün həyata
keçirilməsinə başlamışdır. "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" ilə sıx
əlaqədə həyata keçirilən layihə siniflərdə texnologiya
və elektron resursların səmərəli istifadəsi üzrə
müəllimlər üçün təlimlər nəzərdə tutur. Təşəbbüsün
davamlılığını təmin etmək üçün layihədə iştirak edən
məktəblərdə həmkar təlimçilər şəbəkəsi yaradılacaq və bu
şəbəkə vasitəsilə müəllimlərlə iş davam etdiriləcək.
Layihədə Bakı şəhərindən, Bərdə, Goranboy, Yevlax və
Ucar rayonlarından 1000 nəfər müəllimin iştirakı nəzərdə
tutulub. Müəllimlər "Müəllimlərin peşəkarlıq
səviyyəsinin təkmilləşdirilməsi", "İntel"in "Gələcək
üçün təhsil" və "Microsoft"un "Həmkara dəstək"
proqramları əsasında təşkil edilmiş təlimlərdə iştirak
edəcəklər. Layihənin nəticəsi olaraq iştirakçılar tədris
prosesinin keyfiyyətini təmin etmək üçün müasir
yanaşmalar, təhsil texnologiyaları və elektron təhsil
resursları üzrə təcrübi bilik və bacarıqlarını
artıracaqlar.
Hicran ƏKBƏROVA |