2012-ci ilin avqust ayında Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan
olmasının 180 ili tamam olur.
Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz
sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus
layiqli yeri vardır. Klassik ədəbi ənənələrimizi yaşadan,
yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən
yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan
dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir
göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə
töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə
tanınmışdır.
Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynamış
Xurşidbanu Natəvanın 180 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə,
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə
almaqla, Xurşidbanu Natəvanın 180 illik yubileyinə dair
tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2012-ci il |