Martın 27-də Gənc Vətənpərvərlər Birliyi (GVB) "Narkotiklərdən
əl çəkək" devizi altında regionlara avtoturun təşkil
olunması və idman yarışlarının keçirilməsi layihəsinə
başlamışdır. GVB-nin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, layihə iyunun 1-dək davam edəcək və bir
neçə mərhələdə icra olunması nəzərdə tutulmuşdur.
Əvvəlcə maarifləndirmə məqsədi ilə orta ümumtəhsil, orta
ixtisas və ali məktəblərdə, idman cəmiyyətlərində
gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması,
sağlam həyat tərzi prinsiplərinə riayət edilməsi,
müxtəlif zərərli vərdişlərin təsirinə düşmək
istiqamətində riskli davranışlara yol verilməməsi və
digər mövzularda seminarlar keçiriləcəkdir. Atletika
üzrə estafet qaçışlar, karate-do üzrə yarışlar təşkil
olunacaqdır. |