Bu
günlərdə Sumqayıtdakı N saylı hərbi hava qoşunları
mühafizə dəstəsinin əsgərləri ilə əmək veteranları və
Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin
görüşü keçirilib.
Tədbirdə məktəbin direktoru Esmira İbrahimova, Sumqayıt
şəhər təhsil işçiləri veteranlar şurasının sədri Məşdi
Zeynalov, şəhər mühafizə, əmək, silahlı qüvvələr və
hüquq mühafizə orqanları veteranlar şurasının sədri,
əməkdar müəllim Leyla Qasımzadə, veteran müəllimlər-
Qızbəs Şirinova, Hətəm Mahmudov, məktəbin kitabxanaçısı
Zahidə Qəhrəmanova, biologiya müəllimi Rəfiqə Abbasova,
təşkilatçı Mehriban Musayeva çıxış edərək Azərbaycanın
qəhrəman oğullarının rəşadətli döyüş yollarından söhbət
açıb və onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı
tövsiyə ediblər.
Sonra məktəbin özfəaliyyət kollektivinin üzvləri
əsgərlər üçün tamaşa göstərib, bahar təravətli mahnılar
ifa ediblər.
Görüşdə əsgərlərdən Tural Novruzovun, Mehrəli Məmmədovun,
Cəlil Hüseynovun ifa etdikləri mahnılar iştirakçıların
alqış sədaları ilə qarşılanıb.
Tədbirdə mühafizə bölüyünün əsgərləri - Əfqan Əhmədov,
Səxavət Abdullayev, Həsən Səfərzadə çıxış edərək,
nümunəvi xidmət edəcəklərinə söz veriblər. Kapitan
Niyazi Adıgözəlov və baş gizir Çingiz Yusifov isə belə
görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu
vurğulayıblar.
Həmin gün görüş iştirakçıları hərbi hissədə əsgərlərin,
hərbi qulluqçuların yatacağı, qidalanması və geyimləri
ilə bağlı onlara göstərilən nümunəvi xidmətlə də tanış
olublar.
Tədbirin sonunda 5 nömrəli tam orta məktəbin müəllim və
şagirdləri hazırladıqları bayram sovqatlarını əsgərlərə
təqdim edərək onlarla birlikdə xatirə şəkli çəkdiriblər.
Ədalət DAŞDƏMİRLİ |