Şamaxı
Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif
Ağayevdən aldığımız məlumatda bildirilir ki, məktəbdə
ənənəvi "Novruz turniri" adı altında şəhər birinciliyi
keçirilib. Oğlan və qız şahmatçıların iştirakı ilə
İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarışda
82 şahmatçı 5 yaş qrupunda (8, 10, 12, 14, 16) mübarizə
aparıb. Şəhər 2 nömrəli tam orta məktəbin VII sinif
şagirdi Niyaz Məmmədov 9 turdan 8,5 xal toplayaraq ümumi
turnirin qalibi olub.
Qızlar arasında müvafiq yaş qruplarında İlahə Xudiyeva (şəhər
1 nömrəli tam orta məktəb), Nəzrin Əhmədova və İzzət
Ağayeva (şəhər 2 nömrəli tam orta məktəb), Leyla
Abdullayeva, Aydan Abdullayeva və Arzum Abdullayeva (şəhər
5 nömrəli tam orta məktəb) bütün rəqiblərini
qabaqlayaraq qalib adı qazanıblar.
Oğlanların mübarizəsində isə Mirəziz Babayev və Saleh
Abdulrəhmanov (şəhər 2 nömrəli tam orta məktəb), Mənsur
Sərxanov və Asim Sərxanov (şəhər 9 nömrəli tam orta
məktəb) və Eldəniz Xəlilli (Mədrəsə kənd tam orta məktəb)
öz yaş qruplarında çempion adına sahib olublar.
Qaliblərə diplomlar və rayon təhsil şöbəsinin
mükafatları təqdim olunub.
Yarışın nəticələrinə əsasən respublika şahmat məktəbləri
komandalarının zona turnirində iştirak edəcək oğlan və
qızlardan ibarət rayon komandasının üzvləri də
müəyyənləşdirilib.
Ədalət DAŞDƏMİRLİ |