Bu yaxınlarda kimya müəllimlərinin dərslərinin səmərəli
təşkilində çox böyük əhəmiyyətə malik olan metodik
vəsait Təhsil Nazirliyinin 2057 nömrəli əmri ilə "Mütərcim"
TM-də çapdan çıxmışdır. Vəsaitdən səmərəli istifadə
etmək müəllimin təlim işini yüngülləşdirir, şagirdlərin
bilik və bacarıqlarını nümayiş etdirə bilmələrini təmin
edir.
Metodik vəsait "Kimyadan universal sorğu cədvəli"
adlanır. Cədvəlin əsas hissəsini riyazi ədədlər, bunun
yuxarısında və sol tərəfində verilən qeyri-üzvi və üzvi
maddələrin mühüm siniflərinin adları təşkil edir.
Cədvəldə verilən 662 ədədin hər birindən istifadə
etməklə həm qeyri-üzvi kimyanın, həm üzvi kimyanın və
həmçinin kimya fənninin təkrarlanması məqsədi ilə
təşkil olunan dərslərin gedişində istifadə etmək olar.
Kimya müəllimlərinin ixtisasartırma kursunda metodik
vəsaitin müəllifi TPİ-nin Kurikulum Mərkəzinin aparıcı
elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Mürşüd
Fərəcov kimyanın tədrisində fəal təlimin metodlarından
və bunun təlim prosesində əhəmiyyətindən danışmaqla
yanaşı, cədvəlin quruluşundan və ondan istifadə
qaydaları haqqında məlumat vermişdir. Müəllimlərin hər
bir sualını çox böyük səbr və təmkinlə cavablandıran
müəllif cədvəldən necə istifadə edilməsini nümunələrlə
qeyd etmişdir. Məsələn, vəsaitdə göstərilən 132-ci
ədədin yuxarısında turşu, sol tərəfində metal oksidi (MeOk)
yazılmışdır. Deməli, şagird istənilən turşu və istənilən
metal oksidi arasında gedən reaksiyanın tənliyini yaza
bilər. 489-cu ədədə əsasən şagird istənilən əsas və hər
hansı spirt arasında gedən reaksiyanın tənliyini yazmağı
bacarmalıdır. 501-ci ədədə cavab karbon turşuları ilə
spirtlərin arasında gedən reaksiyanın tənliyini tərtib
etməyi tələb edir. Onu da bildirməyi məqsədəuyğun hesab
edirəm ki, hər bir suala eyni vaxtda 5-6 nəfər müxtəlif
səviyyələrdə cavab verə bilir. Bütün sinifdə sorğu
keçirməkdə isə şagirdlərə müvafiq məzmunu əhatə edən
ədədlərdən istifadə etmək kifayətdir. Məsələn, variant -
I.58, 189, 302 və 547-ci ədədləri cavablandırın və s.
Kimyanı zəif bilən şagirdlərin vəsaitdən istifadə
etməklə bilik və bacarıqlarını inkişaf etdirilməsini
təmin etmək məqsədi ilə cədvəlin ikinci hissəsində
qeyri-üzvi və üzvi maddələrin ən mühüm siniflərinin
nümunələri verilmişdir. Lazım olduqda şagirdlər həmin
materiallardan istifadə etməklə istənilən ədədlərin
cavablandırılmasına nail ola bilərlər. Bu metodik vəsait
şagirdlərin bilik və bacarıqlarının
qiymətləndirilməsində əhəmiyyətli olduğu kimi, onların
bilmədiklərinin yada salınmasında və inkişaf
etdirilməsində də böyük əhəmiyyətə malikdir. Cədvəldən
kimya müəllimlərinin və kimyanı öyrənmək istəyən hər bir
şagirdin istifadə etməsini məsləhət bilirik.
Aydın ƏHMƏDZADƏ,
PKİYİ-nin təbiət elmləri kafedrasının baş müəllimi |