Amerikalı tələbələrin banklara 1 trilyon dollar borcu
var
Amerikalı tələbələr bu il ali təhsil üçün banklardan
götürdükləri 1 trilyon dollardan çox vəsaiti geri
qaytarmalıdırlar. Amerikanın maliyyə xidmətləri üzrə
istehlakçıların hüquqlarını müdafiə Agentliyinin
məlumatına əsasən, tələbələrin borcları Federal Ehtiyat
Fondunun proqnozlarından daha artıqdır - təxminən 16
faiz. The Wall Street Journal dərgisinin yazdığına görə,
gənc amerikalıların kredit borclarının artması bir neçə
faktorla izah olunur. Agentlik qeyd edir ki, bu, ilk
növbədə, gənclərin bazar qarşısında keçirdikləri
narahatlıqla bağlıdır. Ölkədə işsizlik səviyyəsi 8
faizdir. Xarici tələbələr hesab edir ki, ali təhsil
almaqla onlar asanlıqla yüksək maaşlı iş tapa biləcəklər.
Universitet diplomuna olan tələbatı görən Amerika ali
məktəbləri təhsil haqlarını qaldırmaqdan çəkinmirlər.
Üçüncü səbəb isə bununla bağlıdır ki, bir çox tələbələr
köhnə borcları silmək üçün yeni kreditlər alırlar.
Agentlik qeyd edir ki, təhsil borclarına görə vaxt
uzanır. Və ali təhsil almış, artıq işə düzəlmiş gənclər
öz şəxsi həyatlarını qurmaq üçün (ev, avtomobil, ev
şəraiti və s.) yeni kreditlər götürə bilərlər.
Hesablamalara görə, orta hesabla hər bir universitet
məzununa 24 min dollar təhsil borcu düşür.
Rusiyada tələbələrə güzəştli kreditlər veriləcək
Rusiyada tələbələr təkcə təhsil xidmətləri üzrə deyil,
həm də yaşayış, ərzaq, nəqliyyat və digər ehtiyaclara
görə güzəştli kreditlər ala biləcəklər. Təhsil və Elm
Nazirliyi tələbələrə bu cür kreditlər təqdim edəcək ali
məktəblərin siyahısını müəyyənləşdirəcək. "İzvestiya"
qəzetinin yazdığına görə, nazirliyin seçdiyi fəal
tələbələr təhsil haqlarını ödəmək üçün borc ala
biləcəklər. Borclar tələbələrə faizsiz veriləcək. Təhsil
alandan borcödəmə qabiliyyətinin təsdiq olunması tələb
olunmayacaq. Borcun ödənməsi təhsilalanın ali məktəbi
bitirməsindən sonra 10 il müddəti əhatə edəcək. Müvafiq
sənədlərin toplanmasından sonra hökumətə təhsil
kreditlərinin dövlət tərəfindən dəstəklənməsi qaydaları
və şərtləri, borcun həcmi müəyyənləşdiriləcək. Təhsil
və elm naziri Andrey Fursenko hesab edir ki, əlavə
kreditlər təhsilin özünə verilən borclardan daha
aktualdır. "Digər şəhərlərə təhsil almağa gedən
gənclərin necə yaşamaq kimi problemləri yaranır. Onlar
işləyərək pul qazanmalıdırlar, bu halda onlar təhsildə
axsayacaqlar. Yaxud yaşadıqları evin yaxınlığında oxumaq
üçün daha maraqsız ixtisas seçməli olacaqlar",-deyə
nazir bildirib. Nazir qeyd edib ki, bu vəsaitlər
təhsil prosesində gənclərin məsrəflərini kompensasiya
etməyə imkan verəcək və ən uğurlu tələbələrə veriləcək.
Dərsdən yayınma hallarına qarşı mübarizənin orijinal
yolu
Braziliyada şagirdlərin dərslərdən yayınma hallarına
qarşı mübarizənin orijinal yolu tətbiq olunur.
Şagirdlərin məktəbli formalarında onların gün ərzində
harada olmasını müəyyən etməyə kömək edən xüsusi
mikroçiplər yerləşdirilib. Təhsil ictimaiyyəti birmənalı
şəkildə bu yeniliyin dərsdən yayınma hallarına qarşı
səmərəli təklif olduğunu düşünür. Hələlik mikroçiplər
ölkənin şərqində Baiya ştatındakı Vitoriya-da-Konkista
şəhərində 20 min şagirdin məktəbli paltarında
quraşdırılıb. Şəhər təhsil departamentinin direktoru
Koriolano Moraeşin sözlərinə görə, bir çox ailələr öz
övladlarının dərslərdən yayınmasından heç şübhələnmirlər.
"Biz müşahidə etmişik ki, uşaqlarını məktəbə gətirən
valideynlər onların doğrudan da məktəbə daxil olduğunu
görmürlər. Valideynlər daim işə tələsirlər", - deyə
Moraeş bildirib. Mikroçiplər məktəbli formasının
qollarına və yaxud məktəbin simvolunun altında
yerləşdirilib. Uşaqlar məktəbin giriş qapısından daxil
olarkən mikroçiplər onların valideynlərinə SMS-xəbər
göndərir. Əgər uşaq dərsə 20 dəqiqədən artıq geciksə,
valideynlər belə bir məzmunda xəbər alırlar: "Sizin uşaq
bu vaxta kimi məktəbə gəlməyib". Məmurlar deyirlər ki,
mikroçiplər valideynlər və məktəb arasında qarşılıqlı
anlaşmanı yaxşılaşdıracaq. Şəhər hakimiyyət orqanları
artıq mikroçipli məktəbli paltarlarını "ağıllı məktəbli
forması" adlandırıblar. Gələn ildən 4 yaşdan 14 yaşa
kimi bütün məktəblilər bu cür sistemdən istifadə edəcək.
Hazırladı: Oruc MUSTAFAYEV |