Albert
Eynşteynə əbədi şöhrət gətirmiş nəzəriyyə
1999-cu ildə "Taym" jurnalı nisbilik nəzəriyyəsinin
banisi, Nobel mükafatı laureatı Albert Eynşteyni XX
əsrin adamı elan edib. Lakin dahi alimin bəşəriyyətin
elm məbədində xidmətləri bu günə qədər qızğın
mübahisələr mövzusudur. Bu əfsanəvi fizik atom və
kainatın sirlərini açmağa imkan verən, zaman, məkan və
materiya, kainat haqqında nəzəriyyəsi ilə dünyanın ən
məşhur alimlərini geridə qoyub.
XX əsr elm və texnikanın ən sürətli inkişaf etdiyi əsr
kimi yadda qalıb. Bu inkişafın əsasında Eynşteynin dahi
nəzəriyyəsi durur. Onun elmi xidmətləri, xüsusən də
nəzəri fizika sahəsində yaradıcılığı barədə fərqli
fikirlər söylənilir. Bir çoxları onu fizikada inqilab
etmiş böyük dahi hesab edir, digərləri isə onun elmi
irsinə uzun müddət skeptik yanaşıb. Həqiqətdə bu insan
kim olub?
Uşaqlıq illəri
Albert Eynşteyn 1879-cu il martın 14-də Bavariyanın Ulm
şəhərində anadan olub. Onun atası German Eynşteyn xırda
kommersant, anası Polina Kok isə ştutqartlı qarğıdalı
ticarətçisinin qızı idi. Alimin əleyhdarları qeyd
edirlər ki, o, yalnız 3 yaşında ikən danışmağa başlayıb.
7 yaşına qədər isə onda hər bir ifadəni asta-asta
təkrar etmək aludəçiliyi olub. Hətta 9 yaşda ikən o,
fikirlərini kifayət qədər cəld ifadə edə bilməyib. Uşaq
həddən ziyadə qeyri-təbii narahat idi, özünə çox
qapılardı. Lakin bu narahatlığın fonunda bəzən onun
üzündə qəzəb partlayışı müşahidə olunurdı, bu zaman onun
üzü tabaşir kimi ağ olardı. Bu fakta diqqət yetirən
tədqiqatçılar qeyd edirlər ki, gənc Albert uşaqlıqdan
çox şıltaq və məhdud qabiliyyətli olub. Digər
tədqiqatçılar isə qeyd edirlər ki, Albert uşaqlıqdan
özünə qapılıb, kəskin etirazları digər şəxslərin onun
daxili aləminə nüfuz etmək səyləri ilə, qəlbən
bağlanmadığı işlərə məcbur edilməsi ilə bağlı olub.
İbtidai məktəbdə oxuyarkən Albert uşaq səmimiyyəti və
sadəliyi ilə ətrafdakıları cəlb edib. Ona "səmimi
sadəlövh" ləqəbi veriblər. 10 yaşında Eynşteyn
gimnaziyaya daxil olub, o, burada da qeyri-adiliyi ilə
fərqlənməyib. Sonralar o xatırlayırdı ki, gimnaziyada
oxuyarkən hər şeyi bilmək həvəsi və inadkarlığı ona çox
kömək edib. Maraqlı məqam odur ki, gənc Albert məktəb
proqramı ilə kifayətlənməyib, o, bir-birinin ardınca
elmi-populyar kitabları oxuyurdu. Atasının
kitabxanasında kifayət qədər elmi sanballı kitablar
toplanmışdı. Albert artıq 12 yaşında Evklid həndəsəsini
öyrənmişdi. 14 yaşında isə diferensial tənliklər və
inteqral hesablamaları mənimsəmişdi. "Bütün bunlar mənim
hədsiz, fantastik dərəcədə azadfikirliliyimin nəticəsi
idi", - deyə Eynşteyn sonralar yazırdı. Lakin
azadfikirliliyi onun özünə problem yaratdı. Sinif
rəhbəri Eynşteyndən gimnaziyanı tərk etməsini tələb
edib. "Mən istərdim ki, siz gimnaziyanı tərk edəsiniz.
Yalnız sizin sinifdə olmağınız müəllimi nüfuzdan salmaq
üçün kifayəfdir".
1895-ci
ilin yazında 16 yaşlı Albert gimnaziyadan qaçıb. Onun
təbiət elmləri sahəsində yüksək tədris ənənələri ilə
məşhur olan Sürix Məktəbinə daxil olmaq səyləri uğur
qazanmadı. O, fransız dili və botanika imtahanlarını
verə bilməyib. Məktəbin direktoru atalıq qayğısı ilə
Alberti sakitləşdirməyə çalışırdı: "Kədərlənməyin.
Cüzeppe Verdi də ilk cəhddən Milan Konservatoriyasına
daxil ola bilməyib". O, Albertə İsveçrənin Aapau
şəhərində yerləşən kanton məktəbinə daxil olmağı tövsiyə
edib. "Bu məktəb özünün liberal ruhu ilə, eləcə də
pedaqoqlarının ciddiliyi və sadəliyilə məndə silinməz
təəssürat yaratdı", - deyə sonralar Eynşteyn tərcümeyi-halında
yazırdı. O, buradakı pedaqoji mühitin 6 il təhsil aldığı
və avtoritarizmin hökm sürdüyü alman gimnaziyasından
fərqli olaraq sərbəst düşünmə səylərini, azadfikirliliyi
dəstəklədiyini qeyd edirdi. Və bu faktorlar da dahi
alimin bütün gələcək həyatı və elmi fəaliyyətində
başlıca faktora çevrilmişdi. 1896-cı ildə o, Politexnik
Məktəbə daxil olur. Lakin o, təhsilə yenə də əvvəlki
kimi yanaşırdı. "Bəzi mühazirələrə mən böyük maraqla
qulaq asırdım. Çox cidd-cəhdlə nəzəri fizikanın
dahilərini öyrənirdim", - deyən Albert Eynşteyn bundan
əlavə, bəzi müəllimlərinin ünvanına tənqidi fikirlərini
də bildirməyə imkan tapmışdı. Bu isə onun üçün pis
nəticələnmişdi. 1900-cu ilin yazında 22 yaşlı Albert
Eynşteyn fizika müəllimliyi ixtisası üzrə imtahan
verərək diplom aldı. Lakin bütün günü elmi fikirlərinin
təsiri altında məktəb şəhərciyində gəzib dolaşan,
həddən artıq xəyalpərəst, daima düşüncəli, müəllimliyə
o qədər də həvəs göstərməyən gənci pedaqoq kimi heç kim
işə qəbul etməyə tələsmirdi. Yalnız 1902-ci ildə o,
dostlarının tövsiyə məktubu ilə Berndəki Federal Patent
bürosunda ekspert kimi işə başlayır. Buna qədər isə o,
vətəndaşlığını dəyişir və İsveçrə vətəndaşlığı alır.
Büroda, Eynşteyn buranı "dünyəvi monastr" adlandırırdı,
7 il çalışan alim bu illəri həyatının ən xoşbəxt illəri
hesab edirdi. Ekspert kimi müxtəlif elmi və texniki
məsələlərə həsr olunmuş müzakirələrdə iştirak edirdi.
Bununla belə, müstəqil elmi fəaliyyəti onun qarşısında
geniş imkanlar açırdı. Berndə keçirdiyi sevincli
günlərdə yazdığı elmi məqalələr müasir fizikanın
simasını dəyişməklə Eynşteynə dünya şöhrəti qazandırdı.
Heç kimin anlamadığı inqilabi nəzəriyyə
Dahi
alimin elmi irsini araşdıran tədqiqatçılar qeyd edirlər
ki, Eynşteynin müasirlərinin anlaya bilmədiyi bir çox
elmi nəzəriyyələrinin bünövrəsi məhz burada, Patent
bürosunda qoyulmuşdu. İşdən sonra boş vaxtlarda Eynşteyn
dostları ilə birlikdə yaratdıqları "Olimpiya" dərnəyində
vaxt keçirirdi. Burada E.Max, D.Yum, Spinoza, Averaius,
Puankaranın elmi irsi öyrənilirdi. Onu həmişə daha vacib
və daha çətin məsələlər maraqlandırıb. Əvvəlcə fizik
məkan və zaman problemləri ilə məşğul olub. 1905-ci
ildə Albert Eynşteyn bir neçə elmi məqalə dərc etdirir.
Məqalələrinin birində o, işığın təbiətinə dair inqilabi
fərziyə irəli sürüb. "Hərəkət edən cismlərin
elektrodinamikası" məqaləsi isə elmi dairələrdə daha
böyük səs-küyə səbəb olub. Bu məqalə Nyuton dövründən
qalma zaman-məkan barədə klassik təsəvvürləri alt-üst
edirdi. Albert Eynşteynin məqaləsinə ilk olaraq tanınmış
alman fiziki, işığın kvant nəzəriyyəsinin banisi Maks
Plank diqqət yetirib. O, xəstə yatırdı, Eynşteynin
məqaləsini çarpayıda oxuyan Plank "Daha xəstələnmək
olmaz!" qışqıraraq tez yataqdan qalxıb. O, məqalə
müəllifinə məktub yazaraq onun fikirlərini Kopernikin
kəşfləri ilə müqayisə edib. Plank, eyni zamanda Bern
Universitetinə müraciət edərək ali təhsil ocağının bütün
professor və müəllimlərinə şəhərdə Albert Eynşteyn adlı
dahi bir fizikin yaşadığını xəbər verib. Universitetin
elmi jurnalı o dövrün bütün alimlərini ayağa qaldırmış
məqaləni dərc edir və öz münasibətini belə bildirir: "Nəzəriyyə
necə də təəccüblüdür. Ondan çox az şeyi başa düşmək
mümkündür". Bir çox alimlər də eyni mövqedə idilər. Rus
"kosmonavtikasının atası" hesab olunan Siolkovski Albert
Eynşteynin nəzəriyyəsini ciddi hesab etmirdi: "Nyuton
mexanikasından imtina edilməsinə heç bir zərurət
görmürəm. Məni Eynşteyn kimi bir sıra alimlərin bu cür
riskli nəzəriyyələri çox məyus edir". Digər tanınmış
alimlər də Eynşteyni məzəmmət edərək bildirirdilər ki,
o, məqaləsində öz sələflərini, Lorents və Puankare kimi
məşhur fiziklərin elmi irsindən bir dənə də olsa sitat
gətirməyib. Bundan başqa, alimlər bir məqama da diqqət
yetirirdilər ki, Eynşteyn qeyri-təkmil riyazi aparatdan
istifadə edir. O, son iradla barışmağa hazır idi: "Tələbə
olarkən mən bütün sadəlövhlüyümlə hesab edirdim ki,
fizik üçün sadə elementar riyaziyyatı mənimsəmək
kifayətdir, qalanları isə fizika üçün mənasız
incəliklərdir ki, mən bu səhvimi sonralar təəssüflə başa
düşdüm". Riyaziyyatçılar bu məqamı əldə əsas tutaraq
onun nəzəriyyəsini rədd etməyə qalxdılar, lakin tezliklə
də məyus oldular. Albert Eynşeyn isə özünəxas
saymazlıqla bir neçə parlaq aforizm söyləyərək
riyaziyyatçıları gülünc vəziyyətdə qoyub. Məşhur alimlər
gənc Albertin elmi nəzəriyyəsi üzərində baş sındırır, o
isə şəkil çəkir, o qədər də pis hesab olunmayan şeirlər
yazır, saatlarla skripkada çalırdı. O, dövrünün ən
məşhur alimlərini öz nəzəriyyəsi ilə tam məşğul etmişdi.
Mən vəzifəmi yerinə yetirdim...
Maks
Plank Eynşteynə patent bürosundan Berlin Fizika
İnstitutunun rəhbəri vəzifəsini tutmaqda kömək etdi.
1915-ci ilin dekabrında Berlində Akademiyanın iclasında
Eynşteyn nadir hesab olunan nisbilik nəzəriyyəsinin
təqdimatını keçirib. Əvvəlcə alimlər bu məsələyə şübhə
ilə yanaşdılar. Hətta məşhur Konrad Rentgen (rentgen
şüalarını kəşf etmiş məşhur alman alimi) şikayətlənirdi:
"Bütün bunlar nəsə beynə sığışmır". Bir sıra fiziki
hadisələrlə yanaşı bu nəzəriyyə işıq şüalarının
qravitasiya sahəsində kənaraçıxmaları da öncədən müəyyən
edirdi. Bu isə 5 il sonra Günəşin tam tutulması zamanı
öz təsdiqini tapmışdı. Böyük Britaniya alimlərinin
eksperimentinin nəticələrinin dərc olunmasından cəmi
bir gün sonra Eynşteyn artıq bütün dünyada ən məşhur
alim kimi qəbul olunurdu. 1921-ci ildə Nobel komitəsi
Albert Eynşteyni "Fotoelektrik effekti qanununu kəşf
etdiyinə və nəzəri fizika sahəsində digər işlərinə görə"
Nobel mükafatına layiq gördü. Eynşteyn çoxsaylı elmi
simpozium, konfranslara, universitetlərdə mühazirə
oxumağa dəvət olunurdu. Çoxları onun mühazirələrinə can
atır, ondan elə bir şey eşitməyi gözləyirdilər ki,
sanki indi bütün aləm onun əlində cəmləşmişdi. Ondan
hətta barmaqhesabı bütün mürəkkəb fiziki nəzəriyyələrin
mahiyyətini izah etməyi xahiş edirdilər. Bir dəfə
amerikalı jurnalistlərdən biri Eynşteynə belə bir sualla
müraciət edir: "Zaman və məkan arasında fərq nədədir?".
Eynşteyn gülümsəyərək bildirir ki, "əgər mənim bu iki
anlayış arasında fərqi izah etmək üçün vaxtım olsa idi,
onda sizin onu anlamağınız üçün əbədi vaxt lazım
gələrdi". Eynşteyn hər gün bütün dünya ölkələrindən
qalaq-qalaq məktub alırdı. Növbəti məktubu oxuyan alim
qeyd edirdi: "Yalnız iki əbədi şey var; Kainat və
ağılsızlıq. Birinciyə gəldikdə mən tam arxayın deyiləm".
O, hər bir ciddi məktuba cavab yazardı. Onu xüsusən
insan sivilizasiyasının gələcəyi narahat edirdi. "Necə
ola bilər ki, mədəniyyəti bu qədər sevən əsr qeyri-insani
dərəcədə mənəviyyatsız olsun? Mən getdikcə daha çox əmin
olmağa başlamışam ki, mərhəmət və yaxın adama sevgi
bütün digər qalanlardan qiymətlidir. Bizim bütün tərifli
texniki tərəqqi, eləcə də bütün bizim sivilizasiya
sanki psixi xəstə olan cinayətkarın əlindəki baltaya
bənzəyir". Albert Eynşteyn 1955-ci ilin aprelində
Prinstonda vəfat edib. Ölümündən bir qədər əvvəl o qeyd
edib: "Hər bir insan ən azından dünyadan aldığını onun
özünə qaytarmalıdır". Ölüm ayağında dahi fizik pıçıltı
ilə "mən öz vəzifəmi yerinə yetirdim", - deyib.
"Mənim ərim dahidir! O, puldan başqa hər şeyi edə bilib!.."
Bir
dəfə arvadından soruşurlar ki, Eynşteynin nisbilik
nəzəriyyəsi barədə nə bilir. Cavabında o deyir ki,
demək olar ki, heç nə. "Lakin bütün dünyada Eynşteyni
məndən başqa heç kim yaxşı tanımır", - deyə alimin
xanımı etiraf edir. Eynşteyn barədə nə bilir sualına
gəlincə, o deyib ki, "mənim ərim dahidir! O, puldan
başqa hər şeyi edə bilib!..". Mühazirələrinin birində
Eynşteyndən soruşurlar ki, böyük kəşflər necə baş verir.
O, bir qədər düşünərək cavab verir: "Deyək ki, bütün
ağıllı adamlar bilirlər ki, nəyisə etmək mümkün deyil.
Lakin bir nəfər cahil adam tapılır ki, bunu bilmir.
Kəşfi də elə bu adam edir". Bir dəfə jurnalistlərdən
biri Eynşteynə yaxınlaşaraq ona belə bir sualla
müraciət edir: "Sizin öz dahi fikirlərinizi qeyd
etdiyiniz yazı dəftərçəsi və ya bloknotunuz varmı?".
Alim ona baxaraq deyir: "Cavan oğlan! Əsl, ən dahi
ideyalar insan beyninə nadir hallarda gəlir, buna görə
də onları yadda saxlamaq o qədər də çətin deyil". Bir
dəfə alim fikirli halda küçədən keçir və öz
tanışlarından birinə rast gəlir. O, tanışını evinə qonaq
dəvət edir. "Axşam bizə gəlin, professor Stimson mənim
qonağım olacaq". Tanışı gülümsəyir: "Axı, professor
Stimson mən özüməm". Eynşteyn qətiyyətlə "Fərqi yoxdur,
gəlin!", - deyir. Eynşteyn Çarli Çaplinin filmlərinə
heyranlıqla baxırdı. Bir dəfə Eynşteyn Çaplinə məktub
göndərib: "Sizin "Qızıl hərisliyi" filmini bütün dünya
tanıyır. Mən əminəm ki, siz bütün dünyada məşhur
olacaqsınız. Eynşteyn!". Çaplin isə cavab məktubunda
yazıb: "Mən sizə daha artıq heyranam. Sizin nisbilik
nəzəriyyənizi bütün dünyada heç kim başa düşmür, lakin
Siz artıq məşhur insan ola bildiniz! Çaplin".
Bir dəfə onu xanımı ilə yeni astronomik teleskopun
açılışına dəvət edirlər. Təqdimatdan sonra qısa
ekskursiya təşkil olunur. Onları müşayiət edən gid
teleskopu göstərərək bildirir ki, bu teleskopun köməyi
ilə biz kainatın sirlərini aça biləcəyik. Lakin alimin
xanımı əlavə edir ki, "qəribədir, bundan ötrü mənim
ərimə karandaş qırıntısı və bir parça kağız kifayətdir".
Alim vicdanı
Albert Eynşteyn 1932-ci ildə "Mənim kredom" adlı kiçik
bir məqalə yazır. Burada alimin dünyaya münasibəti
əksini tapıb. "Mən heç vaxt şəxsi firavanlığa və rifaha
can atmamışam. Hətta müəyyən dərəcədə onlara nifrət
bəsləmişəm. Sosial ədalətə can atmağım, eləcə də hər cür
əlaqə və asılılıqlara mənfi münasibətim məni çox zaman
insanlarla münaqişələrə girməyə məcbur edirdi". Bu
sözlər boşuna deyilməmişdi. Bu fikirlərinin təsdiqi
olaraq Albert Eynşteyn faşist Almaniyasını tərk etmişdi.
O, 1940-cı ildə Amerika vətəndaşlığını qəbul etmişdi.
Onun bioqrafları xatırlayırlar ki, Eynşteyn rəsmi
portretlər üçün şəkil çəkdirməyi sevməzdi, lakin əgər
rəssam ona deyəndə ki, onun şəklini çəkib satmaqla
yaşamaq üçün pul qazanacaq, onda dahi alim rəssam
qarşısında saatlarla hərəkətsiz dayanmağa hazır idi. "Fizikanın
təkamülü" kitabı məhz belə yazılmışdı. Bu kitabda fiziki
formullar yoxdur və o, yalnız Qaliley dövründən
başlayaraq kvantlar əsrinə qədər mövcud olan elmi
ideyaların izahına həsr olunub. Hər cür zorakılığın və
müharibənin əleyhdarı olan Eynşteynin taleyinə Avropada
atom silahının qarşısını almaq kimi bir missiya düşmüşdü.
İkinci Dünya müharibəsi ərəfəsində Avropada vəziyyəti (uranın
parçalanmasının kəşfi, nüvə fizikası sahəsində aparılan
işlərin ictimaiyyətə məlum olması, Çexoslovakiyanın
Almaniya tərəfindən işğalı, uran yataqlarının tapılması)
dərindən təhlil edən alimlər belə bir qənaətə gəlirlər
ki, Almaniya atom bombasının yaradılmasına başlayır.
Elmi ictimaiyyətin xahişi ilə Eynşteyn Amerika
prezidenti Franklin Ruzveltə məktub yazaraq analoji
işlərin Birləşmiş Ştatlarda aparılmasını təklif edir. Bu
məktub öz rolunu oynayıb: baxmayaraq ki, Almaniyada atom
bombasının yaradılması işi dayandırıldı, Amerika atom
bombasını əldə etdi, hətta Xirosima və Naqasakidə
sınaqdan keçirdi. Bu hadisə Eynşteyni sarsıtmışdı. O,
həyatının son günlərinə qədər bu faciədə özünü günahkar
hesab edirdi, baxmayaraq ki, atom bombasının
yaradılmasında bilavasitə iştirak etməmişdi.
Hazırladı: Oruc MUSTAFAYEV |