Bu günlərdə Bakıdakı Cəfər Cabbarlı adına 187 nömrəli
tam orta məktəbdə "Azərbaycan dili dövlət dilimdir,
mənəvi varlığım, qeyrət dilimdir" mövzusunda ədəbi-bədii
gecə keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin məsul işçilərinin, alimlərin,
şairlərin iştirakı ilə keçirilmiş tədbirdə əvvəlcə
qonaqlar məktəbin ayrı-ayrı siniflərində Azərbaycan dili
və ədəbiyyat fənlərindən keçirilmiş "açıq dərs"lərdə
iştirak etmişlər. Məktəbin XI sinif şagirdləri Səməd
Vurğunun "Vaqif" dramının məzmunu" mövzusunda test
suallarını yüksək səviyyədə cavablandırmışlar.
Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən
təcrübəli pedaqoq Böyükxanım Qasımovanın, eləcə də digər
müəllimlərin "açıq dərs"lərdə nümayiş etdirdikləri
yüksək peşəkarlıq qonaqlar tərəfindən xüsusi qeyd
olunmuşdur.
"Açıq dərs"lər başa çatdıqdan sonra məktəbin akt
zalında müəllim və şagirdlərin, valideynlərin,
qonaqların iştirakı ilə "Azərbaycan dili dövlət dilimdir,
mənəvi varlığım, qeyrət dilimdir" mövzusunda dahi
Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870
illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Məktəbin şagirdləri ana dilimizlə bağlı şeirlər söyləmiş,
dahi şairin əsərlərindən müxtəlif səhnələr, tamaşalar
göstərmişlər.
Məktəbin direktoru Nailə Məmmədova çıxış edərək
demişdir ki, hər kəs öz dilini bilməli, öz dilində
sərbəst danışmalı, fikrini qarşı tərəfə səlist
çatdırmalıdır. Dilin tədrisi ilə məşğul olan müəllimlər
doğma dilinə ürəkdən bağlı olmalıdırlar. Zaman-zaman
dilimizin də başına çox müsibətlər gəlib, lakin o
yaşayıb və bu gün də yaşayır.
Ulu öndərimiz Heydər Əliyev ana dilimizə həmişə diqqət
və qayğı göstərib, dilimizin qorunması, yaşaması üçün
böyük xidmətlər göstərmişdir. Azərbaycanın xalq şairi,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri
Söhrab Tahir şagirdlərin hazırladıqları ədəbi-bədii
musiqili gecədən məmnun qaldığını bildirmiş, özünün 23
cildlik seçilmiş əsərlərinin 13 cildini məktəbin
kitabxanasına hədiyyə etmişdir.
Filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə dahi şairimiz Nizami Gəncəvinin əsərlərinin
orijinaldan səsləndirilməsini alqışlamış və tədbirin
yüksək səviyyədə keçməsində məktəbin direktorunun və
müəllimlərin zəhmətini xüsusi qeyd etmişdir.
Respublika Milli Valideyn-Müəllim Assosiasiyasının
icraçı direktoru Təranə Şərifova, Respublika Sabitlik və
İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Fərman
Abdullayev və başqaları istedadlı şagirdlərin üzə
çıxarılmasında məktəb rəhbərliyinin fəaliyyətini yüksək
qiymətləndirmişlər.
Rauf İLYASOĞLU |