Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Tələbələr onun hər dərsini səbirsizliklə gözləyirlər

 

Müasir Azərbaycan cəmiyyətinin və  dövlət quruculuğumuzun formalaşmasında təhsil sisteminin və burada çalışan çoxsaylı dəyərli ziyalılarımızın xüsusi əməyi danılmazdır. Bu sahədə çalışan insanların əməyini, onların elmi-pedaqoji fəaliyyətini və ictimai fikir tariximizdəki yerini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: "Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Onlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır".

Ömrünün 35 ilini şərəfli müəllimlik peşəsinə bağlayaraq gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş müəllimlərdən biri də Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının ümumi elmi fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Mehdixan oğlu Kərimlidir. 1952-ci il iyul ayının 29-da qədim Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində anadan olmuş Tahir Kərimli səkkizillik təhsilini 1959-1967-ci illərdə 1-ci Aşıqlı kəndində almış və təhsilini Beyləqan şəhər 1 nömrəli orta məktəbdə davam etdirərək 1969-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. Bir il istehsalatda çalışdıqdan sonra 1971-1973-cü illərdə həqiqi  hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU)  ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə əyani şöbəsinin 1-ci kursuna daxil olmuşdur. 1973-1977-ci illərdə bu fakültəni "əla" qiymətlərlə oxuyan Tahir Kərimli nəinki fakültənin, eyni zamanda universitetin ictimai-siyasi həyatında həmişə fəallıq göstərmiş, tələbə elmi  cəmiyyətində və həmkarlar təşkilatlarında üzv olmaqla mühüm ictimai vəzifələr icra etmişdir. Təhsilini başa vurduqdan sonra təyinatla işləmək üçün  Şuşa Pedaqoji Texnikumuna göndərilən Tahir Kərimli gələcək həyatını birdəfəlik Şuşa şəhəri ilə bağlamışdır. 1977-1988-ci illərdə Şuşa Pedaqoji Texnikumunda pedaqogika və psixologiya fənlərini tədris etmiş, 1980-1981-ci illərdə Şuşa Mədəni-Maarif Texnikumunda müəllim vəzifəsində çalışmış və eyni zamanda qədim Şuşa şəhərinin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bilik, bacarıq və təşkilatçılıq qabiliyyətini başqa sahələrdə də göstərmiş Tahir Kərimli 1991-ci ildən pedaqoji universitetin Şuşa fakültəsinə (sonralar Şuşa filialı adlandırıldı)  dərs deməyə dəvət olunur. Bir ildən sonra, yəni 1992-ci ildə Şuşa şəhəri erməni-rus hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra ADPU Şuşa filialı Ağcabədi rayonunda məskunlaşır. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti,  ümummilli lider  Heydər Əliyev "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayır və sərəncama əsasən  Şuşa filialının maddi-texniki bazasının əsasında AMİ-nin Ağcabədi filialı yaradılır. Həmin vaxtdan Tahir müəllim əvvəlcə pedaqogika və psixologiya, hazırda isə ümumi elmi fənlər kafedrasına rəhbərlik edir.

AMİ-nin Ağcabədi filialında müəllim və kafedra müdiri kimi çalışdığı illərdə ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Tahir müəllim bu illər təkcə pedaqoji fəaliyyətlə məşğul olmur, həm də 1990-cı illərdən başlayaraq pedaqogikanın tarixinə, nəzəriyyəsinə, təlim və tərbiyə məsələlərinə, pedaqoji işin tədqiqinə, məktəbin ailə və ictimaiyyətlə əlaqəsinə, məktəbşünaslığa, həmçinin Milli Kurikulumun tətbiqinə və icrasına aid çoxsaylı monoqrafiyalar, dərsliklər, dərs və metodik vəsaitlər, proqramlar və məqalələr nəşr etdirir.

Hələ tələbəlik illərində tələbə elmi cəmiyyəti xətti ilə bir sıra maraqlı tədqiqat işlərinə imza atmış Tahir müəllimin professor M.Muradxanovun rəhbərliyi ilə işləmiş olduğu "A.S.Makarenkonun pedaqoji irsinin Azərbaycanda nəşri və tədqiqi" adlı diplom işi gənc tədqiqatçının ən uğurlu işi sayılmış, akademik H.Əhmədov və professor X.Fətəliyev tərəfindən yüksək qiymətləndirilmişdir. 1976-cı ildə professor N.Sadıqovun rəhbərliyi ilə işlədiyi "İbtidai siniflərdə hərfi simvolikanın öyrənilməsi metodikası" adlı tədqiqat işi ali məktəb tələbələrinin 1976-cı ildə keçirilmiş III Respublika konfransında III dərəcəli diploma layiq görülmüşdür.

Bu əsərlər içərisində "Mir Mövsüm Nəvvab Qarabağinin pedaqoji görüşləri", "M.M.Nəvvabın əsərlərinin nəşri və tədqiqi tarixindən" və yenə də "M.M.Nəvvabın təlim-tərbiyəyə aid fikirlərindən pedaqoji prosesdə istifadə imkanları"  adlı monoqrafiya, dərslik və metodik vəsaitlər respublikanın pedaqoji ictimaiyyətinin rəğbətini qazanmış əsərlərdir. Tahir Kərimli 30-dan çox elmi məqalənin müəllifidir. Bundan başqa "N.Gəncəvinin yaradıcılığında tərbiyə məsələləri", "M.M.Nəvvabın əsərlərində sadəlik və təvazökarlıq haqqında", "M.M.Nəvvabın islam dini və islam əxlaqı"  haqqında fikirləri, "Heydər Əliyev və Azərbaycan milli mənəvi dəyərlərin inkişafı", "Müasir Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsi məsələləri" adlı irihəcmli əsərləri də Azərbaycanda maarifçilik fikrinin inkişafına, gənclərin təlim-tərbiyəsinə və milli mənəvi dəyərlərin inkişafına həsr olunmuşdur.

Tahir müəllimin çoxillik, səmərəli, elmi pedaqoji fəaliyyəti onun 2005-ci ildə "M.M.Nəvvab Qarabağinin  pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alması ilə yeni mərhələyə keçir və bundan sonra o, daha irihəcmli əsərlər nəşr etdirməyə başlayır.

O, yaxşı pedaqoq, zəhmətkeş  alim, səmimi insan olmaqla yanaşı, həm də kamil xarakterə malik bir şəxsiyyətdir. O,  işlədiyi kollektivlərdə xüsusi nüfuz sahibi olub və yaxşı mənada ictimai rəy yarada bilən insanlardan biri kimi həmişə seçilib. Onun  xeyirxah əməllərindən ətrafı bəhrələnib, tələbələri və yaxınları bu sadə insanla həmişə fəxr ediblər. Tahir müəllim üçün  vətən, xalq, bütöv və müstəqil Azərbaycanın bu günü və gələcəyindən əziz və müqəddəs olan heç nə yoxdur.

İşlədiyi pedaqoji kollektiv, dostları və tələbələri yaxşı bilirlər ki, tələbələri Tahir müəllimin hər dərsini böyük maraq və həvəslə gözləyirlər. Çünki Tahir müəllim öz borcunu təkcə təlimata uyğun olaraq proqram materiallarını tələbələrə çatdırmaqla kifayətlənməmiş, vaxtilə keçmiş sovet rejiminin ideoloji tələblərinə zidd olsa da, xalqımızın tarixi və taleyi ilə bağlı ciddi problemlərə toxunmuş, gənclərin öyrənməsi qadağan edilmiş ciddi məsələlərə aydınlıq gətirmiş, onların əsl vətəndaş kimi mənəvi cəhətdən formalaşmalarına çalışmış, onlarda milli şüur, milli düşüncə və bütövlükdə azərbaycançılıq ideyasının təşəkkül tapmasında müstəsna rolu olmuşdur.

Hələ keçən əsrin 90-cı illərində Tahir müəllim ermənilərin Qarabağda qeyri leqal fəaliyyət göstərən "Daşnaksütyun" və "Krunq" təşkilatlarının fəaliyyətlərinə qarşı ciddi mübarizə aparmış və məsələyə bütün yaxınlarını, sədaqətinə inandığı və güvəndiyi tələbələrini də cəlb edə bilmişdir.

 Tahir müəllim sözü ilə əməli, peşəsi ilə şəxsiyyəti  üst-üstə düşən  insanlardan biridir. Onun ictimai-siyasi fəaliyyəti də, mədəni-maarif işi və pedaqoji sahədəki fəaliyyəti də bitkin olub. Həmişə Qarabağdan, gözəl Şuşadan danışanda da, yazanda da ağlaya-ağlaya,  yana-yana söhbət açıb. Tahir müəllim vətənimizin nadir incisi Şuşanın qəriblikdə, düşmənin tapdağı altında göz yaşı axıtdığını, hələ ki qisası alınmamış, Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə qanı tökülən igidlərin narahat ruhlarının bizi son döyüşə səslədiyini deyir. Milli ruhumuzu və yaddaşımızı korşalmaqdan və mürgüləməkdən oyadır, qeyrət qılıncımızı təzələyir. Tezliklə könlümüzün keçdiyi Qarabağa  özümüzün gedəcəyimizdən xəbər verir.

Dostları və həmkarları bu insanda bütün müsbət keyfiyyətləri içərisində əsas üç sahənin birləşdiyini xüsusi qeyd edirlər: Yaxşı tədris təşkilatçısı, geniş ümumi və dərin ixtisas biliyinə malik olan ictimaiyyətçi müəllim və yorulmaz tədqiqatçı-alim.

Müxtəlif illərdə Tahir müəllimin əməyi xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. Özünün dediyi kimi, bu mükafatların içərisində ona verilmiş Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı Tahir müəllim üçün onun sadə müəllimlik peşəsinə verilmiş ən yüksək qiymətdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Tahir müəllim 1992-ci ildən məcburi Şuşa köçkünü kimi Ağcabədi rayonunda məskunlaşıb. Onun rayon ictimaiyyəti və ziyalıları arasında və bütövlükdə Qarabağ regionunda çox böyük hörməti var. Bu da onun daim əhali arasında olmasından və bütün ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə bağlıdır. O, YAP-ın üzvüdür və AMİ-nin Ağcabədi filialının həmkarlar təşkilatına rəhbərlik edir. Bu istiqamətdə də əməkdaşların və tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yadda qalan tədbirlər hazırlayıb həyata keçirir.

Şərəfli dövlətçilik tariximiz, ana dilimiz, milli mənəvi dəyərlərimiz, islam dininə qarşı məhəbbət və sevgi Tahir müəllim üçün tükənməz yaradıcılıq mənbəyi, müqəddəs inanc yeri olmaqla, həm də onun ilham mənbəyidir. Ona görə də pedaqoq alim kimi də, filialın ağsaqqallar şurasının sədri kimi də, hər cəhətdən öz müasirlərinə və gələcək nəsillərə nümunə ola biləcək bir insandır.

Hər mənalı insan  ömrü bir salnamədir desək yanılmarıq. Bu baxımdan ömrünün 60-cı baharına qədəm qoyan Tahir müəllimin həyatı  bütün cəhətləri ilə aydın, şəffaf və büllur kimi təmiz, saf və durudur. Ömrünün bu müdrik çağında ona cansağlığı, rahat ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 

Əlizadə NƏCƏFOV,
fəlsəfə doktoru, Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri, 

Şəhla MƏMMƏDOVA,
AMİ-nin Ağcabədi filialının  metodisti

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov