Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Qəhrəmanlar unudulmurlar

 

Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifovun büstü açılmışdır.

Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda  mücadiləsi tarixində şanlı səhifələr çox olmuşdur. Xalqımızın  igid və qəhrəman oğulları bu yolda canlarından keçmiş, həyatlarını qurban vermişlər.

Tariximizin belə  səhifələrindən biri də 1995-ci ilin mart hadisələridir. O dövrdə ümummilli liderimiz Heydər Əliyevin yorulmaz  fəaliyyəti nəticəsində atəşkəsə nail olunması, "Əsrin müqaviləsi"nin imzalanması, dövlətimizin qüdrətinin getdikcə  artmasını gözü götürməyən, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr  dövlət çevrilişinə cəhd etdilər.

Mart ayının əvvəllərində Qazax rayonunda baş verən silahlı toqquşma daha sonra martın 15-də Bakı şəhərində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin dövlət çevrilişinə göstərilən cəhdləri ilə nəticələndi.Qiyamçılarla 3 gün aparılan danışıqlar heç bir nəticə vermədikdə üsyan hərbi güc tətbiq etməklə yatırıldı.Təəssüf ki,o günlər Azərbaycan xalqına qarşı cinayət edənlərin atəşindən, gülləsindən xalqımızın mərd, igid, cəsur övladları da həlak oldular. Onlardan iki nəfəri Roman Yusifov və Samir Zülfüqarov şabranlı idi.

Ölkə Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiklərinə görə  onlara Azərbaycanın Milli Qəhrəmanı adı və "Qızıl ulduz" medalı verilmişdir.

Roman Yusifovun təhsil aldığı 2 nömrəli tam orta məktəb-lisey iftixarla onun adını daşıyır. Milli Qəhrəmanın yaşadığı küçəyə onun adı verilmiş, böyüyüb boya-başa çatdığı evinin qarşısında barelyefi vurulmuşdur.

Qeyd etmək lazımdır ki, Roman Yusifovun məktəbin qarşısında qoyulmuş büstü ötən illərin, müstəqilliyimizin ilk dövrlərinin yadigarı idi və bu abidənin müasir şəkildə yeniləşməsinə ciddi ehtiyac vardı. Məktəbin Valideyn-Müəllim Assosiasiyasının təşəbbüsü və rayon icra hakimiyyətinin  yaxından köməkliyi ilə bu abidənin Milli Qəhrəmanın adına və xatirəsinə layiq olan bir şəkildə yenidən qurulması qısa bir zaman kəsiyində həyata keçirildi. Bu, məktəbin və rayonun fəxri, dövlətçiliyin qorunması yolunda canından keçən Vətən övladının, Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifovun xatirəsinə olan hörmət və ehtiramın nəticəsi idi.

Martın 17-də, Milli Qəhrəmanın şəhid olduğu gündə onun şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirildi. Mərasimə rayon icra hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, məktəb-liseyin müəllim və şagird kollektivi, Milli Qəhrəmanın və məktəbin digər şəhid məzunlarının ailə üzvləri toplaşmışdılar.

Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Rafiq Hüseynov açdı, Azərbaycanın Dövlət himni səsləndirildi.

Sonra məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı G.Rzayeva Roman Yusifovun həyatı və döyüş yolu barədə ətraflı məlumat verdi. Məktəb-liseyin IX "b" sinfinin gənc heydərçiləri Milli Qəhrəmana həsr edilmiş şeirlər söylədilər.

Daha sonra Roman Yusifovun sinif rəhbəri olmuş riyaziyyat müəllimi Nəzifə Əliyeva öz xatirələrini danışdı. Söz Milli Qəhrəmanın anası Kübra Yusifovaya verildi. O, oğlunun xatirəsinin daim əziz tutulduğuna,göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə və məktəbin kollektivinə öz minnətdarlığını bildirdi.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 15-17 mart 1995-ci ildə dövlətçiliyimizin sınağa çəkildiyi tarixi şərait, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və xalqın nümayiş etdirdiyi həmrəylik barədə ətraflı məlumat verdi. O bildirdi ki, bu silahlı toqquşmada həlak olan 32 nəfər döyüşçüdən ikisinin şabranlı olması bu torpağın yetişdirdiyi oğulların Vətənə və dövlətçiliyimizə sədaqətinin nümunəsidir.

Şəmistan Əlizamanlının "İgid əsgər, möhkəm dayan" mahnısının sədaları altında  Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifovun anası Kübra Yusifova büstün üzərindən ağ örtüyü  götürdülər.

Toplantı iştirakçıları büstün önünə gül dəstələri qoydular, Milli Qəhrəmanın valideynləri ilə xatirə şəkilləri çəkdirdilər.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov