Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Tarixi həqiqətlər yaddaşlardan silinməyəcəkdir

 

Martın  29-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş "Tarixi həqiqətlər yaddaşlardan silinməyəcəkdir" mövzusunda elmi-praktik konfrans keçirildi. Əvvəlcə soyqırımı qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə BPKİYİ-nin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov açaraq  soyqırımı haqqında tarixi faktlara söykənən geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidə min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı şəhərində, Şamaxı, Quba və  Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş qətl kimi qiymətləndirilir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırımı siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 94 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və  digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir.

1918-ci il mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kluge yazır: "Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub, sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Kluge ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir.

1918-ci ildə erməni bandaları insanlara qarşı  amansızlıq etdikləri kimi mədəniyyət  və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar.

Ötən əsrdə dörd dəfə -1905-1907, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir. Bu  həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqli olduğuna görə yəqin ki, Ermənistan - Azərbaycan münaqişəsinin ədalətli həlli nəticəsində erməni işğalçılarının torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün olacaqdır.

Konfransda BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov "Tarixi həqiqətlər elmi tədqiqatlarda",  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov "Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymət verilməsi",  BPKİYİ-nin dosenti Allahverdi Eminov "Azərbaycanlıların soyqırımı dərsliklərdə",  BPKİYİ-nin kitabxana müdiri  Güldanə Mehdiyeva "31 Mart  - bu tarixi unutma" mövzularında məruzələrlə çıxış etdilər.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov