Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli,
242 nömrəli əmri ilə təsdiq edilmişdir.
1. Bu "Qaydalar" "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun 13-cü maddəsinin 13.1.4-cü
bəndinə, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin
3.10-cu maddəsinə əsasən hazırlanmışdır və bilavasitə
Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
2. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi
müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil
səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr
üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi
almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
3. Bu "Qaydalar"ın 2-ci bəndində nəzərdə tutulan
şəxslərdən (bundan sonra - eksternlər) ümumi orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı
16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.
4. Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb
olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən,
ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları
üçün bu "Qaydalar" onlara şamil edilmir.
5. Sərbəst (eksternat) təhsilalma forması əsasında
müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil
üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən
eksternlərin ərizələri hər ilin aprel ayı ərzində
yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsində (idarəsində)
qəbul olunur və qeydiyyata alınır.
6. Ərizəsi qeydiyyata alınmış eksternin adı təhsil
şöbəsinin (idarəsinin) müəyyən etdiyi məktəbin
imtahanlara buraxılan şagirdlərinin siyahısına daxil
olunur.
7. Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta
və ya tam orta təhsil səviyyələri üzrə buraxılış
imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin)
təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil olunan aralıq
imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı
("Texnologiya"), təsviri incəsənət, fiziki tərbiyə,
musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı
fənləri istisna edilməklə tədris planındakı imtahan
aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər.
8. Aralıq imtahanlarını aparmaq üçün rayon (şəhər)
təhsil şöbəsi (idarəsi) müdirinin əmri ilə hər fənn üzrə
sədr və üç nəfər müəllimdən ibarət komissiya yaradılır.
9. Aralıq imtahanları hər il mayın 10-dan 20-dək yerli
təhsil orqanının əmri ilə müəyyən edilmiş məktəbdə
əvvəlcədən hazırlanıb təsdiq edilmiş imtahan sualları
əsasında müvafiq komissiya tərəfindən keçirilir.
10. İmtahanların nəticələri protokollaşdırılır, fənn
komissiyalarının sədrləri tərəfindən imzalanır və təhsil
şöbəsinin (idarəsinin) müdirinin imzası və möhürü ilə
təsdiq olunur.
11. Aralıq imtahanlarında müsbət qiymət alan
eksternlərin adlı siyahısı (soyadı, adı, atasının adı)
aşağıdakı sənədlərlə birlikdə rayon (şəhər) təhsil
şöbəsinin (idarəsinin) göndəriş məktubu ilə mayın 25-dək
Təhsil Nazirliyinə təqdim edilir:
11.1. Hər bir eksternin imtahan verdiyi fənlər üzrə
aldığı qiymətlərin cədvəli.
11.2. Eksternin 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkli.
11.3. Eksternin doğum haqqında şəhadətnaməsinin (şəxsiyyət
vəsiqəsinin), ümumi orta təhsil haqqında
şəhadətnaməsinin notarius tərəfindən təsdiq olunmuş
kserosurəti.
12. Aralıq imtahanlarından müvəffəqiyyətlə keçmiş
eksternlər Təhsil Nazirliyinin müəyyən etdiyi imtahan
mərkəzlərində mövcud qaydalar əsasında buraxılış
imtahanı verirlər.
13. Buraxılış imtahanlarından müsbət qiymət alan
eksternlərə ümumi orta və ya tam orta təhsil haqqında
sənəd siyahısına daxil edildiyi məktəb tərəfindən
verilir.
14. Bu "Qaydalar"ın 7-ci bəndində göstərilən fənlərdən
imtahan verilmədiyi üçün ümumi orta təhsil haqqında
şəhadətnamədə və ya tam orta təhsil haqqında attestatda
müvafiq olaraq həmin fənlərin qarşısında xətt çəkilir.
15. Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanlarını eksternat qaydasında vermiş
məzunların təhsil sənədində "bitirmişdir" sözündən əvvəl
"eksternat qaydasında" sözləri əlavə olunur. |