Bakıdakı
87 nömrəli tam orta məktəbdə Azərbaycanın böyük satirik
şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr
olunmuş ədəbi-bədii gecə keçirilib. AMEA-nın əməkdaşı,
folklorşünas Elxan Məmmədli, 226 nömrəli tam orta
məktəbin direktoru Əli Məmmədov, Azərbaycan Mədəniyyət
və İncəsənət Universiteti rejissorluq fakültəsinin
tələbəsi Zarina Quliyeva, 3 nömrəli incəsənət məktəbinin
direktor müavini Elmira Məmmədovanın, valideynlər,
müəllimlər və şagirdlərin iştirak etdikləri tədbiri
şagird-aparıcılar açaraq Mirzə Ələkbər Sabirin həyat və
yaradıcılığı haqqında ətraflı məlumat veriblər. Böyük
şairin yaradıcılığında satirik şeirlərlə bərabər dəyərli
lirik nümunələrinin, uşaqlar üçün şeirlərin də mühüm yer
tutduğu qeyd olunub, lirik şeirlərinin mövzu və üslub
baxımından təsnifatı aparılıb. Aparıcılar çıxışlarında
Sabirin yaradıcılığını yüksək qiymətləndirib onun dövrün
ictimai-siyasi hadisələrinə operativ və tənqidi
münasibət bildirdiyini, satirik əsərlərində zəmanəsinin
eybəcərliklərini, cəhaləti, nadanlığı, özbaşınalığı və
digər mənfi təzahürləri kəskin tənqid etdiyini qeyd
ediblər.
Məktəbin şagirdləri Emin Məmmədov, Samirə Talıbova,
Leyla Mirzəyeva, Elnur Qurbanov, Qismət Mirzəyev, Nigar
Əliyeva, Zemfira Əsgərova şairin şeirlərini söyləyib,
mahnılar ifa ediblər. Şagirdlər habelə M.Ə.Sabirin
satiraları və təmsilləri əsasında hazırladıqları "Olmur
olmasın", "Uşaqdır", "Qoyma gəldi", "Ağacların bəhsi", "Qarğa
və tülkü" səhnəciklərini nümayiş etdiriblər.
Məktəblilərin çıxışları qonaqlarda xoş təəssürat oyadıb.
226 nömrəli tam orta məktəbin direktoru Əli Məmmədov,
tələbə Zarina Quliyeva, 3 nömrəli incəsənət məktəbinin
direktor müavini Elmira Məmmədova şagirdlərin Sabir
haqqında verdikləri məlumatları və ifalarını yüksək
qiymətləndirib, məktəbin Azərbaycan dili və ələbiyyat
müəllimləri Kifayət Məmmədova və Solmaz Nəcəfovanın
köməyi ilə tədbiri yüksək səviyyədə hazırladıqlarını
qeyd ediblər. Tədbirin məktəblilərin bədii-estetik
tərbiyəsində, M.Ə.Sabir yaradıcılığına marağın
artırılmasında rolu vurğulanıb.
Ədəbi-bədii gecəni yekunlaşdıran 87 nömrəli tam orta
məktəbin direktoru Elmira Ələkbərova tədbiri araya-ərsəyə
gətirmək üçün şagirdlərin öz müəllimlərinin rəhbərliyi
altında əsl tədqiqat işi apardıqlarını, Sabirin
yaradıcılığı ilə dərindən tanış olduqlarını, hazırlanmış
ssenarini yüksək məharətlə təqdim etdiklərini bildirib
və onlara təşəkkür edib.
Direktor ölkəmizdə klassik ədəbi irsə göstərilən dövlət
qayğısından söz açıb, rəhbərlik etdiyi tədris ocağında
Azərbaycanın klassik və çağdaş yazıçı və şairlərinin
yubileyləri ilə bağlı müntəzəm tədbirlər keçirildiyini
vurğulayıb, iştirakçılara minnətdarlığını bildirib.
Yusif ƏLİYEV |