Bakının Xəzər rayonundakı şəhid Rəşid Baxışovun adını
daşıyan 218 nömrəli tam orta məktəbin pedaqoji
kollektivi Novruz bayramı ilə əlaqədar xeyriyyəçilik
təşəbbüsü göstərib. Məktəbdə təhsil alan aztəminatlı
ailələrin övladları müəyyənləşdirilmiş və onlara bayram
sovqatı göndərilmişdir. Müəllimlərin iştirakı ilə 60
ailəyə Novruz sovqatı verilmiş, valideynlər pedaqoji
kollektivin adından təbrik olunmuşdur.
Məktəbin direktoru Natavan Əliyeva bildirdi ki, biz
imkansız valideynlərə bayram xonçası göndərmək, onları
hamımız üçün əziz olan Novruz bayramı münasibətilə
təbrik etmək təşəbbüsünü irəli sürəndə pedaqoji
kollektivin bütün üzvləri böyük həvəslə bu təşəbbüsə
qoşuldular. Artıq 60 ailəni Novruz bayramı ərəfəsində
sevindirmişik.
Qeyd edək ki, pedaqoji kollektiv buna qədər daha bir
neçə xeyriyyəçilik tədbiri həyata keçirib. Aztəminatlı
ailələrdən olan 15 şagirdin bütün məktəbli ləvazimatı da
pedaqoji kollektivin səyi ilə alınıb. Sevindirici haldır
ki, xeyriyyəçilik işlərində məktəbin bütün kollektivi
iştirak edir. Artıq bu, məktəbdə ənənə halını alıb.
218 nömrəli tam orta məktəb ötən əsrin 70-ci illərindən
fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 1176 yerlik məktəb binası tikilərək şagirdlərin və
pedaqoji kollektivin ixtiyarına verilmişdir. Ötən dərs
ilində möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
iştirakı ilə ən müasir avadanlıqlarla təmin olunmuş
məktəbin açılışı olmuşdur. Pedaqoji kollektiv də öz
fəaliyyəti və xeyriyyəçilik təşəbbüsləri ilə onlara
göstərilən diqqət və qayğını, etimadı doğruldur.
Əliqismət BƏDƏLOV |