Son
illər ölkəmizdə təhsil sistemində İKT infrastrukturunun
inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya
standartları səviyyəsinə çatdırılması prioritet
istiqamətlərdən birinə çevrilmiş, bu məqsədlə müxtəlif
layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Bütün bunlar isə təbii ki, İKT-nin təlim prosesinə
tətbiqinə də əlverişli şərait yaratmış və nəticədə İKT
müasir təlimin ayrılmaz atributuna çevrilmişdir. Hazırda
ölkəmizin təhsil müəssisələrində çalışan müəllimlərin
böyük qismi təlim prosesində, dərslərində İKT
vasitələrindən, İnternet resurslarından istifadə edir,
bu sahədə yaradıcı təcrübə nümayiş etdirirlər. Belə
müəllimlərimizdən biri Bakının Xətai rayonundakı 264
nömrəli məktəb-liseyin fizika müəllimi Aliyə Səlimovadır.
Ömrünün 40 ilini böyüməkdə olan nəslin təlim-tərbiyəsinə,
təbiət qanunlarının dərkinin açarı sayılan fizika
fənninin tədrisinə həsr edən, yaradıcı fəaliyyəti ilə
tədris etdiyi fənnin metodikasına bir sıra yeniliklər
gətirən bu təcrübəli müəllim hazırda nəinki Xətai
rayonunda, eləcə də paytaxtımızda İKT-ni tədrisə
ustalıqla inteqrasiya edən, elektron dərsliklərdən
məharətlə faydalanan, özü elektron resurslar
hazırlayaraq dərslərində geniş istifadə edən bacarıqlı
pedaqoq kimi tanınır. Onun yaradıcı müəllim kimi
həmkarları arasında nüfuz qazanmasında, şübhəsiz, daim
təhsildə gedən yeniliklərlə maraqlanması, onları
öyrənməsi, öz metodiki arsenalını yenilikçi
axtarışlarının nəticələri olan müxtəlif metod vət
üsullarla zənginləşdirməsi, dərslərini müasir təlimə
verilən tələblər səviyyəsində qurması mühüm rol oynayıb.
Aliyə Səlimova çalışdığı məktəbdə interaktiv metodları,
İKT-ni tədrisə ilk tətbiq edən fizika müəllimlərindən
sayılır. O, 264 nömrəli məktəb-liseydə zəngin fizika
kabineti yaradıb. Kabinet müasir televizor, kompüter,
MİMİO qurğusu, interaktiv lövhə, proyektor, DVD və digər
vasitələrlə təchiz olunub. Müəllimin köməyi ilə
şagirdlər disklərdə müxtəlif təqdimatlar hazırlayıb
dərsdə nümayiş etdirirlər ki, bu da onlarda fizika
fənninə marağı artırır.
Ümumiyyətlə, şagirdlərdə təhsilə, təlimə maraq
yaradılması Aliyə Səlimovanın təcrübəsində ən çox diqqət
yetirdiyi məsələlərdəndir. Çünki təcrübəli pedaqoq bilir
ki, dərketmə prosesinə gedən yol maraqdan keçir və
şagirdlərin idrak fəallığını təmin etmək, yaradıcı
təfəkkürlərini inkişaf etdirmək üçün onlarda təhsil-təlimə,
təlimin əsas təşkilat forması olan dərsə, təlim
prosesində yaradıcı fəaliyyətə güclü maraq yaratmaq
lazımdır. Belə marağın yaradılması yollarının axtarışı
fəaliyyətə başladığı 1972-ci ildən bəri onun bütün elmi-metodik
fəaliyyətinin əsas istiqamətinə çevrilmiş, 40 illik
pedaqoji fəaliyyəti dövründə onun bir sıra uğurlara imza
atmasını şərtləndirmişdir.
1950-ci ildə Neftçala şəhərində anadan olan, 1967-ci
ildə Salyan şəhər 1 nömrəli orta məktəbi gümüş medalla,
1972-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki
BDU) bitirən Aliyə Səlimova ilk əmək fəaliyyətinə Salyan
şəhər 1 nömrəli məktəbdə başlamış, 1972-ci ildən 1978-ci
ilədək burada fizika müəllimi işləmişdir. Bu 6 illik
müddət kifayət etmişdir ki, Aliyə müəllim fizikanın
tədrisi sahəsində güclü mütəxəssisləri və zəngin
ənənələri olan Salyan təhsilində ad çıxarsın və fərqlənə
bilsin. Artıq rayonda yaxşı fizika müəllimi kimi tanınan
Aliyə müəllim 1978-ci ildə işlədiyi məktəbə direktor
müavini, 1982-ci ildə isə direktor təyin olunmuşdur.
1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya köçən
Aliyə müəllim həmin ilin oktyabr ayından bütün sonrakı
fəaliyyətini buradakı 264 nömrəli məktəblə bağlamışdır.
1984-cü ildən kiçik fasilələrlə 2007-ci ilədək bu təhsil
ocağında direktor müavini işləmişdir. İşlədiyi müddət
ərzində həmişə ön cərgədə olmuş, təhsildə gedən
yeniliklərlə müntəzəm maraqlanmış, onları işində və
dərslərində tətbiq etmişdir.
Təcrübəli müəllim A.Səlimova gənc müəllimlərə həmişə
kömək göstərmiş, öz metodik ustalıqlarını artırmaq üçün
onlara dəyərli məsləhət və tövsiyələrini vermişdir.
Çoxillik pedaqoji fəaliyyəti, elmi-metodik istiqamətdə
axtarışları yüksək qiymətləndirilən A.Səlimova dəfələrlə
müxtəlif təşkilatların, təhsil qurumlarının fəxri
fərmanları ilə, diplomlarla təltif olunmuş, 2000-ci
illərin əvvəllərində keçirilən pedaqoji mühazirələrin, "İlin
ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.
Yaşının 60-ı ötməsinə baxmayaraq, Aliyə müəllim bu gün
də təhsilimizin öncülləri sırasındadır və müasir təlim
texnologiyalarının tədrisə tətbiqi sahəsində nəinki
yaşlı həmkarlarına, həm də gənc müəllimlərə əsl örnək
göstərir.
Ötən ilin may ayından başlayaraq Aliyə Səlimova elmi-metodik
axtarışlarını yeni istiqamətdə davam etdirir, fizikanın
ayrı-ayrı mövzuları üzrə elektron dərslər hazırlayır,
dərslərində istifadə etmək üçün İnternet resursları
toplayır. İndiyədək o, məktəb-liseydə İKT-nin tətbiqi
ilə silsilə "açıq dərs"lər vermiş, bu sahədəki
təcrübəsini həmkarlarına çatdırmışdır.
8 mart - Beynəlxalq Qadınlar günü ərəfəsində isə 264
nömrəli məktəb-liseydə BŞTİ Metodik Mərkəzinin təşəbbüsü
ilə əsasən A.Səlimovanın təcrübəsi ilə tanışlığa həsr
olunmuş Xətai rayonundakı ümumtəhsil məktəblərinin
fizika fənni üzrə metodbirləşmə sədrlərinin seminarı
keçirilmişdir. Seminarı Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Metodik Mərkəzinin Xətai-Suraxanı bölməsinin fizika üzrə
metodisti Vaqif Bayramov açaraq "İKT-nin dərslərdə
tətbiqi, elektron dərslərdən istifadə, İnternet
resurslarının hazırlanması" mövzusunda çıxış etdi. O,
çıxışında İKT-nin təhsilə tətbiqi istiqamətində son
illər ölkəmizdə görülən işlər haqqında geniş məlumat
verərək bu sahədə müəllimlərin, o cümlədən fizika
müəllimlərinin qarşısında duran vəzifələrdən danışdı.
Sonra metodbirləşmə sədrləri 264 nömrəli məktəb-liseyin
direktor müavini, ixtisasca fizika müəllimi olan Mehdi
Həsənovun "İKT-dən fizika dərslərində istifadə etməyin
yolları" adlı məruzəsini dinlədilər. Məruzədə İKT-nin
tətbiqi ilə keçilən dərslərin üstünlükləri diqqətə
çatdırıldı.
Seminarın praktik hissəsində isə təcrübəsi öyrənilən
Aliyə Səlimova İKT-nin tətbiqi ilə keçdiyi dərslər
haqqında təqdimatla çıxış etdi. O, seminar
iştirakçılarına son vaxtlar MİMİO qurğusu vasitəsi ilə
keçdiyi "Sabit elektrik cərəyanı", "Ağırlıq qüvvəsi", "Səs
dalğaları", "Nyuton qanunları" mövzularında dərsləri
nümayiş etdirdi.
"Sabit elektrik cərəyanı" mövzusunu tədris etmək üçün
A.Səlimova İnternet resurslarından istifadə etməklə 25
slayddan ibarət elektron dərs hazırlamışdır. Həmin
slaydları interaktiv lövhədə nümayiş etdirməklə dərsi
necə aparması, motivasiya üçün şagirdlərə hansı sualları
verməsi, onların verdiyi cavabların düzgünlüyünün necə
müəyyənləşdirilməsi, düsturların necə çıxarılıb,
qrafiklərin necə qurulması, mövzu ilə bağlı tətbiqi
xarakterli hansı tapşırıqlardan istifadə olunması,
klasterlə necə iş aparması, tərtib olunmuş krossvordlar
üzərində şagirdlərin necə işləməsi və s. kimi dərslərin
bütün mərhələlərində apardığı iş barədə geniş məlumat
verərək keçdiyi dərsin aydın mənzərəsini yaratdı. Digər
mövzularda dərslər də bu qayda ilə seminar
iştirakçılarının diqqətinə çatdırıldı. Sonra A.Səlimova
həmkarlarının suallarını cavablandıraraq onları
maraqlandıran ayrı-ayrı məqamlara aydınlıq gətirdi.
Seminarda söz alan metodbirləşmə sədrləri A.Səlimovanın
İnternet resurslarından istifadə yolu ilə hazırladığı
elektron dərsləri yüksək qiymətləndirdilər və onun
yayılmasını tövsiyə etdilər.
Yusif ƏLİYEV |