BDU-nun
filologiya fakültəsi dünya ədəbiyyatı kafedrasının
professoru, filologiya elmləri doktoru Əmirxan Məhərrəm
oğlu Xəlilovun bu günlərdə 75 yaşı tamam oldu. Ə.M.Xəlilov
1970-ci ildən Bakı Dövlət Universitetində çalışır. O,
1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və
professor vəzifəsini tutmuşdur. Moskva, Riqa, Daşkənd
şəhərlərində konfranslarda çıxış etmiş, Azərbaycan
ədəbiyyatının təbliğində fəal iştirak etmişdir. 1975-76-cı
illərdə bir neçə dəfə Daşkənd Universitetində
mühazirələr oxumuşdur. Professor Ə.Xəlilov
universitetdə işlədiyi müddətdə 15 kitab və 200-dən çox
elmi-ədəbi məqalə çap etdirmişdir. 2011-ci ildə onun
yeni dərs vəsaiti "Dünya ədəbiyyatı (I cild, 450 səh.)"
tələbələrin istifadəsinə verilmişdir. O, ədəbi
fəaliyyətinə görə "İti qələm", "Qızıl qələm" və "Məmməd
Araz" mükafatlarını almışdır. Professor Ə.Xəlilov
çalışdığı müddət ərzində professor-müəllim kollektivinin
dərin hörmətini qazanmışdır, tələbələr arasında xüsusi
nüfuza malikdir. O, universitetin və fakültənin ictimai
işlərində fəal iştirak edir.
Uzun illərdir ki, dünya və şərqi slavyan ədəbiyyatından
mühazirələr oxuyan professor Əmirxan Xəlilov ali məktəb
tələbələri üçün yazılmış "Rus sovet ədəbiyyatı tarixi"
(1976), "XX əsr rus ədəbiyyatı tarixi" (1992)
dərsliklərinin əsas müəlliflərindən biridir. Habelə
"Aleksandr Blok" (1980), "Sergey Yesenin: Mərdəkanın
payızı və yazı" (1996) və s. kitabların müəllifi kimi
özünü yaxşı tanıtmışdır.
Azərbaycanın müstəqilliyi dövründə o, haqlı olaraq əsas
diqqətini milli ədəbiyyatımızın tədqiqi və təbliğinə
daha çox yönəltmişdir. Bir-birinin ardınca nəşr olunan "Günəşi
içirik, günəşlənirik" (2001), "Məmməd Araz dühası"
(2002), "Ə.Kürçaylı" (2003), "Olimpə gedən yolda" (2005)
kitab-monoqrafiyaları dediyimizə sübutdur.
Milli ədəbi-ictimai və estetik şüurun hərəkətinə
bilavasitə təsir göstərən, ona istiqamət verən Məmməd
Araz kimi sənətkar-mütəfəkkirlər ədəbiyyatımız üçün
tükənməz xəzinədir. M.Araz bir sənətkar kimi,
yaradıcılıq qüdrətini 60-70-ci illərdən başlayaraq
göstərməyə başlamış və poeziyamıza yeni ab-hava
gətirmişdir. 80-90-cı illərdən etibarən artıq o, şair-mütəfəkkir,
milli ideoloq kimi şöhrət qazanmışdır. Onun bir çox
əsərləri, xüsusilə son illərdə nəşr olunan dördcildlik "Seçilmiş
əsərləri" Azərbaycan oxucularının stolüstu kitabına
çevrilmişdir.
"Məmməd Araz dühası" monoqrafiyası ilə professor
Ə.Xəlilov Azərbaycan ədəbi-tənqidinin -
ədəbiyyatşünaslığının böyük şairin yaradıcılığı barədəki
mülahizələrini ümumiləşdirməklə, sözün həqiqi mənasında,
bütöv əsər-kompleks yaratmağa çalışmışdır. Bunun
nəticəsidir ki, monoqrafiyada sənətkarın yaradıcılıq
tərcümeyi-halı, düşüncə metafizika, üslub-stilizasiya
imkanları, təfəkkür plastikası kifayət qədər aydın
təsəvvür yaradır. Kitab müəllifi M.Araz yaradıcılığına
sənətin ədəbi dəyərləri mövqeyindən qiymət verməklə
yanaşı, onu milli-ictimai fikrin müasir tələbləri
baxımından araşdırıb nəticələr çıxarmağa cəhd edir və
həmin cəhd bir daha sübut edir ki, M.Araz kimi
mütəfəkkir sənətkarlar həmişə müasirdirlər, onların
yaradıcılığı zamanın "şıltaqlıqlarına", müxtəlif fikir
cərəyanlarının təzyiqinə həmişə davam gətirir.
Monoqrafiya müəllifi şairin gözəl fikirləri, qeyri-adi
və mükəmməl poetikası qarşısında yalnız öz heyranlığını
bildirməklə kifayətlənmir, həmçinin professional
ədəbiyyatşünas təfəkkürün imkanları daxilində dürüst
analitik şərh verməyə çalışır. Bir mühüm məziyyət də
budur ki, kitab müəllifi Azərbaycan ədəbi-ictimai
fikrinin böyük şair haqqındakı mülahizələrini heç bir
subyektivliyə yol vermədən panoramlı bir şəkildə tədqiq
etməklə şairin milli təfəkkürdəki obyektiv obrazını
yaradır. Tədqiqatçı Məmməd Arazı yalnız elmi təhlil
prizmasından deyil, həm də bədii-fəlsəfi təfəkkürün
bilavasitə ifadəsi olan "söz çələngi" və müasirlərinin
şairə həsr edilmiş şeirləri ilığında təqdim etmişdir.
"Ə.Kürçaylı" monoqrafiyası isə mərhum gözəl şairimiz
Əliağa Kürçaylının yaradıcılığına həsr olunmuşdur.
Ə.Xəlilov bəlkə də ilk dəfə şairin ümumi yaradıcılıq
yolunu məhz bu əsərində böyük sevgi ilə təqdim etməyə
çalışmışdır.
Ə.Kürçaylı, məlumdur ki, 60-cı illər ədəbiyyatını öz
ədəbi töhfələri ilə zənginləşdirən bir şair idi. Onun
şeir kitabları, ictimai-siyasi məzmunda poemaları
poeziyamıza yeni poetik notlar, rənglər, ilmələr
gətirmişdir. Tədqiqatçı haqlı olaraq kitabın birinci
fəslini şairin çağdaş şeirimizdəki mövqeyinə həsr
etmişdir. Kürçaylı poeziyasının özünəməxsusluğu,
sənətkarlıq xüsusiyyətləri, S.Vurğun ənənələrinə sadiq
qalması və həmkarları arasında orijinallığı ilə
seçilməsi poetik misallar əsasında araşdırılır. İkinci
fəsildə şairin 20-yə qədər poemasının ilk dəfə müfəssəl
təhlil edilməsi diqqəti cəlb edir. Bu poemaların ictimai-siyasi
dəyəri sələflərinin əsərləri ilə müqayisədə təhlildən
keçirilir. Şairin yüksək vətəndaşlıq mövqeyindən yazılan,
humanizm duyğuları ilə aşılanmış lirik-epik əsərləri öz
aktuallığını bu gün də qoruyub saxlamaqdadır.
Ə.Kürçaylı bədii tərcümə yaradıcılığı ilə də ciddi və
ardıcıl məşğul olmuşdur. Monoqrafiya müəllifi şairin
S.Yesenindən, V.Mayakovskidən, K.Simonovdan, A.Dantedən
dilimizə etdiyi tərcümələri tədqiqata cəlb etmiş,
paralellər, müqayisələrlə məziyyət və qüsurları üzə
çıxarmışdır. Xüsusilə Yeseninin "Anna Snegina", "Qadına
məktub", "Anama məktub", "İran nəğmələri", "Şahanə",
"Əlvida, Bakı!" və s. əsərləri barədə deyilən
mülahizələr daha çox maraq doğurur. Rus şairinin kənd
mövzusunda yazdığı əsərlərlə S.Vurğunun ilk əsərləri
arasında poetik müqayisələr və müşahidələr elmi
qənaətlər və mülahizələrlə təsdiq və təsbit olunur.
Kitabda maraqlı səhifələrdən biri K.Simonovun "Gözlə
məni" məşhur şeirinin dilimizə beş tərcüməsi barədə
aparılan təhlil və müqayisələrdir. Kürçaylının bu
tərcüməsini orijinalın məzmun və forma vəhdətini
qoruyub-saxlaması ilə fərqləndirən və qiymətləndirən
kitab müəllifi, zənnimcə, düzgün nəticə çıxarmışdır.
Ə.Xəlilovun yeni kitabı xalq şairimiz Zəlimxan Yaqubun
yaradıcılığına həsr olunmuşdur.
Bəri başdan deyək ki, "Olimpə gedən yolda" adlandırılan
bu kitab-monoqrafiya yüksək zövqlə tərtib olunmuşdur.
Zəlimxan Yaqub, mənim zənnimcə, Azərbaycan ədəbiyyatının
səmasında ildırım kimi çaxdı, günəş kimi parladı. Gur
səsi, poetik enerji ilə şeiri geniş meydanlara, böyük
auditoriyaya çıxardı. Ruhundan cisminə qədər şair olan
Z.Yaqub yalnız "öz şeirini" yazıb oxumaqla kifayətləndi,
nə qədər böyük istedad sahibi olsa da, yalnız özündən
demədi, klassik poeziya xəzinəsinə yiyə durdu, ustadları
özündə ehtiva etdiyinə görə özü də ustalaşdı. Kitab
müəllifi çox düzgün olaraq qeyd edir ki, Z.Yaqub
poeziyası sevgidən, məhəbbətdən, Dədə Qorqud, Dədə
Şəmşir, Yunis İmrə, Aşıq Ələsgər, S.Vurğun poeziyasından
güc aldığına görə qüdrətlidir. "Bəlkə də sevda, məhəbbət
bitər", bu poeziyanın isə sonu görünməz, solmaz və
sönməz. Hələ üfüqlər dalınca üfüqlər gəlir. Z.Yaqub
poeziyasının üfüqləri. Üfüqlər isə yollar kimidir,
bitməz, tükənməz... "Zənnimcə, bir qədər emosiya,
aludəçiliklə deyilsə də, tədqiqatçı reallığı, həqiqəti
ifadə etmişdir. Zəngin şifahi və yazılı ədəbi ənənələri
müasir dövrdə qürurla danışmağı bacaran Z.Yaqub
Azərbaycan ədəbi-bədii düşüncəsinin, estetik fikrinin
qarşısında həqiqətən yeni bir meydan açdı. Məhz elə buna
görə ondan kitablar, tədqiqatlar yazmağın vaxtı çoxdan
çatmışdır. Professor Əmirxan Xəlilovun zəmanəmizin bu
böyük şairinə müraciət etməsini yalnız alqışlamaq olar.
Çünki Z.Yaqubdan yazmaq yalnız Allahın böyük istedadı,
mənəvi, ruhi zənginlik bəxş etdiyi, öz lütfi ilə
mükafatlandırdığı bir bəşər övladından yazmaq deməkdir.
Mənim də iştirak etdiyim görüşlərdə, məclislərdə
Zəlimxan oda, alova dönür, Azərbaycan sözünü, ədəbiyyatı
və mədəniyyətini elə bir ehtirasla təbliğ edir ki, mən
belə bir sözün, ədəbiyyat və mədəniyyətin az-çox
daşıyıcısı olaraq milli mənəvi qürur və xalqımızın belə
söz ustası olmasından əsil fəxarət duyuram.
Kitabın "Zəlimxan Yaqub və çağdaş şeirimiz" fəslində
Ə.Xəlilov şairin lirikasının əsas məziyyətlərindən,
habelə onun ədəbiyyatımızdakı mövqeyindən inandırıcı
dəlillərlə danışır. İctimai-siyasi mövzularla yanaşı,
məhəbbət, gözəllik mövzusunda da incə, zərif şeirlər
yazan Z.Yaqubu layiqincə qiymətləndirən müəllif onun
əsərlərindən konkret misallar gətirməklə öz elmi
qənaətlərini sübuta yertirə bilir.
Monoqrafiya müəllifinin dəqiq müşahidələrindən birini
oxucuların nəzərinə çatdırıram: "Şeirin hər növündə
əsərlər yazmaq mümkündür və doğrudan da yazılır. Lakin
poeziyanın ən incə, kövrək, həzin və müdrik qolu olan
bayatı yazmaq və gözəl, mənalı yazmaq oğul işidir.
Z.Yaqub məhz bu çətin, şərəfli janrın da qabil
yaradıcısı olduğunu sübut etdi. Zərdə zərgər, sözdə
sərraf nədir və kimdirsə, bayatı "zəmisində" də Zəlimxan
odur. Bayatının rəngarəng, ətirli çələngini yaratmaq
əsil şair hünəridir. Dünya ilə, həyatla cidala çıxanda
isə o, həqiqi cəngavərə dönür. Vətəndaş-şair missiyasını
yaşamaq-yaratmaq eşqində görür:
Məni öldürən həyat,
nifrət edirəm sənə!
Məni yaşadan ölüm,
hardasan, tez gəlsənə!..
"Yaşamaq gözəldir, yaratmaq pək gözəl!" deyən sələfi,
filosof - şair H.Cavid də məhz bu ideala sadiq
qalmışdır.
Sərrast deyilmiş bu fikrə onu da əlavə etmək lazımdır ki,
Z.Yaqub sağlam, büllur kimi saf bir Azərbaycan
türkçəsinin şairidir. Onun şeirlərində, söhbət -
çıxışlarında ana dili təbii axarı ilə elə poetik güc,
elə möhtəşəm müdriklik ifadə edir ki, həmin gücün,
müdrikliyin yalnız bir şair - mütəfəkkirin ürəyinə,
beyninə sığışdığını təsəvvür etmək çətindir. Onun
yaradıcılığının cövhərində, mayasında ilahi istedadın
enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə
olmasaydı, o, Zəlimxan Yaqub olmazdı!.. O, yaradıcılıq
imkanlarının genişliyi, istedadının təbii sonsuzluğu ilə
ana dilinə - Azərbaycan türkcəsinə onun öz materialından
elə bir abidə yaradır ki, bu abidə, bu üsul -
texnologiya yalnız ona aiddir. O, öz simasında xalq
dilinə cəsarətlə "rəsmi status" verə bilmişdir.
Tədqiqatçı haqlı olaraq qeyd edir ki, indi Z.Yaqubun
səsi dünyanın müxtəlif ölkələrindən gəlir, tribunaları
titrədir, auditoriyanı heyran qoyur. Coşqun səsi, nəfəsi
ilə, mənalı, ürəyəyatımlı şeirləri ilə oxucuları,
dinləyiciləri vəcdə gətirir, poeziyamızı sevərək
sevdirir. "Eşqi başa tac bilib, hər dərdə əlac bilib,
sevgini merac bilib, göylərə varan mənəm" deyən şairin
qəlbi həqiqətən "sazla havalıdır, sözlə doludur".
Borçalı torpağının adına şərəf-şöhrət gətirən Zəlimxan
Yaqub eyni zamanda bu torpağın sayəsində yetişən, sazlı-sözlü
adamların xeyir-duası ilə böyük şeir dünyasına qovuşan
şəxsiyyətdir".
Əmirxan Xəlilov öz kitabında "Şairin poemaları haqqında
bir neçə söz" fəslində ilk dəfə olaraq onun "Böyük ömrün
dastanı", "Əlli yaşın dastanı", "Yurd ağrısı", "Haqq-ədalət",
"Qurtuluş dastanı" kimi əsərləri təhlil edərək düzgün
elmi qənaət və nəticələrə gəlir. Məsələn, kitabın bir
yerində qeyd edilir ki, poetik əsər üçün həcm
ümumiyyətlə heç vaxt təyinedici amil olmamalıdır. Əsas
məsələ mətləbdir. Nədən yox, necə yazmaqdır. Bax, bu "necə"yə
Z.Yaqub həmişə daha çox diqqət yetirir. Özünün yığcam
poemalarında şair dərin, ağrılı məsələləri çox lakonik,
mənalı bir tərzdə ifadə etmişdir. Az sözlə çox fikir
ifadə etməkdə, onun demək olar ki, bütün poemaları
fərqlənir. Əsl şairin də hünəri ondadır ki, onun şeir və
poemalarında "söz üçün meydan dar, məna, fikir üçün
geniş olsun...". Şairin lirik şeirində olduğu kimi,
poemalarında da Sabir yanğısı, Vurğun nəfəsi açıq-aşkar
duyulur.
"Olimpə gedən yolda" kitabındakı sonrakı fəsillər "Söz
haqqın yaraşığı, eşqim Allah işığıdır" başlığı altında
verilmişdir. Buradakı bölmələr şairə həsr olunmuş
şeirləri, şair haqqında deyilənlərdən qısa sətirləri,
şairin həyatından fraqmentləri, əlamətdar günlər və çap
olunmuş kitabları əhatə edir. Maraqlıdır ki, "Şahanə
misralar, müdrik deyimlər" bölməsinə şairin 500-dən çox
misra və beyti daxil edilmişdir. Aşıq Şəmşir, Hüseyn
Arif, Xəlil Rza Ulutürk, Sönməz, Mikayıl Azaflı, Osman
Sarıvəlli, Hacı Sədrəddin Xəlilov, Aşıq Kamandar, Barat
Vüsal kimi şəxslərin şairə həsr etdikləri şeirlər
Z.Yaqubun hansı mərtəbəyə ucalmağından xəbər verir.
Professor Əmirxan Xəlilovun bu kitabları şairə, sözə,
şeirə bəslədiyi böyük məhəbbətdən yaranmışdır.
İnanıram ki, Məmməd Araz, Əliağa Kürçaylı barədə
tədqiqatçının yazdığı kitablar mətbuat səhifələrində
geniş təqdir olunduğu kimi, "Olimpə gedən yolda" əsəri
də layiqli qiymətini tapacaqdır.
Bu günlərdə Azərbaycan Respublikası təhsil nazirinin
əmri ilə BDU-nun dünya ədəbiyyatı kafedrasının
professoru, filologiya elmləri doktoru Əmirxan Xəlilov
yüksək ixtisaslı kadrların hazırlanması sahəsində
uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və
anadan olmasının 75 illiyi münasibətilə Təhsil
Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil
işçisi" döş nişanı ilə təltif edilib.
Əmirxan müəllimi 75 yaşının tamam olması münasibətilə
təbrik edir, həmişə cavan kimi gördüyümüz əziz
müəllimimə yenə də eyni gənclik eşqi ilə yazıb-yaratmağı
arzulayıram.
Nizami CƏFƏROV,
AMEA-nın müxbir üzvü,
Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru,
əməkdar elm xadimi, professor |