Bakının
Nəsimi rayonundakı Texniki Humanitar Liseydə "Elimizə
Novruz gəlir" adlı bayram tədbirindən əvvəl şagirdlərin
Novruza həsr etdikləri divar qəzetlərinə və müxtəlif
bayram şirniyyatlarına, "Bahar" rəsm sərgisinə baxış
keçirildi.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Ellada
Qasımova iştirakçıları bayram münasibəti ilə təbrik etdi.
Milli ruhda bəzədilmiş səhnədə al-əlvan geyinmiş
şagirdlərin əllərindəki səməni, nərgiz gülü baharın
gəlişindən xəbər verirdi. Onlar növbə ilə bahar bayramı
haqqında şeirlər, mahnılar ifa etdilər. Novruz
bayramının tarixindən, su, od, yel, torpaq
çərşənbələriylə bağlı adət-ənənələrindən, mərasimlərdən
söz açdılar.
Milli geyimdə şagirdlərin ifasında rəqs nömrələri
göstərildi. Tonqala od vuruldu. Ağ atın üstündə Bahar
qızı meydana gəldi. Şənliyi daha da maraqlı və
yaddaqalan edən Bahar qızı iştirakçıları Novruz bayramı
münasibəti ilə təbrik etdi. Xalqımıza sülh və əmin-amanlıq,
bol ruzi-bərəkət arzuladı. Novruzun əsas
atributlarından olan Kosa ilə Keçəlin duzlu, məzəli
çıxışları və rəqsləri şagirdlərdə yazla qışın görüşü
təəssüratını yaratdı.
Rəşad ZİYADOV |