Bu
günlərdə Bakıdakı 236 nömrəli tam orta məktəbdə
xalqımızın sevinc və şadlıq bayramı olan Novruza həsr
olunmuş tədbir keçirildi. Tədbir məktəbin IX sinif
şagirdləri və təşkilatçı müəllimləri tərəfindən
hazırlanmışdı.
Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Xanlar
İmaməliyev iştirakçıları bayram münasibəti ilə təbrik
etdi. O, xalqımızın milli bayramı olan Novruzun tarixinə
nəzər salaraq bildirdi ki, bu bayram əsrlərin
qaynağından süzülüb gələn, yaddaşlarda kök salan qədim
el bayramıdır. Bu milli bayramımızın indi dövlət
səviyyəsində geniş qeyd olunması Azərbaycanın
müstəqilliyinin bəhrələrindəndir.
Sonra doqquzuncuların fizika fənni üzrə bilik yarışı
başlandı. Novruz bayramına həsr olunan yarışda IX "e"
sinfinin "Elm" komandası ilə IX "d" sinfinin "Dostluq"
komandası maraqlı proqramla çıxış etdilər. Hər iki
komanda bu bilik yarışında fəal iştirak etsə də, ixtisas
müəllimlərindən ibarət münsiflər heyətinin qərarı ilə "Dostluq"
komandası qalib elan olundu və bu komanda Səngəçal
terminalının nəzdindəki muzeyə ekskursiya etmək şansı
əldə etdi. Eyni zamanda məktəbin fizika müəllimi
Qıztamam Yaqubovanın rəhbərliyi ilə hazırlanmış bu yarış
proqramı öz intellektual səviyyəsinə, şagirdlərin bilik
və bacarığından məharətlə istifadə edildiyinə görə böyük
marağa səbəb oldu və münsiflər heyəti tərəfindən yüksək
dəyərləndirildi.
Bu bahar təravətli tədbirdə şagirdlər Novruzla bağlı
müxtəlif səhnəciklər və əyləncəli oyunlar göstərdilər.
Mahnılar oxundu və şeirlər söyləndi. Sonra Novruzun əsas
atributları olan Kosa ilə Keçəl öz məzəli çıxışları ilə
tədbir iştirakçılarında xoş ovqat yaratdılar.
Ədalət DAŞDƏMİRLİ |