Bakıdakı
83 nömrəli məktəb-liseydə bayram şənliyi çox məzmunlu
və maraqlı təşkil olunmuşdu. Məktəblilərin yaz tətili
Novruzdan bir neçə gün əvvəl başlandığından bayram
şənliyi ilaxır çərşənbəyə salınmışdı. Ona görə şənliyə
toplaşanlar həmin gün iki bayramın sevincini yaşadılar.
Məktəbin həyətində təşkil olunmuş bayram şənliyində
məktəbin pedaqoji və şagird kollektivi ilə yanaşı,
Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə Təhsil
İdarəsindən nümayəndələr, məktəb direktorları və KİV
təmsilçiləri iştirak edirdilər. Meydanda dairəvi
düzülmüş şagirdlərin əlində xonçalar və səmənilər var
idi. Bayram tonqalının yanında xalçanın üstündə oturmuş
şagirdlər növbənöv bayram şirniləri hazırlayırdılar.
Mərasimi məktəb-liseyin direktoru Yaqut Sadıqova açaraq
şənlik iştirakçılarını Novruz bayramı münasibəti ilə
təbrik etdi. Elimizin, obamızın adət-ənənələri haqqında
danışan Y.Sadıqova bildirdi ki, onları yaşatmaq,
nəsillərdən-nəsillərə ötürmək hər bir azərbaycanlının
borcudur.
Tədbirin aparıcıları ilaxır çərşənbə, Novruzla bağlı
xalqımızın həyatında yüz illərlə yaşayan adət-ənənələrdən
söz açdılar.
Tədbirdə iştirak edən qonaqlar çıxışlarında Novruz
bayramının milli köklərə bağlılığından və tarixindən
danışdılar.
Sonra meydan Kosa ilə Keçələ verildi. Məzəli çıxışları
ilə hamının diqqətini cəlb edən şənliyin əzizləri
Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını
təbrik etdilər, xalqımıza həmişə bayram əhvali-ruhiyyəli
günlər arzuladılar.
Sonra məktəbin istedadlı uşaqlarının ifasında bədii
proqram nümayiş olundu. Bahar qızın meydana gəlişi,
təmsil etdiyi fəslin şəninə söylədiyi şeir və mahnılar,
şagirdlərin ifaları, müxtəlif idman nömrələri bayram
iştirakçılarında xoş ovqat yaratdı.
Tədbirin sonunda şagirdlər və qonaqlar bayram tonqalının
ətrafında yallı getdilər.
Rəşad ZİYADOV |