Biz keçmişimizi xatırlamasaq, gənclərimizə yaxşı nümunə
olmarıq, üstəlik bizi də xatırlamazlar
Həyatının
və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamları ilə bağlı
məlumatları hörmətli oxucularımızla paylaşdığımız fizika-riyaziyyat
elmləri doktoru, professor Hüseyn İsgəndər oğlu
Çəndirlinin anadan olmasının 85 ili tamam olur. Əslində,
85 rəqəmi yuvarlaq bir rəqəm olmadığından, bir qayda
olaraq, dünyasını dəyişən insanlar üçün yubiley kimi
qeyd olunmur. Lakin Hüseyn müəllimin yaşamış olduğu
həyatı və elmi-pedaqoji fəaliyyətini fikrimdə
canlandırdığımda, bu məqalənin yazılıb, geniş oxucu
kütləsinə, xüsusilə də elmi-pedaqoji fəaliyyətlə məşğul
olan gənclərimizə bir nümunə olaraq çatdırılmasına böyük
ehtiyac olduğu qənaətinə gəldim.
Kimdir Hüseyn müəllim və onun nümunə olacaq məziyyətləri
nədir suallarının, onu Dilarə bacıdan (Hüseyn müəllimin
ömür-gün yoldaşı) sonra ən yaxşı tanıyanların bəlkə də
birincisi kimi, çünki uşaqlığımdan Hüseyn müəllimi
yaxından tanımamla bərabər, 1962-ci ildə aspiranturaya
daxil olduğumdan 1995-ci ildə Türkiyəyə çalışmağa dəvət
olunana qədər təxminən bizim görüşmədiyimiz, eləcə də
müxtəlif xarakterli məsələlər barəsində fikir mübadiləsi
etmədiyimiz həftələr olmamışdır - deyə bilərəm. Üstəlik
qeyd etdiyiniz illər arasında Sovetlərin müxtəlif elm
mərkəzlərindəki çoxsaylı toplantılarda (Moskva,
Leninqrad, Novosibirsk, Tiflis, Aşqabad, Nalçik və s.)
Hüseyn müəllimlə birlikdə iştirak etmiş, eyni
mehmanxanada və ya yataqxanada, evdə qalmış və hər
zaman bir-birimizdən qardaş münasibəti görmüşdük. Burada
yazılanlar ya şəxsən gördüklərim, ya da birbaşa Hüseyn
müəllimin mənə danışdıqları şəkildə açıqlanmaqdadır.
Hüseyn İsgəndər oğlu Çəndirli 20 mart 1927-ci ildə,
Qazax mahalında ana Kürün sahilində yerləşən və yaxın
tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və XX əsrin
əvvəllərində Azərbaycan, Rusiya, İran və Türkiyədə
qaçaqçılıq-xalq qəhrəmanlığı edib, nahaq qan tökməmiş və
dünya qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti,
kişiliyi ilə seçilən, eləcə də öz əcəli ilə Haqqın
rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir
kəndin bəyi olan bu igid, mərd və səxavətli şəxsiyyət,
eyni zamanda Gəncəbasarın bəylər bəyi olmuş), Səməd Ağa
Ağamalı oğlu (böyük dövlət xadimi, eyni zamanda latın
əlifbasına türk dünyasında mərhaba deyən böyük şəxsiyyət),
İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin sədri və
böyük alim), Hüseyn Hacıyev (II Dünya müharibəsində
vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman polkovnik),
Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər bəxş
edən qədim Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir.
Yeddiillik təhsilini Qıraq Kəsəmən kənd orta məktəbində
tamamlayan kiçik Hüseyn Qazax Pedaqoji Texnikumuna daxil
olmuş və buranı qırmızı diplomla bitirdikdən sonra doğma
məktəbinə riyaziyyat müəllimi olaraq təyin olunmuşdur
(1944). Əslində o, ibtidai sinif müəllimi peşəsinə
yiyələnmişdi. Ancaq onun fitri istedadını və ehtiyacı
nəzərə alan Ağstafa Rayon Maarif Şöbəsi yuxarı sinif
riyaziyyatını ona etibar etmişdi. Əsgərlik yaşında olan
kişi müəllimlər müharibədə olduğundan, gənc və
qabiliyyətli Hüseyn müəllim məktəbimizin göz bəbəyinə və
yol göstərici qüvvəsinə çevrilmişdi. Bu qəbildən bir
haşiyə. Birdən sinfimizdəki (I sinif, 1945) qızlardan
biri "pulumu oğurlayıblar" deyərək, yüksək səslə
ağlamağa başladı. Bunu görən rəhmətlik sinif müəllimimiz
Gülbarı müəllim əsəbiləşərək işə qarışdı və uşaqlara "pulu
götürən qaytarmasa, çantalarınızı və ciblərinizi
axtaracam", - deyə xəbərdarlıq etdi. Amma pulu qaytaran
olmadı. Bu arada sinifdə bir az səs-küy də yüksəlmişdi.
Birdən qapı açıldı və Hüseyn müəllim içəri girdi.
Əhvalatı öyrənib, özünəməxsus təmkinlə: - "Uşaqlar,
baxın indi ciblərinizi və çantalarınızı axtarıb, pulu
tapacam, ancaq pulu götürən özünə bir "oğru" ləqəbi
almış olacaq və məktəbdə, eləcə də kəndimizdə pis
vəziyyətə düşəcək. Gəlin belə edək. Ortaya yığışıb, bir-birinizi
sıxışdıraraq rəqs edin və pulu götürən, onu gizlicə yerə
atsın", - dedi. Belə də etdik. Bir də baxdıq ki, pul
yerdədir. Beləcə, gənc müəllimin "pedaqoji tapıntısı"
sayəsində pul da tapıldı, ən önəmlisi isə uşağın qüruru
qırılmaqdan qurtarıldı. (Bu sətirləri yazarkən ağlıma
Maykl Monteynin 1580-ci ildə yazmış olduğu "Dənəmələr"
əsərində deyildiyi "cəza dərman kimi olmalıdır" fikri
gəlir. Gənc bir kənd müəllimində bu cür ustalığın, ancaq
onun fitri istedadından irəli gəldiyi düşünülə bilir.
Yoxsa o, Monteyni oxumuşdu, deyə bilmərik).
Hüseyn müəllimin riyazi istedadı qısa müddətdə rayona
yayılmışdı. Qonşu kəndlərin bəzi riyaziyyat müəllimləri
həll edə bilmədikləri məsələləri Hüseyn müəllimə
gətirirdilər. Aydındır ki, istedadlı bir gənc natamam
ali təhsillə kifayətlənə bilməzdi. Bu fikir onu o zaman
mövcud olan Azərbaycan Qiyabi Pedagoji İnstitutuna
gətirir. Qırmızı diplomuna görə imtahansız qəbul olunur
və bir il oxuyur. Lakin təhsilin səviyyəsi riyaziyyat
elminə bağlı böyük fikirləri olan gənc Hüseyni təmin
etmir. Bu da onu, Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) mexanika-riyaziyyat fakültəsinə (əyani) girməyə
sövq edir. Ancaq buna gənc Hüseynin nə maddi durumu, nə
də rusca bilməməsi imkan vermirdi (o zamanlar qəbul
imtahanlarında rus dilindən yazılı və şifahi olmaqla çox
ciddi iki imtahan var idi). Universiteti hədəfləyən gənc
Hüseyn son bir il maaşından qənaət edərək pul toplamış
və 1949-cu ilin sentyabr ayının əvvəlində universitetin
prorektoru işləyən, gözəl müəllim, xeyirxah insan və
istedadlı riyaziyyatcı alim Maqsud Cavadovun (sonralar
AMEA-nın müxbir üzvü, 1902-1972) qəbuluna getmiş, təhsil
durumunu və rus dilindən imtahandan keçməyə gümanı
olmadığını anlatdıqdan sonra, heç bir hüququ olmadan
yanvar ayına qədər dərslərə davam etməyə və birinci
semestr imtahanlarına buraxılması xahişini etmiş və əgər
imtahanları yüksək qiymətlərlə verərsə, universitetə
qəbul olunması istəyini də bildirmişdir. Maqsud müəllim
bir az düşünüb, hər şeyi gözə alaraq buna razılıq vermiş.
Xoşbəxtlikdən Maqsud müəllim birinci kursda analitik
həndəsə dərsi keçirmiş. İlk iki həftədə dərsin əvvəlində
tələbə olmaq istəyən Hüseyndən keçən dərsi soruşan
Maqsud müəllim, aldığı ağıllı və dolğun cavablardan o
qədər razı qalmış ki, təxminən sentyabr ayının 20-də
onun universitetə qəbul olunması, təqaüdlə təmin
olunması və sinif nümayəndəsi təyin olunması barədə
sərəncam imzalamışdır (vəzifə sahibində insanlığa və
yaxşı mənada özünə güvənə bax!). Bu etimadı şərəflə
doğruldan Hüseyn, İ.V.Stalin adına təqaüd və qırmızı
diplomla universiteti bitirdikdən (1954) sonra görkəmli
alim-Azərbaycanda o zamanki adı ilə hesablama
riyaziyyatının, yəni tətbiqi riyaziyyatın bünövrəsinin
atılmasında və inkişaf etməsində əvəzsiz xidmətləri olan,
böyük maarifçi və qayğıkeş insan (bu qayğıkeşliyinə görə
tələbələr və aspirantlar onu sevəcənliklə "Papulya" deyə
adlandırırdılar) akademik Əşrəf Hüseynovun (1907-1980)
elmi rəhbərliyində aspiranturaya daxil olmuşdur.
Aspirantura dönəmində uzun axtarış və araşdırmalardan
sonra Hüseyn müəllim özünə araşdırma sahəsi olaraq "Qeyri-xətti
məsələlərin Furye metodu ilə araşdırılması" sahəsini
seçmiş və bu sahədə bir növ Fərhad kimi təkbaşına külüng
çalmışdır. Belə ki, bu sahə Əşrəf müəllimin məşğul
olmadığı bir sahə idi (bu, Əşrəf müəllimin böyüklüyünə
və elmi səviyyəsinə xələl gətirmir), üstəlik
riyaziyyatcılar arasında "qeyri-xətti məsələlərə Furye
metodu tətbiq oluna bilməz" deyə bir fikir formalaşmışdı
(məşhur rus alimi S.K.Qodunov "Uravneniya matematiçeskoy
fiziki" kitabında yazır: Təəssüflər olsun ki,
diferensial tənliklərin həllində çox yayğın olan Furye
metodu universal deyil, sadəcə bir sıra xüsusi şəkli
olan xətti məsələlərin həllinə tətbiq oluna bilir. Yəni
qeyri-xətti məsələlərin həllinə tətbiq oluna bilmir. Bu
fikrin əksinə olaraq, Hüseyn Çəndirli riyaziyyat
tarixində ilk olaraq Furye metodunun qeyri-xətti
məsələlərin həllinə tətbiq oluna bildiyini, həllin
təqribi olaraq tapılması və buraxılan xətanın
qiymətləndirilməsi yollarını göstərmişdir. Bu sahədə "Furye
metodunun bəzi qeyri-xətti məsələlərin həllinə tətbiqi"
mövzusunda namizədlik (1958, Bakı) və "Kvazi-xətti
hiperbolik tip tənliklər üçün qarışıq məsələ" mövzusunda
doktorluq (1970, Tiflis) dissertasiyalarını müdafiə
etmişdir. Hüseyn müəllimin elmi çalışmaları hər zaman
elmi ictimaiyyət tərəfindən, o cümlədən dünya şöhrətli
akademiklər - A.N.Tixonov və V.A.İlyin (Moskva)
tərəfindən çox yüksək qiymətləndirilmişdir. Bu gəbildən
bir haşiyə. Bir gün Hüseyn müəllim mənə dedi ki,
namizədlik müdafiəsindən sonra Maqsud müəllimə, mənim bu
günə gəlməyimdə onun böyük köməyinin olduğunu deyərək
təşəkkür etmək istədiyimdə, "Elə, demə Hüseyn, bizə
ediblər, biz etmişik, sizlər də etməlisiniz" dedi (bu
bir insanlıq dərsi idi və əlində imkan olan hər kəs üçün
nümunədir).
Hüseyn müəllimin namizədlik müdafiəsindən sonra
bilavasitə və ya bilvasitə onun təsiri və ya rəhbərliyi
ilə qeyri-xətti məsələlərin həllinə Furye metodunun
tətbiqi ilə əlaqədar çox sayda dissertasiyalar müdafiə
olunmuş və olunmaqdadır. Bu sahədə Hüseyn müəllim
Azərbaycanda bir növ məktəb yaratdı, deyə bilərik (diqqətinizə
təqdim edilən yazı geniş oxucu kütləsi üçün nəzərdə
tutulduğundan, Hüseyn müəllimin bütün elmi araşdırmaları,
bilavasitə və ya bilvasitə onun yetişdirmiş olduğu
tələbələr, eləcə də onların araşdırmaları üzərində
ayrıca dayanmağı ehtiyac görmədik. Bu, ayrı bir
araşdırma mövzusudur). Hüseyn müəllim Özbəkistan
Respublikası üçün də çox sayda elmlər namizədi
yetişdirmişdir. Onun açdığı cığırı genişləndirərək gedən
və müxtəlif ölkələrdə yaşayıb yaradan tələbələrinin (Azərbaycan,
Özbəkistan, Türkiyə, Rusiya və sair) araşdırmaları
dünyanın sayılan riyaziyyat jurnallarında çap olunmuş və
olunmaqdadır.
Hüseyn müəllimin çox güclü hafizəsinin olması ilə
bərabər, həm də çox güclü riyazi duyum və ümumiləşdirmə
qabiliyyəti var idi. Bu da onun müxtəlif riyazi
toplantılarda söylənən hər hansı bir riyazi fikrin və ya
yeni tərif edilən bir riyazi anlayışın ideyasının
haradan qaynaqlandığını və nəticəsinin təxmini olaraq nə
ola biləcəyini hiss etməsinə səbəb olurdu. Bu, fikrimcə,
Hüseyn müəllimin fitri istedadı ilə bərabər, həm də onun
çox kitab oxuması, xüsusilə də riyazi analiz, analitik
həndəsə, xətti cəbr və funksional analizi klassikləşmiş
kitablardan vaxtında çox gözəl öyrənmiş olması ilə
əlaqədar idi. Hüseyn müəllim öz yetişdirmələrinin də
hərtərəfli hazırlıqlı olmasını istəyirdi. Bunda elmi
seminarların rolunun çox böyük olduğunu nəzərə alaraq öz
elmi seminarını müntəzəm olaraq, hər həftənin üçüncü
günü axşam saat altıda davam etdirirdi (vaxtaşırı
seminar iştirakçılarımız üçün birlikdə gəzintilər və
qonaqlıqlar da təşkil edirdik. Bu tədbirlərdə həm
dincəlirdik, həm də lazım gəldiyində elmi söhbətləri
davam etdirirdik. Üstəlik, hər zaman Hüseyn müəllim
özünü bizlərdən biri kimi aparırdı). Hüseyn müəllim eyni
zamanda çalışdığı sahədə tələbələrinə çox sayda
ümumiləşdirmələr və ideyalar söyləyib, onların
gerçəkləşdirilməsi üzərində çalışmalarını istəyirdi.
Təəssüflər olsun ki, biz tələbələri onun istədiklərinin
yalnız bir hissəsini həyata keçirə bildik.
Hüseyn müəllim, sözün əsl mənasında müəllim idi. Belə ki,
istər tələbələrlə, istərsə də tabeliyində olan
insanlarla (Hüseyn müəllim universitetin Hesablama
Mərkəzinin direktoru və uzun müddət kafedra müdiri
vəzifələrini də icra etmişdir) iş prinsipini qorxu deyil,
qarşılıqlı hörmət və bir-birini anlamaq əsasında qurar,
kimsəyə səsini yüksəltməzdi. Tələbələr və Hüseyn
müəllimin tabeliyində çalışanlar onun tələblərini
qorxudan deyil, utanmamaq, yəni onu üzməmək üçün
məsuliyyətlə yerinə yetirərdilər. Hüseyn müəllim ən
çətin məsələləri və mürəkkəb ideyaları belə, onu
dinləyənlərin anlaya biləcəyi çox sadə bir şəkildə izah
edə bilirdi. Hüseyn müəllim cavanları və onlarla
işləməyi çox sevirdi. Həmişə onların irəli getməsinə və
ya irəli çəkilməsinə çalışırdı. Bu sevginin nəticəsi idi
ki, 1969-cu ildə özünün qurmuş olduğu kafedranın
rəhbərliyini könüllü olaraq gənclərə həvalə etmişdi
(1994).
Bir insan olaraq Hüseyn müəllim həmişə öz yerini bilmiş
və ləyaqətini qorumuşdur. Bu səbəbdən də həmişə hər cür
dedi-qodudan uzaq durmuş, o zamanlar mövcud olan
müxtəlif növ qruplaşmalara və çəkişmələrə heç
qoşulmamışdır. O, öz ləyaqətini bilən adamlara da çox
hörmətlə yanaşırdı. Bu qəbildən bir haşiyə.
Azərbaycanın ilk riyaziyyat professorlarından biri olan
böyük maarifçi Məmməd bəy Əfəndiyevi (1887-1977) Hüseyn
müəllim çox sevirdi. Bir dəfə Hüseyn müəllimdən soruşdum
ki, niyə Məmməd bəy təqaüdə çıxıb məsləhətçi işləyir,
axı onun sağlığı yerindədir və özü istəməsə kimsə onu
təqaüdə göndərməzdi. Bununla maraqlandınızmı? Cavabında
Hüseyn müəllim dedi ki, maraqlandım və soruşdum. Öz
istəyi ilə çıxıb, səbəbini də belə izah etdi: Bir dəfə
dərs anlatdığım zaman "diferensial" sözü yadıma düşmədi.
Bunu xatırlayana qədər xeyli vaxt keçdi. Düşündüm və
təqaüdə çıxmaq qərarına gəldim. Mən tələbələrin yanında
öz ləyaqətimi aşağı sala bilməzdim ki (bu, eyni zamanda
Məmməd bəyin bir bəylik-öz ləyaqətini yüksək tutmaq
nümunəsi idi). Burada Məmməd bəyin bu alicənab
hərəkətini diqqətə alıb, bir məsələ üzərində durmağın
faydalı olacağı düşüncəsindəyəm. Fikrimcə, vəzifəsini
layiqincə yerinə yetirə bilən bir insanı yaşına görə
işindən ayırmaq doğru deyil. Bu məsələdə yaş deyil,
sağlıq çox önəmlidir. Buna da sağlıq mütəxəssisləri
qərar verməlidir (bu barədə yuxarıda adıçəkilən
kitabında Monteyn belə yazır: - İnsanı yaşına görə
kənara atmağı doğru saymıram. Məncə, insan işinə, gücünə
layiqincə davam edə bildiyi qədər davam etməlidir.
Bundan başqa, XVII əsr osmanlı şairi S.Əhməd yazır:
Sadəcə yaş ilə insan baş olmaz,
Kişidən iş sorular, yaş sorulmaz).
Hüseyn müəllimin sözlüyündə ancaq yaxşı sözlər var idi,
pis sözlərə və pis fikirlərə isə yer yox idi. Hətta mən
şahidi olmuşam ki, yetişməsində Hüseyn müəllimin də
əməyi olan biri, onun elmi işləri barəsində ədalətsiz
şeylər söyləmiş, lakin Hüseyn müəllim ona cavab verməyi
belə uyğun görməmiş və "sonra anlar" demişdir.
Hüseyn müəllim həm də bir el-oba sevdalısı və təbiət
vurğunu idi. O, doğulduğu Qıraq Kəsəmən kəndini, eləcə
də Dilarə bacının doğulduğu Buzovna qəsəbəsini çox
sevirdi. İşdən kənar vaxtlarını Buzovnadaki evində
keçirməyi üstün tuturdu (bir az vaxt tapan kimi Qıraq
Kəsəmənə də getməyi unutmurdu). Çox vaxt ikimiz
aramızdaki hər cür fikir alış-verişini Xəzərin Buzovna
sahilində gəzişərək edirdik və bu ikimizi də təmin
edirdi.
Hüseyn müəllimin ailəsi bir "riyaziyyatçılar" ailəsidir.
Belə ki, onun ömür-gün yoldaşı və dörd övladının hamısı
BDU-nun mexanika-riyaziyyat fakültəsinin məzunlarıdırlar.
Anadan olmasının 85 illiyi ilə əlaqədar olaraq bu
istedadlı alim, böyük müəllim və xeyirxah insanı hörmət
və məhəbbətlə anır, uca Tanrıdan rəhmət diləyir və nur
içində yatmasını arzu edirik.
Hüseyn XƏLİLOV,
Rizə Universitetinin professoru, Türkiyə
huseyin.halilov@rize.edu.tr |