İnsan genomunun müəyyən edilməsi adi laborator prosedur
olacaq
2001-ci
ilin fevralında Amerikanın Celera Genomics özəl
kompaniyası və mütəxəssislərdən ibarət Beynəlxalq
konsorsium (Human Genome Project) insan genomu
şifrinin oxunması üzrə tədqiqatların ilkin nəticələrinə
dair xəbər yaydılar. Bu xəbər dünyada ciddi rezonans
doğurmadı. Lakin elmi dairələrdə belə bir fikir dolaşdı
ki, artıq insan fiziologiyasının müxtəlif aspektlərini (biz
necə görünürük, özümüzü necə hiss edirik, bizim
imkanlarımız necədir) dərk etməyimiz üçün əlimizdə açar
var. Araşdırmalar üzrə işlərin böyük hissəsi Amerika,
Kanada və Böyük Britaniyanın elmi-tədqiqat mərkəzlərində
aparılıb.
"İnsan genomu" layihəsi
İnsan genomu dedikdə, 46 xromosomda yerləşən təxminən
28000 gendə cəmləşmiş genetik informasiyaların cəmi
nəzərdə tutulur. Bu ideya ilk dəfə ABŞ-da yaranıb.
Sonralar Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və
SSRİ-də milli proqramlar qəbul olunub. Rəsmi olaraq ABŞ,
Qərbi Avropa, Rusiya və Yaponiyanın aparıcı molekulyar-genetik
laboratoriyalarının iştirakı ilə bu elmi proqram 1990-cı
ildə rəsmiləşdi. Lakin həmin dövrə qədər də bu
ölkələrdə insan genomunun öyrənilməsi üzrə tədqiqatlar
aparılıb. Keçmiş SSRİ-də bu proqramın qəbul olunması
barədə qərar 1988-ci ildə Nazirlər Soveti tərəfindən
qəbul olunub, elmi işlər isə akademik A.A.Bayevin
rəhbərliyi altında aparılıb.
İnsan genomunun öyrənilməsi 10 ildən artıq davam edib və
yalnız alimlərin beynəlxalq əməkdaşlığı 2000-ci ildə
genomun ilkin nümunəsini yaratmağa imkan verdi. Qeyd
edək ki, genlərdə zülal və ya əqli qabiliyyəti, insan
psixikasının xüsusiyyətlərini (bunlar hələlik tam təyin
olunmayıb) müəyyən edən RNT (ribonuklein turşusu)
molekulunun quruluşu gizlənib.
İnsanın genotipini bilməklə çox şeyləri - gözlərin
rəngini, xəstəliklər və zərərli vərdişlərə meyilliliyi
qabaqcadan söyləmək olar. İnsan genomu təxminən 3
milyard nukleotid əsaslı cütü özündə cəmləşdirir. DNT-ni
(dezoksiribonuklein turşusu) oxumaq genetik kodun
yazıldığı A (adenin), T (timin), Q (quanin), S (sitozin)
nukleotidlər ardıcıllığını müəyyən etmək deməkdir. Bu
bilikdən DNT-nin verilmiş konkret sahəsində
nukleotidlərin ardıcıllığının müəyyən olunması üçün
istifadə oluna bilər. Lakin yadda saxlamaq lazımdır ki,
insan genomunun cəmi 1,5 faizi zülalları kodlaşdıran DNT
molekulundan ibarətdir. Zülallar müxtəlif funksiyaları
yerinə yetirir və insan orqanizminin inkişafı və
fəaliyyət göstərməsinə məsuliyyət daşıyırlar, onların
kodlaşdırdığı DNT-nın genetik defektləri müxtəlif
funksional pozuntuların səbəbi ola bilər. Beləliklə də
irsi xəstəliklərin molekulyar səbəblərinin müəyyən
olunması onların profilaktikası və müalicəsinə yol açır.
Bundan əlavə, təbiət özü bilavasitə DNT-də hüceyrələrin
yaşaması və onların xarici təsirlərə reaksiya
göstərməsi, zədələnmələrin aradan qaldırılması
üsullarını, yəni bütünlükdə orqanizmin inkişafı və
qocalması barədə məlumatları kodlaşdırıb. Buna görə də "İnsan
genomu" layihəsi insan orqanizminin fəaliyyətində fərdi
genlərin rolunun dərk olunması üçün əsas yaradıb.
Nəhayət, genomun quruluşunu bilməklə təkamülün
mexanizmini dərk etməyə cəhd etmək olar. Bu layihə
çərçivəsində aşağıdakı uğurlu işləri göstərmək olar:
1996-cı ildə funksional analiz sahəsində
oliqonukleotidlər (əksər molekulyar-genetik tədqiqatlar
və diaqnostika üçün baza şəraiti) sintez olunub, 2002-ci
ildə zülalların qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün
hibrid sistemlər yaradılıb. 2003-cü ildə çox yüksək
dəqiqliklə insan genomunu təşkil edən genlərin 99 faizi
sekvensiya (nukleotidlərin ardıcıllığının müəyyən
olunması) olunub. 2003-cü ildə 3,7 milyon birnukleotidli
polimorfizmlər, genlərin identifikasiyası sahəsində
15000 kodlaşmış DNT geni aşkarlanıb. Elə həmin ilin
aprelində E.coli, S.cervisiae, C.elegans, D.melanogaster
kimi genlərin tam ardıcıllığı öyrənilib.
Fövqəladə əhəmiyyət daşıyan digər məqam odur ki, 30-dan
artıq virus və potensial mikroorqanizmin, eləcə də taun
və vəba epidemiyalarının törədicilərinin genetik kodu
oxunub. Bunun sayəsində bir çox virus və infeksion
xəstəliklərin molekulyar müalicə metodlarının işlənib
hazırlanması mümkün olub ki, bu da ənənəvi dərman
terapiyasından daha effektlidir. Eyni zamanda genlərin
orqanlar və toxumaların inkişafı və fəaliyyətində
iştirakına dair çox maraqlı informasiya əldə olunub.
Məlum olub ki, ən böyük miqdarda - 3195 gen beynin
formalaşdırılması və onun aktivliyinin dəstəklənməsi
üçün lazımdır, ən az sayda, cəmi 8 gen isə
eritrositlərin yaranmasında iştirak edir.
İnsan toxumaları və orqanların formalaşmasında genlərin
iştirak sayı:
|
Orqan/toxuma |
Genlərin sayı |
Beyin |
3195 |
Qaraciyər |
2091 |
Ağciyər |
1887 |
Ürək |
1195 |
Sümük |
904 |
Sümük əzələsi |
735 |
Dəri |
620 |
Göz |
547 |
Qida borusu |
76 |
Trombosit |
22 |
Eritrosit |
8 |
|
|
"İnsan genomu" layihəsini işləyib hazırlayan Celera
Genomics şirkəti və Beynəlxalq konsorsiumun
mütəxəssisləri əks-tədqiqat üsullarından
istifadə edərək müxtəlif obyektləri öyrəniblər. Tədqiqat
obyekti kimi orta yaşlı ağdərili kişi geni, ikinci halda
isə 6 ölkədən müxtəlif insanların geni götürülüb.
Təcrübə əsasında orta genom tərtib olunub. Çox maraqlı
nəticə əldə olunub. Məlum olub ki, genomda genlərin sayı
əvvəllər güman olunduğundan da azdır. Lakin ən azı 100
min genin aşkar olunması gözlənilirdi. Zülalların
kodlaşdığı genlərin ümumi sayı bu günə kimi məlum deyil,
lakin belə qəbul olunub ki, (kompüter proqramları
materiallarına əsasən) insan genomunda bir qayda olaraq
28000 gen yerləşir. Lakin onun uzunluğu 3 milyard cüt
gen əsası təşkil edir. Sual olunur - bu qədər DNT
bolluğu nəyə lazımdır? Bu artıq yükdür, yoxsa
bəşəriyyətə bu vaxta qədər məlum olmayan hansısa
funksiyanı yerinə yetirir? Belə bir struktur ardıcıllığı
sübut edir ki, bu, həyat üçün çox vacib olan DNT növüdür.
Bu növdə çoxsaylı kodlaşdırılmış zülallar və naməlum
funksiyaları nizamlayıcı elementlər, zülallara
transkripsiya (DNT əsasında RNT-nin yaradılması)
olunmayan RNT funksional molekulları, intron (genin
tərkibinə daxil olan DNT sahəsi) və başqaları var.
Layihənin perspektivi
Müxtəlif orqanizmlərin DNT-lərinin analizlərinin
oxşarlığı təkamül nəzəriyyəsinin tədqiqində yeni yol
açır. Onun tarixinin bir sıra mühüm mərhələlərini -
ribasomların yaranması, embrionun və onurğalıların immun
sisteminin inkişafını molekulyar səviyyədə öyrənmək olar,
bu isə o deməkdir ki, insanlar və primatlar, ümumiyyətlə
məməlilər arasında oxşarlıq və fərqləri aydınlaşdırmaq
olar. Etnik qruplar arasında ayırd edilən DNT
sahələrinin öyrənilməsi çox ümidlər verir. Bu cür
yanaşma müxtəlif qrupların ayrı-ayrı xəstəliklərə qarşı
yüksək həssaslığının sirrini aça və onların aradan
qaldırılması strategiyasını söyləməyə kömək edə bilər.
Gələcəkdə bizləri nələr gözləyir? Genetik təsnifat və
irsi xəstəliklərin genetik terapiyası, genetik
informasiyalar əsasında hazırlanan dərmanlar, psixi
xəstəliklərin diaqnostika üsullarının dəyişməsi.
Gözləntilərə əsasən, yaxın 5 il ərzində insan genomunun
müəyyən olunması dəyəri 1000 dollar olan adi laborator
prosedur (etik normalara sərt nəzarət olunması şərtilə)
olacaq. İnsanın xəstəliklərin əksəriyyətinə meyilliliyi
hələ onun dünyaya gəlməsinə qədər valideynlərinin
genomları əsasında müəyyən olunacaq; heç bir həkim
xəstəni onun genetik kodunun ilkin təyini olmadan
müalicə etmək istəməyəcək...
"İnsan proteomu" layihəsi
Bu layihə ilk dəfə 2002-ci ildə irəli sürülüb. Proteom
dedikdə, orqanizmdə olan proteinlər (zülal), onların
strukturu, sayı və qarşılıqlı əlaqəsi nəzərdə tutulur.
Miqyasına və cəsarətliliyinə görə onu insan genomunun
sekvensiyası (nukleotidlərin ardıcıllığının müəyyən
olunması) ilə müqayisə etmək olar. Hazırda layihənin
həyata keçirilməsində 13 ölkədən 35 laboratoriya iştirak
edir. Bu günə qədər qan plazmasına daxil olan 3020
zülalın verilənlər bazası hazırlanıb. Layihənin məqsədi
hüceyrələrdə və toxumalarda, hüceyrə sklinin bütün
məqamlarında DNT tərəfindən kodlaşdırılmış zülalların
sintezi barədə məlumat almaqdır. Layihənin dəyəri - l
milyard dollar dünya elmi ictimaiyyətini qorxutmur.
Müqayisə üçün deyək ki, "İnsan genomu" layihəsi 3
milyard dollara başa gəlib, bir o qədər vəsait də
yuxarıda adları çəkilən Beynəlxalq konsorsium və Celera
Genomics şirkəti tərəfindən sərf olunub. Lakin
çətinliklər bunda deyil. Məsələ ondadır ki, hər bir
kodlaşdırıcı zülal geni başlanğıcda yeni bir zülalın
onlarca variantını büruzə verə bilər (splaysinq).
Onların isə hər biri əlavə olaraq müxtəlif
posttranslyasiya modifikasiyanın köməyi ilə
aminturşuları qalıqlarına modifikasiya oluna bilər. Bu
cür modifikasiyalar hüceyrə sklindən asılı olaraq
müxtəlif zamanlarda müstəqil surətdə baş verə bilər.
Bütün bunlar isə 200-dən artıq insan hüceyrə növündə
davam edir. Son dərəcə inanılmaz vəzifə isə insan
orqanizmində olan 300000-ə qədər zülalı tədqiq etməkdir.
Lakin bu vəzifənin həlli bəşəriyyətə çox lazımdır, çünki
DNT ardıcıllığı zülalın real aktivliyi və onun müəyyən
toxumadakı davranışını deyil, genin xromosomdakı yeri
və onun kodunu göstərir. Bununla belə, hesab olunur ki,
zülalların təsnifatı və onların xarakteristikası
xəstəliklərin inkişafının erkən mərhələlərində ucuz və
əlçatan diaqnostik metodların, eləcə də bu gün müalicə
olunmayan bir sıra xəstəliklərin fərdi müalicə
metodlarının işlənib hazırlanmasında son dərəcə
qiymətlidir.
Hazırda bu sahədə işlər aşağıdakı şəkildə bölünüb:
Koreya alimləri 13-cü xromosomu (təxminən 319 gen), ABŞ
alimləri 21-ci xromosomu (195 gen), Rusiya
mütəxəssisləri 18-ci xromosomu (286 gen) tədqiq edir. Bu
xromosomlarda aşkar olunmuş genetik defektlər 71
xəstəliyin, o cümlədən Parkinson, şizofreniya, hepatit B
və digər xəstəliklərin inkişafını müəyyən edir.
Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələri bu
layihələrdə iştirak etməyə can atır. Bu, bir sıra
dövlətlərə inkişaf etməkdə olan ölkələrlə bir sırada
dayanmağa və gələcəkdə tədqiqatların bəhrələrindən
yararlanmağa imkan verir. Bundan əlavə, layihə heç də
pis investisiya deyil. Dünya "genom bazarı" "İnsan
genomu" layihəsinin başa çatmasından sonra ildə 1
trilyon dollar vəsait qazanıb. Bu isə o deməkdir ki,
fundamental elmi araşdırmaların nəticələri tələbolunan
məhsula çevrilib.
"Uçitelskaya qazeta"dan
tərcümə etdi: Oruc MUSTAFAYEV |