Martın
13-də Təhsil Nazirliyində Azərbaycanda səfərdə olan
Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir
Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
keçirildi.
Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq
onları Təhsil Nazirliyində görməkdən məmnun qaldığını
söylədi və ölkəmizə səfər proqramının gərgin olmasına
baxmayaraq görüşə vaxt ayırdığı üçün hörmətli qonağa
minnətdarlığını bildirdi. Azərbaycanla Türkiyə arasında
əlaqələrin ölkəmizin müstəqilliyini bərpa etdiyi
zamandan başlandığını qeyd edən təhsil naziri ötən 20 il
ərzində hər iki ölkənin dövlət başçılarının rəhbərliyi
altında bütün sahələrdə, o cümlədən təhsildə əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsi və
genişləndirilməsi üçün çox böyük işlərin görüldüyünü
diqqətə çatdırdı. Bildirdi ki, müstəqillik illərində
ölkəmizdən 10 minə yaxın gənc Türkiyədə təhsil almışdır
ki, onların da əksəriyyəti vətənə dönərək hazırda ölkədə
aparılan quruculuq işlərində yaxından iştirak edir. Bu
müddət ərzində Türkiyədən də bir o qədər gəncin
Azərbaycanda oxuduğunu qeyd edən Misir Mərdanov bu
işlərin hazırda da uğurla davam etdiyini söylədi.
Diqqətə çatdırdı ki, hazırda 4 mindən çox azərbaycanlı
gənc Türkiyənin nüfuzlu universitetlərində müxtəlif
ixtisaslar üzrə təhsil alır. Həmin gənclərin əksəriyyəti
öz hesablarına, müəyyən hissəsi isə dövlət təminatı ilə
təhsil alanlardır.
Tibb təhsilinin dünya standartlarına uyğun təşkilinin
hazırda ölkəmiz üçün ən vacib məsələlərdən biri olduğunu
vurğulayan təhsil naziri cari dərs ilindən Azərbaycanda
uzmanlıq hazırlığına başlandığını, bu sahədə ilk vaxtlar
özünü göstərən bir sıra problemlərin qardaş Türkiyənin
müvafiq qurumunun dəstəyi ilə öz həllini tapdığını
bildirdi. Nazir bütün bunları, habelə hazırda
Azərbaycanın ali təhsil müəssisələrində 4 minədək
türkiyəli tələbənin təhsil almasını ölkələrimizin
qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirdi.
Həm dil və coğrafi məkan yaxınlığı, həm də tarixi
əlaqələr baxımından Azərbaycanla Türkiyə arasında
münasibətlər digər türkdilli dövlətlərlə münasibətlərdən
fərqli olmalıdır fikrinin hər bir Azərbaycan türkünün
qənaətinə çevrildiyinə diqqəti yönəldən nazir son bir
ildə hər iki xalqın sevincinə səbəb olan hadisələrin baş
verdiyini, xüsusən də Fransa parlamentinin qəbul etdiyi
qondarma "erməni soyqırımı"nı inkar edənlərin
cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin
Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilməsinə
türk xalqı ilə yanaşı, Azərbaycan xalqının da
sevindiyini vurğuladı. Bildirdi ki, bu qələbənin əldə
olunmasında Azərbaycanla Türkiyənin birliyi həlledici
rol oynamışdır.
Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi
önəm verildiyini deyən Misir Mərdanov qardaş Türkiyənin
ali təhsil müəssisələri ilə əlaqələrin
genişləndirilməsinin vacibliyini nəzərə çatdırdı.
Nazir Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar
üzrə xarici ölkələrə tələbə göndərilməsinin əhəmiyyətinə
toxunaraq qardaş Türkiyə tərəfindən azərbaycanlı gənclər
üçün ixtisaslar və universitetlər ayrılarkən
Azərbaycanın istək və ehtiyaclarının mümkün qədər nəzərə
alınmasını, bu məqsədlə daha nüfuzlu universitetlərin
müəyyənləşdirilməsini təklif və xahiş etdi. Bunun üçün
Türkiyənin müvafiq dövlət qurumları ilə əməkdaşlıq
əlaqələri yaradılmasını vacib saydı.
Təhsil naziri çıxışında ölkəmizdə fəaliyyət göstərən
Azərbaycan - Türkiyə özəl liseylərinin və Qafqaz
Universitetinin işini yüksək qiymətləndirib bu təhsil
ocaqlarının bir çox cəhətlərdən örnək olduqlarını,
onların ictimaiyyət arasında nüfuzunun ildən-ilə
artdığını söylədi. Nazir ümumi təhsil sahəsində mövcud
əməkdaşlığın daha səmərəli təşkili, türkdilli ölkələrin
tarixi, coğrafiyası, mədəniyyətləri haqqında öyrəncilərə
geniş məlumatların verilməsi məqsədi ilə ümumtəhsil
məktəbləri, xüsusən də liseylər üçün ortaq dərsliklərin
yaradılması məsələsinə diqqət çəkdi, hər iki ölkənin
müvafiq mütəxəssisləri arasında bu istiqamətdə
müzakirələrin aparılmasını zəruri saydı.
Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağ
səmimi qarşılandıqları üçün təhsil nazirinə
minnətdarlığını bildirdi. Dil, tarix, mədəniyyət
birliyini türkdilli xalqlar və dövlətlər arasında
birləşdirici körpülər adlandıran qonaq bu körpülərin
daha da möhkəmlənməsinə xidmət edən görüşlərin, digər
birgə tədbirlərin keçirilməsinin mühüm rolu olduğunu
dedi, bu baxımdan Azərbaycanda keçirilən və özünün də
iştirak etdiyi "Türk Ocaqları" dərnəyinin 100 illik
yubileyi tədbirinin əhəmiyyətini yüksək qiymətləndirdi.
Hər bir millətin intellektual potensialının inkişafında
təhsilin mühüm rolu və əhəmiyyəti olduğunu vurğulayan
Baş nazirin müavini təhsili həm də ölkələrimiz arasında
ən möhkəm körpü adlandırdı, təhsil olmadan nə dil, nə
mədəniyyət, nə də din körpülərindən keçməyin mümkün
olmadığını söylədi. Bildirdi ki, Azərbaycanda oxuyub
Türkiyəyə qayıdan və Türkiyədə təhsil alıb Azərbaycana
dönən gənclər ölkələrimiz arasında əlaqələrin
möhkəmlənməsinə böyük töhfələr verirlər.
Türkiyə ali məktəblərinin imkanları, son illər
Türkiyənin ali məktəblərinə əcnəbi tələbələrin qəbulu
ilə bağlı dəyişikliklər barədə məlumat verən Bəkir
Bozdağ növbəti dərs ilində Türkiyədə təhsil almaq
istəyən azərbaycanlı gənclər üçün qardaş ölkənin nüfuzlu
universitetlərində 150 yer ayrılacağını nəzərə çatdırdı.
Təhsil əlaqələrimizin inkişafı baxımından qeyd olunan
təkliflərin müzakirə edilməsinin zəruriliyini vurğulayan
Baş nazirin müavini Bəkir Bozdağ Azərbaycanla bağlı
münasibətlərin inkişafında Türkiyənin hər zaman maraqlı
olduğunu söylədi.
Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi, azərbaycanlı gənclərin Türkiyədə
doktorantura səviyyəsinə qəbulu və bir sıra digər
məsələlər ətrafında da müzakirələr aparıldı.
Yusif ƏLİYEV |