Artıq
baharın ilıq nəfəsi duyulmaqdadır. Ana torpaq nazlı
baharın pişvazına çıxıb; çəmənlər yaşıl xalısı ilə,
çaylar, çeşmələr züm-züməsi ilə. Sanki Günəş də yerə bir
iynə boyu yaxınlaşıb, torpağı isitmək, insanların
qəlbinə hərarət bəxş etmək üçün. Bax, elə belə bir
ərəfədə xalqımız baharın yaz ətirli, yaz təravətli
bayramı olan Novruzu böyük sevinclə, sonsuz fərəhlə qeyd
etməyə hazırlaşır. Axı xalqımızın ən böyük, ən əziz
bayramıdır Novruz. Novruzun bayram kimi qeyd olunması
tarixi çox qədimdir.
Novruz tarixən əkinçilik bayramı, əkin-səpin, əmək
bayramı kimi yaranmış, xalqımızın mövsüm bayramı
olmuşdur. Novruzun əkinçilik təqviminin başlanğıcı
olduğunu, həm də bu zaman yaşıllığın, həyatın, əkinin,
bolluğun rəmzi olan səməni göyərdilməsi adəti təsdiq
edir.
Yazın gəlişi yaxınlaşdıqca ulu çağlardan azərbaycanlılar
sinilərdə, məcməilərdə buğda, arpa və digər taxıl
məhsullarından səməni göyərdər, ona baxıb sevinər,
fərəhlənərdilər:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir.
Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmzidir.
Səməninin varlığı da, həyat verəni də, mənası da
taxıldır. Əkinçilərimiz səməni göyərtməklə növbəti
təsərrüfat ilinə bolluq, bərəkət arzulamışdır.
Novruz şənlikləri dəbdəbədən çox təbiiliyi, səmimiliyi
ilə səciyyəvidir. Xalq Novruzu başdan-ayağa toy-büsata
çevirir.
Axır çərşənbədə şam yandırılar, xonça düzəldilər, tonqal
qalanar, hərə bacardığı kimi Novruza hazırlıq görər.
Çərşənbələr ərəfəsində xalq evdarlıqla bağlı təmizlik
işlərilə məşğul olar.
Novruz süfrəsi xalqın ən milli süfrəsidir. Buraya,
əsasən milli yeməklər, aş, şirniyyat, qovurğa, ləpə və s.
qoyular, süfrədə şam yandırılar. Ümumiyyətlə, süfrədə
yeddi cür meyvə olar.
Bayram süfrəsi Novruz şamları yandırıldıqdan sonra
açılar. Ailənin bütün üzvləri süfrə qırağında əyləşər,
bayram xörəklərindən yeyərlər.
Bayram axşamı bacalardan torbalar sallanar, qapılardan
papaq atılar, xoş xəbər eşitmək üçün qapılar pusular,
uşaqların şən nəğmə səsləri bir-birinə qarışar.
Novruz günlərində yaxın adamlar, qohum-qardaş bir-birinə
qonaq gedər, əziz adamlarına bayram şirnilərindən
apararlar. Nişanlı qızlara Novruz payı göndərmək də
dəbdədir. Bütün bunlar isə adamlar arasında mehribanlıq,
xoş ünsiyyət doğurar, yaxşı əhvali-ruhiyyə yaradar.
Novruz bayramının xalqımızın həyatındakı rolunu yüksək
dəyərləndirən böyük dövlət xadimi, ümummilli lider
Heydər Əliyev demişdir: "Böyük mənəvi gücə malik olan
Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl
yadigar olub, Azərbaycan xalqının milli ruhunu və
yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə
yaşadır. Təbiətin oyanışının, varlığın yenidən
canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim
zamanlardan bəri həyat və məişətimizə daxil olmuş,
insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam
duyğusu bəxş etmişdir".
Beləliklə, biz də xalqımızı min illərdən soraq verən
əziz el bayramı-Novruzun gəlişi münasibətilə ürəkdən
təbrik edirik. Bu baharın xalqımıza səadət və
firavanlıq, müstəqil dövlətimizə möhtəşəm qələbə müjdəsi
gətirməsini arzu edirik.
Bayramınız mübarək olsun!
Ədalət DAŞDƏMİRLİ |