Azərbaycan Respublikası təhsil nazirinin 12 oktyabr
2011-ci il tarixli, 1649 nömrəli əmrinə əsasən 23-24
fevral 2012-ci il tarixlərində İntel İSEF Beynəlxalq
müsabiqəsi çərçivəsində "Sabahın alimləri" Respublika
müsabiqəsi keçirilmişdir.
Müsabiqənin həmtəşkilatçıları və sponsorları Təhsil
Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Mədəd" təşkilatı
və İntel korporasiyası olmuş, elmi dəstək isə Bakı
Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti
tərəfindən verilmişdir.
Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət
göstərən 18 ümumi təhsil müəssisəsinin IX-XI sinif
şagirdləri öz tədqiqat layihələri ilə iştirak etmişlər.
Müsabiqənin münsiflər heyəti 8 kateqoriya (riyaziyyat,
fizika, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya,
ekologiya, mühəndislik, kompüter elmləri) üzrə şagird
layihələrinin qiymətləndirilməsini həyata keçirmişdir.
Münsiflər heyətinin qərarına görə müxtəlif nominasiyalar
üzrə I, II və III yerlərə 37 layihə 57 şagird, o
cümlədən I yerə 7 layihə 13 şagird, II yerə 13 layihə 17
şagird, III yerə 17 layihə 27 şagird layiq görülmüşdür.
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom,
medal, pul mükafatları və hədiyyələr təqdim edilmiş, yer
tutmayan finalçılara isə müsabiqənin sertifikatları
verilmişdir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 23-24 fevral 2012-ci il tarixlərində İntel İSEF
Beynəlxalq müsabiqəsi çərçivəsində keçirilmiş "Sabahın
alimləri" Respublika müsabiqəsinin münsiflər heyəti
tərəfindən seçilən qaliblərin siyahısı elan edilsin (əlavə
olunur).
2. Nəzərə alınsın ki, 13-18 may tarixlərində ABŞ-ın
Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək
İntel İSEF müsabiqəsində iştirak etmək üçün münsiflər
heyəti tərəfindən müsabiqənin qalibləri arasından
aşağıda adları göstərilən şagirdlər seçilmişdir:
- Məmmədov Elxan Elşən oğlu, akademik Z.Əliyeva adına
məktəbin X sinif şagirdi;
- Məmmədov Orxan Elşən oğlu, akademik Z.Əliyeva adına
məktəbin X sinif şagirdi;
- Bayramov Arif Anar oğlu, BDU-nun nəzdində "Gənc
istedadlar" liseyinin IX sinif şagirdi;
- Səfərəlizadə Mahirə Mayis qızı, BDU-nun nəzdində "Gənc
istedadlar" liseyinin X sinif şagirdi;
- Həsənli Elçin Əlihəsən oğlu, Sumqayıt şəhəri "İstedad"
liseyinin X sinif şagirdi (müşahidəçi qismində).
3. Nəzərə alınsın ki, şagirdlərin və onları müşayiət
edən nümayəndə heyəti üzvlərinin ezamiyyə xərcləri İntel
Fondation tərəfindən ayrılan qrant hesabına
ödəniləcəkdir.
4. Təhsil Nazirliyi Elm şöbəsinin müdiri, "Sabahın
alimləri" Respublika müsabiqəsinin direktoru
G.Hüseynovaya tapşırılsın:
4.1. İntel İSEF-ə göndərilən şagirdlərin layihələrinin
ingilis dilində hazırlanmasına nəzarət etsin;
4.2. Şagirdləri ABŞ-a müşayiət edəcək nümayəndə heyəti
barədə təkliflərini nazirliyin rəhbərliyinə təqdim etsin;
4.3. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq
məlumatların göndərilməsini təmin etsin.
5. Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi (T.Əliyeva)
İntel İSEF-də iştirak edəcək şagirdlər üçün pasport
alınmasına köməklik etsin.
6. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını, əlavəsi ilə
birlikdə nazirliyin İnternet saytında yerləşdirilməsini
təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə
göndərilməsini təşkil etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
13 mart 2012-ci il |