Coşqun
Əzimov 1994-cü il sentyabrın 9-da İmişli rayonunun
Qaralar kəndində anadan olub. Hazırda İmişli şəhər 1
nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin XI
sinif şagirdidir. O, 8 yaşından Azərbaycanın əməkdar
məşqçisi Qalib Şükürovun rəhbərlik etdiyi sərbəst güləş
bölməsində ustalığını artırır.
Onun müxtəlif illərdə idman yarışlarında qazandığı
nailiyyətlərdən fəxrlə söhbət açan fiziki tərbiyə
müəllimi Fazil Seyfəliyev bildirib ki, Coşqun İran İslam
Respublikasının Təbriz şəhərində keçirilən turnirdə
uğurla çıxış edərək I yerin sahibi olub. 1994-95-ci il
təvəllüdlü idmançılar arasında respublika turnirində
qalib gələrək I yeri, Müşviq İsayevin xatirəsinə həsr
olunmuş sərbəst güləş üzrə Beynəlxalq turnirdə isə II
yeri tutub.
O, Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda
sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər
arasında keçirilən beynəlxalq turnirdə ikinci nəticə,
Bakı şəhərində sərbəst güləş üzrə respublika
birinciliyində isə III yeri tutaraq gümüş və bürünc
medallara layiq görülüb. Coşqun dəfələrlə Gənclər və
İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının
diplom və medallarına da layiq görülüb.
Onu da deyək ki, 2012-ci ilin "İdman ili" elan
olunması onu daha yüksək qələbələr qazanmağa ruhlandırır.
Coşqunun ən böyük arzusu lisenziyalara sahib olaraq
Olimpiya oyunlarında iştirak etməkdir. Biz də Coşqunun
yüksək zirvələr fəth edəcəyinə, arzularının çin
olacağına inanırıq.
ƏDALƏT |