Naxçıvan Özəl Universitetində pedaqoji fakültənin əyani
şöbə üzrə III kurs tələbələrinin 2011-2012-ci tədris
ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə
həsr olunmuş başlanğıc konfransı keçirilmişdir.
Konfransda universitetin rektoru, professor İsmayıl
Əliyev çıxış edərək bildirmişdir ki, tələbələrin
gələcəyin savadlı, bilikli müəllimi, eləcə də mütəxəssis
kimi formalaşmasında pedaqoji təcrübənin rolu
danılmazdır. Məhz buna görədir ki, tələbələr təhsil
müddətində aldıqları bilikləri pedaqoji təcrübə zamanı
sınaqdan keçirirlər. O da vurğulanmışdır ki, pedaqoji
fakültənin 5 ixtisas üzrə 114 tələbəsi Heydər Əliyev
adına məktəbdə, Naxçıvan şəhər 8 və 15 nömrəli tam orta
məktəblərdə 4 həftə müddətində pedaqoji təcrübə keçəcək.
Universitetin tədris və elmi işlər üzrə prorektoru
İbrahim Kazımbəyli "Müəllim hazırlığında pedaqoji
təcrübənin rolu və qarşıda duran əsas vəzifələr",
pedaqogika və psixologiya kafedrasının müdiri Solmaz
Həsənova "Pedaqoji və psixoloji rəhbərlərin vəzifələri"
və pedaqoji təcrübə üzrə metodist Nazim Mahmudov "Təcrübənin
təşkili, gedişi və yekunlaşdırılması" barədə ətraflı
məlumat vermişlər.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı |