|
Beynəlxalq təhsil xəbərləri |
|
|
Rusiyada özəl məktəblər dövlət tərəfindən
maliyyələşdiriləcək |
Rusiyada özəl məktəblər və uşaq bağçaları dövlət
tərəfindən maliyyələşdiriləcək. "Uçitelskaya
qazeta"nın yazdığına görə, RF prezidenti Dmitri
Medvedev bu barədə müvafiq qanun imzalayıb.
Tələbələr ali məktəblərdə İnternet vasitəsi ilə
elektron təhsil ala biləcəklər. Ekspertlər
yeniliyi müsbət dəyərləndirir: uşaq bağçalarına
növbələr azalacaq, özəl məktəblərdə təhsil
valideynlər üçün daha ucuz başa gələcək, əlillər
öz evlərindən çıxmadan ali təhsil ala biləcəklər.
Prezident ali məktəblərdə distant təhsilin
tətbiqinə dair də qanun imzalayıb. Qanun "elektron
təhsil" anlayışını tətbiq edir. Lakin bu
sistemin həyata keçirilməsi üçün mövcud təhsil
standartları dəyişməlidir. Dövlət
standartlarında elektron təhsildən istifadəni
təmin edən şəraitin, eləcə də distant təhsil
texnologiyalarının yaradılması tələbləri əksini
tapmalıdır. Elektron təhsilin kifayət qədər
ucuz olmasına diqqət çəkən ekspertlər bu
sistemin bütün dünya ölkələrində tətbiq
olunduğunu bildirirlər. |
|
Çexiyada on yeddi min müəllim işdən azad
olunacaq |
Çexiyada büdcə xərclərinə qənaət olunması
çərçivəsində yaxın 2 ildə 17 min müəllimin işdən
azad olunması gözlənilir. Hökumətin nəzərdə
tutduğu plana uyğun olaraq, 2014-cü ilə kimi 24
min dövlət qulluqçusu ixtisar olunacaq. Onlardan
17 mini təhsil kontingentini təşkil edir.
İslahat nəticəsində həm müəllimlər, həm də
pedaqoji fəaliyyətlə məşğul olmayan təhsil
işçiləri işsiz qalacaq. Bununla da Çexiya
hökuməti 23,6 milyard kron vəsaitə qənaət edəcək.
Hökumətin planlarına başda təhsil naziri İosef
Dobeş olmaqla təhsil ictimaiyyəti etiraz edir.
Hazırda təhsil işçiləri mümkün istefalarla bağlı
yardım üçün hüquqi instansiyalara müraciət
edirlər. |
|
Gürcüstanda bütün məktəblər Amerika məktəbləri
səviyyəsinə çatdırılacaq |
Gürcüstan prezidenti Mixail Saakaşvili
parlamentdə illik hesabat məruzəsində bildirib
ki, 2012-ci ildə ölkədə 23 yeni məktəb
istifadəyə veriləcək və fəaliyyətdə olan 600-dən
artıq məktəb binası təmir olunacaq. Prezident
bəyan edib ki, hökumətin planlarına uyğun olaraq,
2015-ci ildə Gürcüstanın bütün məktəbləri
Amerika və Almaniyanın məktəbləri səviyyəsində,
hətta daha üstün səviyyədə olacaq. "Biz bu il
ölkənin hər yeddi məktəblisindən birinin fərdi
kompüterə malik olmasına nail olmağa çalışacağıq,
2015-ci ildə məktəblilərin 90 faizi artıq fərdi
kompüterlərə sahib olacaq. Cari ildə 100
məktəbdə gələcəyin müasir məktəbləri (kompüterləşdirilmiş
siniflər), kimya, fizika, biologiya
laboratoriyaları açılacaq",-deyə prezident
bildirib.
Daha sonra tələbələrlə görüşündə prezident
Mixail Saakaşvili qeyd edib ki, gələn ildən
başlayaraq dövlət tələbələrin xarici ölkələrdə
təhsili proqramlarını genişləndirəcək.
"Biz əsasən texnoloji fakültələri
maliyyələşdiririk. Gələn ildən isə həm də
humanitar ixtisaslar üçün də kvota müəyyən
olunacaq. Biz istərdik ki, xaricə oxumağa
göndərilən vətəndaşlarımız maksimum dərəcədə çox
olsun. Bundan başqa, biz xaricdən daha çox
pedaqoq cəlb etməliyik. Xarici dilləri bilmədən
yeni texnologiyaları idarə etmək mümkün deyil.
Buna görə də tələbə xarici dili bilməlidir", -deyə
dövlət başçısı bildirib. Prezident deyib ki,
yaxın gələcəkdə Batumidə yüksək səviyyəli,
mükəmməl, əsl Amerika texnoloji universiteti
açılacaq və bu, bizim təhsil sistemində ciddi
irəliləyiş olacaq. |
|
Fransada universitetlər birləşir |
Cari ilin sonlarına qədər Fransa təhsil
sistemində aparılan islahatlar başa çatdırılacaq.
2008-ci ildən başlamış islahatlar artıq yekun
mərhələyə qədəm qoyub. Hökumət islahatlara 22
milyard avro sərf edəcək. İslahatlar
nəticəsində ölkənin 87 universiteti əsasında 10
universitet yaradılcaq. İri universitetlər
fəaliyyətlərini davam etdirmək üçün hökumətdən
maliyyə dəstəyi alacaq. Hazırda ölkədə 300-ə
yaxın ali məktəb var. Onlardan 87-i
universitetdir. Kiçik ali təhsil müəssisələri
möhkəmləndirilmiş, yenidən qurulmuş
universitetlərin fakültələri olacaq. Ötən il
Bordo, Strasburq universitetləri və Paris Elm
Mərkəzi sertifikatlar alıblar. Bordo
universiteti 8, Strasburq universiteti 3, Paris
Elm Mərkəzi 13 ali təhsi müəssisəsini özündə
birləşdirib. Hər bir yeni təhsil mərkəzi öz
ehtiyacları üçün ildə 40 milyon avro alacaq.
Hökumət xırda ali təhsil müəssisələrini özündə
birləşdirməklə böyüyən daha 5 universitetin
adını açıqlayıb. Bunlar Sorbon Universiteti, 2
Paris universiteti, Marsel, Tuluza
universitetləridir.
Hökumət ümid edir ki, dəyişikliklər dünya
səviyyəsində Fransa təhsilinin nüfuzunu
qaytarmağa imkan verəcək, yeni universitetlərin
rəqabət qabiliyyətini gücləndirəcək. Hökumətin
islahatların başa çatdırılması üçün ayırdığı 22
milyard avrodan yarısı yeni təhsil proqramlarına,
8 milyardı elmi tədqiqat fəaliyyətinin
dəstəklənməsinə, 5 milyardı Parisdə
möhkəmləndirilmiş universitetlərin yaradılmasına
xərclənəcək. Cari ilin sonlarına kimi öz
fəaliyyətlərini davam etdirmək üçün dövlətdən
dotasiya alacaq ali məktəblərin üçüncü qrupuna
daxil olan təhsil müəssisələrinin adları məlum
olacaq. 2015-ci ilə kimi bütün seçilmiş təhsil
müəssisələri eyni dərəcədə dəstəklənəcək, sonra
isə onların fəaliyyətini elmi məqalələr və
məzunların sayı qiymətləndirəcək.
Fransa pulsuz ali təhsilə dövlət təminatının
mövcud olduğu Avropa ölkələrindən biridir. Ötən
il 3 milyon tələbədən 2,5 milyonu pulsuz oxuyub.
Onların 15 faizi əsasən Afrika ölkələrindən olan
tələbələrdir. Hər bir tələbənin oxuması hökumətə
8 min avroya başa gəlib. Bununla belə, dünya
universitetlərinin reytinq cədvəllərində Fransa
ali təhsili aşağı mövqedədir. Ən yaxşı fransız
ali məktəbi Şanxay reytinq cədvəlində 40-cı yeri
tutub. |
|
Böyük Britaniyada birincilər tərk edilmiş
binalarda oxumalı olacaqlar |
Böyük
Britaniyanın "Telegraph" qəzetinin yazdığına
görə, məktəblərin çatışmazlığı üzündən
ingiltərəli birincilər tərk edilmiş binalarda və
zirzəmilərdə oxumalı olacaqlar. Qeyd olunur ki,
ölkədə ibtidai məktəb yaşlı uşaqların sayı artır,
2015-ci ildə onların sayı 450000-i keçəcək. Buna
səbəb kimi yüksək doğum göstəriciləri və daimi
immiqrasiya göstərilir. Artıq ölkənin bir sıra
regionlarında kiçikyaşlı məktəblilərin həddən
artıq çoxluğu müşahidə olunur. Bu problem
London, Dorset, Somerset, Bristol və Noric kimi
şəhərlərdə, Çeşir qraflığında daha kəskindir.
Böyük Britaniya qanunlarına görə, məktəblər
uşaqların yaşadığı evdən 30 mil (1 mil - 1609
metr) uzaqda yerləşməlidir. Lakin adıçəkilən
regionlarda sadəcə olaraq bu qədər təhsil
müəssisəsi yoxdur. Vəziyyətdən yeganə çıxış yolu
isə tərk edilmiş binalardan sinif otaqları kimi
istifadə olunmasıdır. Bristoldakı məktəblərdən
birində ibtidai sinif şagirdləri artıq tərk
edilmiş binanın zirzəmisinə köçüblər.
Portisxeddə isə məktəblilərin bir qismi keçmiş
mağaza binasında oxuyurlar. Böyük Britaniyanın
Təhsil Nazirliyi problemin bu cür həllindən
narahatlığını bildirir - tərk edilmiş və köhnə
evlərin zirzəmisində uşaqlar özlərini narahat
hiss edəcəklər. Bundan başqa, bu cür yerlərdə
müasir texnikanı yerləşdirmək də çətindir.
Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Stiven
Tviqq populyar "The Independent" qəzetinə
verdiyi açıqlamada köhnə binalardan istifadənin
həmişəlik deyil, müvəqqəti tədbir olduğunu
deyib. |
|
Biologiyada inqilabi kəşf |
Amerikanın
Vermont Universitetinin alimləri biologiya
sahəsində inqilabi kəşfə imza atıblar. Alimlər
müəyyən ediblər ki, elmə məlum olan I, II, III
və IV qan qruplarından əlavə daha iki -
Langerays və Cunior adlandırılan qan qrupları
mövcuddur. Bioloqlar hesab edir ki, bu qan
qruplarının aşkar olunması bəzi insanlar üçün "həyat
və ölüm məsələsi"dir. Tədqiqat qrupunun rəhbəri
Brayan Ballifin sözlərinə görə, qanköçürmə
zamanı Langerays və Cunior tipli qan qruplarının
uyuşmazlığı probleminə nadir hallarda rast
gəlinir. Lakin müəyyən etnik qruplar böyük
riskə məruzdur.
"50 mindən artıq yaponiyalı mənfi rezus-faktorlu
Cunior qan qrupuna malikdir və buna görə də
onlar qanköçürmə zamanı problemlərlə, ana və
dölün uyuşmazlığı ilə üzləşə bilərlər",-deyə
Ballif bildirib.
Fransız və yaponiyalı həmkarların yaxından
iştirakı ilə amerikalı bioloqlar mass-spektrometrin
köməyi ilə ABCB6 və ABCG2 eritrositlərinin
səthində Langerays və Cunior tipli qan
qruplarını müəyyən edən iki zülal aşkar ediblər.
Onlar daşıyıcı zülallara aiddir (bu zülallar
hüceyrə daxilində və kənarda metabolitlərin,
ionların daşınmasında iştirak edirlər).
Ballif qeyd edir ki, son tədqiqatların
nəticələrindən xərçəng xəstəliyinin müalicə
üsullarının (xüsusən də süd vəzisi xərçəngi)
yaxşılaşdırılmasında istifadə oluna bilər.
|
Xarici
mətbuat materialları əsasında hazırladı: Oruc MUSTAFAYEV |
|
|
|
|
|
|
|
|
|
|