Təhsil sistemi
Belarus
Respublikasının təhsil sistemi müstəqillik
illərində ciddi dəyişikliklərə məruz qalmasa da,
islahatların həyata keçirilməsinə də kifayət
qədər diqqət yetirilib. 1991-ci ildə "Təhsil
haqqında" Qanun qəbul edilib.
Ölkədə əhalinin savadlılıq səviyyəsi 99,7 faiz
təşkil edir. İbtidai və orta təhsil pilləsində
oxuyan şagirdlərin nisbəti Avropanın inkişaf
etmiş ölkələrinin göstəriciləri ilə uyğundur.
Dövlət məktəblərinin daha çox olduğu Belarusda
təhsilin bütün səviyyələri üzrə təxminən 10 minə
yaxın təhsil müəssisəsi fəaliyyət göstərir. Bu
təhsil müəssisələrində təhsil alanların sayı 2
milyona yaxındır.
Təhsil sisteminin qarşısında duran prioritet
məsələlərdən biri hamı üçün bərabər təhsil
imkanlarının yaradılmasıdır. Məktəbəqədər, orta,
texniki peşə, orta ixtisas və ali təhsilə marağı
artırmaq üçün kompleks tədbirlər həyata
keçirilir.
Belarusda ümumi orta təhsil səviyyəsi 3 pilləyə
bölünür:
*
ibtidai təhsil pilləsi (I-IV siniflər);
*
əsas təhsil pilləsi (V-IX siniflər);
*
tam orta təhsil pilləsi (X-XI siniflər, axşam
məktəblərində isə X-XII siniflər).
Uşaqlar 6 yaşına qədər məktəbəqədər təhsil
müəssisələrinə, daha sonra isə məktəbə qəbul
edilir. Məktəbəqədər təhsil icbari deyil.
İbtidai təhsil pilləsində şagirdlər ibtidai və
ya orta məktəblərdə, eləcə də gimnaziyalarda
oxuya bilərlər.
Əsas təhsil pilləsi bütün uşaqlar üçün icbari
xarakter daşıyır. İcbari təhsil pilləsinin
sonunda şagirdlərə əsas təhsil səviyyəsinə dair
sertifikat təqdim edilir. Bu sertifikat
şagirdlərə öz təhsillərini X-XI siniflərdə,
texniki peşə məktəblərində və ya texnikumlarda
davam etdirməyə imkan verir.
Ümumi orta təhsilə orta məktəblər, gimnaziyalar,
liseylər, kolleclər, o cümlədən ixtisaslaşmış
orta məktəblərdə yiyələnmək mümkündür. Orta
məktəbi bitirən şagirdlərə orta təhsil haqqında
sertifikat təqdim edilir.
Gimnaziya və liseylərdə daha yüksək səviyyəli
tədris mühiti formalaşdığına görə şagirdlər
həmin təhsil müəssisələrində oxumağa üstünlük
verirlər. Bir qayda olaraq, liseylərdə
universitetlərdə tədris aparan müəllimlər
işləyir, müasir tədris ləvazimatları və
avadanlıqlarından istifadə olunur. Gimnaziya və
liseylərdə əsasən, daha istedadlı və
qabiliyyətli şagirdlər təhsil alır. Ölkədə 212
gimnaziya, 29 lisey fəaliyyət göstərir.
Belarusda ümumi, humanitar, elmi, incəsənət və
politexnik təmayüllər üzrə 5 növ lisey fəaliyyət
göstərir. Liseylərə uyğun olaraq şagirdlərin
müvafiq profil üzrə ixtisaslaşması aparılır.
Kolleclərdə isə əsasən peşə təhsilinə
istiqamətlənmiş xüsusi orta təhsil təklif edilir.
Belə ki, kolleclərdə texniki peşə təhsili ilə
yanaşı, ümumi orta təhsil proqramı da tədris
olunur.
Şagirdlər texniki peşə təhsilini, həmçinin 9
illik əsas təhsil bazasını bitirdikdən sonra da
ala bilərlər. Ölkədə 219 texniki peşə məktəbi
fəaliyyət göstərir.
Ölkə müstəqillik qazandıqdan sonra başlanmış
təhsil islahatları bu gün də uğurla davam
etdirilməkdədir. Bu islahatlar ölkənin 2020-ci
ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə
tutan strateji proqram çərçivəsində həyata
keçirilir. Təhsillə bağlı qanunvericilik bazası
yenidən formalaşdırılır, təhsilin ayrı-ayrı
səviyyələri üzrə normativ-hüquqi sənədlər
hazırlanır. "Təhsil haqqında" Qanuna əsasən,
2003-cü ildə "Texniki peşə təhsili haqqında",
2004-cü ildə xüsusi təhsil ehtiyacları olan
uşaqlar üçün "Xüsusi təhsil haqqında", 2006-cı
ildə "Ümumi orta təhsil haqqında" və 2007-ci
ildə "Ali təhsil haqqında" qanunlar qəbul edilib.
2011-ci ildə təhsilin inkişafı üçün mühüm
əhəmiyyət kəsb edən Təhsil Kodeksi qəbul olunub.
Bu sənədin qəbulundan sonra təhsil sahəsində bir
sıra müsbət dəyişikliklər baş verib. Belə ki,
təhsilin strukturu dəqiqləşdirilib, təhsil
səviyyələrinin ad və məzmununda müəyyən
dəyişikliklər edilib.
2006-2010-cu illərdə orta məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində bir
sıra ciddi işlər görülüb, tədris prosesində
kompüter texnologiyalarının tətbiqinə daha geniş
yer verilib. Bu dövrdə dərslik nəşri üçün 96,2
milyard rubl (təxminən 35 milyon dollar) vəsait
ayrılıb. 843 adda dərslik, dərs vəsaiti və 192
adda metodiki-tədris vəsaiti hazırlanıb.
Ölkənin ali və orta ixtisas təhsili sistemi
dövlət və özəl sektora bölünür. Digər postsovet
respublikalarında olduğu kimi, dövlət təhsil
müəssisələri daha nüfuzlu hesab olunur.
Orta ixtisas təhsili dövrü şagirdlərin 9, yaxud
da 11 il orta təhsil almasından asılı olaraq, 2
və ya 4 il davam edir. Orta ixtisas təhsili
müəssisələrinə texnikumlar, texniki məktəblər və
kolleclər daxildir.
Ölkədə 121 dövlət, 11 özəl orta ixtisas təhsili
müəssisəsi fəaliyyət göstərir. Bu təhsil
müəssisələrində 167,6 min nəfər təhsil alır.
Belarus Boloniya prosesinə qoşulduqdan sonra ali
təhsil sahəsində beynəlxalq əlaqələrini
genişləndirib, inkişaf etmiş ölkələrin
təcrübəsinin tətbiqinə geniş yer verib. Ölkəyə
gələn əcnəbi tələbələrin və oxumaq üçün xaricə
gedən gənclərin sayı ilbəil artır.
Yüksək bal toplayaraq dövlət ali təhsil
müəssisələrinə qəbul olan tələbələr üçün
ödənişsiz təhsil imkanları yaradılır. Özəl ali
məktəblərdə isə təhsil hamı üçün ödənişlidir.
Ölkədə təhsil siyasətinin həyata keçirilməsini
Təhsil Nazirliyi təmin edir.
Məktəbəqədər təhsil
Belarus Respublikasında məktəbəqədər təhsil
erkən yaşlı və məktəb yaşlı uşaqların yaş və
fərdi imkanlarını nəzərə almaqla, hərtərəfli
şəxsiyyətyönümlü inkişafını təmin etməyə
istiqamətlənib. Qeyd etdiyimiz kimi,
məktəbəqədər təhsil icbari deyil.
Ölkədə 104 məktəbəqədər təhsil mərkəzi, 87
sanatoriya rejimli uşaq mərkəzi, 981 uşaq
bağçası, 2518 günüqısaldılmış qrup, həmçinin
psixi və fiziki imkanları məhdud olan uşaqlar
üçün 376 tərbiyə və təhsil qrupları fəaliyyət
göstərir. Körpələr evi və bağçalarına uşaqların
cəlb olunması 70 faiz təşkil edir.
Məktəbəqədər təhsil müəssisələrində çalışan ali
təhsilli pedaqoqların sayı ilbəil artır. Bu
sahənin gələcək inkişafı üçün "2009-2014-cü
illərdə Belarus Respublikasında məktəbəqədər
təhsil sisteminin inkişaf proqramı" qəbul edilib.
Bu proqramda əsasən, məktəbəqədər təhsil
müəssisələrinin optimallaşdırılması, uşaqların
sağlamlığının qorunması, göstərilən xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması və maddi-texniki
bazanın, o cümlədən məktəbəqədər təhsil
sistemində işləyən işçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması kimi məsələlər əks olunub.
Ümumi orta təhsil
Belarusda 6 yaşı tamam olmuş uşaqlar ibtidai
təhsilə başlaya bilərlər. İcbari təhsil
mərhələsi olan I-IX siniflər ümumi orta təhsil
səviyyəsinin əsas pilləsini təşkil edir.
Ümumi orta təhsil səviyyəsi şagirdləri mənəvi
və fiziki inkişafa təkan verən zəruri biliklərlə
təmin etməklə yanaşı, gələcəkdə əmək və təhsil
fəaliyyətinin davam etdirilməsinə şərait yaradır.
Qeyd etdiyimiz kimi, Belarusda ümumi orta təhsil
səviyyəsi 3 pilləyə bölünür:
*
ibtidai təhsil pilləsi (I-IV siniflər);
*
əsas təhsil pilləsi (V-IX siniflər);
*
tam orta təhsil pilləsi (X-XI siniflər, axşam
məktəblərində isə X-XII siniflər).
2011-ci ilin statistik göstəricilərinə görə,
ölkə üzrə 3516 ümumi orta təhsil müəssisəsi
fəaliyyət göstərir. Onlardan 2265-i kənd, 1251-i
isə şəhər məktəbləridir. Həmin təhsil
müəssisələrində 940360 şagird təhsil alır ki,
onların da 220158-i (23,4 faiz) kənd, 720202-si
isə (76,6 faiz) şəhər məktəblərinin payına düşür.
Ümumi təhsil müəssisələrində tədris prosesi
altıgünlük dərs rejiminə əsaslanır. Həftənin bir
gününü şagirdlər əsasən, idman, əmək və yaxud da
tədris istehsalat müəssisələrində dərs keçirlər.
Təhsil müəssisələrində tədris əsasən, Belarus və
rus dillərində aparılır. Bundan əlavə,
məktəblərdə, ingilis, alman, fransız, ispan və
Çin dilləri də tədris olunur. Milli azlıqlara (polyak,
Litva, Ukrayna və digər xalqların) öz ana
dillərini, mədəniyyətlərini və ənənələrini
öyrənmək imkanları yaradılır.
Tədris planına uyğun olaraq icbari fənlərlə (74
faiz) yanaşı, fakültativ fənlər (26 faiz) də
tədris edilir. Fakültativ fənlər şagirdlərin
istəyindən asılı olaraq seçilir. Həmin dərslərdə
adətən hər qrupda 3-5 nəfər şagird olur.
Qeyd etdiyimiz kimi, gimnaziya və liseylərdə
daha yüksək səviyyəli tədris mühiti
formalaşdığına görə şagirdlər həmin təhsil
müəssisələrində oxumağa üstünlük verirlər. Bir
qayda olaraq, liseylərdə universitetlərdə tədris
aparan müəllimlər işləyir, müasir tədris
ləvazimatları və avadanlıqlarından istifadə
olunur. Gimnaziya və liseylərdə əsasən, daha
istedadlı və qabiliyyətli şagirdlər təhsil alır.
Ölkədə 212 gimnaziya, 29 lisey fəaliyyət
göstərir.
Belarusda ümumi, humanitar, elmi, incəsənət və
politexnik təmayüllər üzrə 5 növ lisey fəaliyyət
göstərir. Liseylərə uyğun olaraq şagirdlərin
müvafiq profil üzrə ixtisaslaşması aparılır.
Kolleclərdə isə əsasən peşə təhsilinə
istiqamətlənmiş xüsusi orta təhsil təklif edilir.
Belə ki, kolleclərdə texniki peşə təhsili ilə
yanaşı, ümumi orta təhsil proqramı da tədris
olunur.
Belarus məktəblilərinin əldə etdikləri biliklər
beynəlxalq olimpiada və müsabiqələrin
nəticələrində də özünü göstərir. Belə ki, son
beş il ərzində keçirilmiş beynəlxalq bilik
yarışmalarında ölkə məktəbliləri 123 medal
qazanıblar. Bunlardan 15-i qızıl, 48-i isə gümüş
medaldır.
Texniki peşə təhsili
Belarusda 219 texniki peşə təhsili müəssisəsi
fəaliyyət göstərir. Bu tədris ocaqlarında 100
mindən artıq şagird təhsil alır.
Texniki peşə təhsili müəssisələri ilə yanaşı,
tam orta təhsil kolleclərində də peşə təhsilinə
istiqamətlənmiş xüsusi təhsil təklif edilir.
Ancaq həmin kolleclərdə texniki peşə təhsili ilə
yanaşı, ümumi orta təhsil proqramı da tədris
olunur. 9 illik əsas təhsil bazasını bitirmiş
şagirdlər də texniki peşə təhsili ala bilərlər.
Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki,
Belarusun iqtisadi həyatında texniki peşə
təhsilli kadrların özünəməxsus yeri var.
2006-2010-cu illərdə iqtisadi və sosial
sahələrdə çalışmaq üçün 236000 nəfər texniki
peşə təhsilinə yiyələnib.
Texniki peşə təhsilinin inkişafına dövlət
tərəfindən hərtərəfli qayğı göstərilir. Bu
sahənin müasir tələblər səviyyəsinə qaldırılması
üçün müvafiq dövlət proqramı həyata keçirilir,
kadr hazırlığında işəgötürənlərin təklifləri
nəzərə alınır.
Görülmüş işlərin nəticəsidir ki, texniki peşə
təhsili müəssisələrinin maddi-texniki bazası
möhkəmləndirilir, istehsalat təcrübələrinin daha
səmərəli təşkili məsələləri həllini tapır.
Texniki peşə təhsili müəssisələrində təhsil
alanların 96 faizindən çoxu işəgötürən
təşkilatların sifarişi əsasında hazırlanır.
Bütün bu məsələləri tənzimləmək üçün
işəgötürənlə texniki peşə məktəbləri arasında
müvafiq müqavilələr imzalanır.
Texniki peşə təhsili üzrə Belarusun əldə etdiyi
təcrübə bir sıra ölkələrdə tətbiq edilməkdədir.
Təsadüfi deyil ki, ölkənin bu sahədə qazandığı
uğurlar Avropa Təhsil Fondu tərəfindən də yüksək
qiymətləndirilir.
Ali və orta ixtisas təhsili
Belarusda ali və orta ixtisas təhsili sistemi
dövlət və özəl sektora bölünür. Digər postsovet
respublikalarında olduğu kimi, dövlət təhsil
müəssisələri daha nüfuzlu hesab olunur.
Orta ixtisas təhsili müəssisələrində tələbələrin
şəxsiyyət kimi inkişafına və iş həyatına
hazırlanmasına xüsusi diqqət yetirilir, onlara
dərin nəzəri biliklər verilir. Ölkə üzrə
ümumilikdə orta ixtisas təhsili almış 900 minə
yaxın işçi ayrı-ayrı sahələrdə çalışır. Bu isə
respublikadakı ümumi işçi qüvvəsinin 23 faizinə
bərabərdir.
Qeyd etdiyimiz kimi, ölkədə 121 dövlət, 11 özəl
orta ixtisas təhsili müəssisəsi fəaliyyət
göstərir. Həmin məktəblərdə 167,6 min şagird
təhsil alır. 2006-2010-cu illərdə orta ixtisas
təhsili müəssisələrində ölkə həyatının müxtəlif
sahələri üçün 216 min mütəxəssis hazırlanıb.
Son illərdə həyata keçirilən tədbirlər sayəsində
orta ixtisas təhsilli kadrların məşğulluq
məsələlərinin həlli göstəriciləri xeyli
yaxşılaşıb. Bu, əsasən, orta ixtisas təhsilli
mütəxəssislərin hazırlanması zamanı sosial-iqtisadi
tələblərin düzgün proqnozlaşdırılması sayəsində
mümkün olub.
Dövlət ali təhsil müəssisələrində yüksək bal
toplamış şəxslər üçün ödənişsiz təhsil imkanları
yaradılır. Özəl ali məktəblərdə isə təhsil hamı
üçün ödənişlidir.
Ali təhsil müəssisələrinin fəaliyyətinə də
Təhsil Nazirliyi nəzarət edir. Akkreditasiya,
lisenziya verilməsi, o cümlədən Dövlət Təhsil
Standartlarının işlənilib hazırlanması və tətbiq
edilməsi məsələlərini Təhsil Nazirliyi
tənzimləyir. 1998-ci ildə ali təhsil
müəssisələrinin daha səmərəli idarə olunmasının
təşkili ilə bağlı Ali Təhsilin İnkişafı
Konsepsiyası qəbul edilib.
1994-cü ildən ölkədə ikipilləli ali təhsilin (bakalavriat
və magistratura pillələri) tətbiqinə
başlanılması Belarusun təhsil tarixində mühüm
hadisələrdən biridir. Hazırda ali təhsil 4 illik
bakalavriat və 2 illik magistratura
pillələrindən ibarətdir.
Bakalavriat pilləsində tələbələrə öz
ixtisaslarına dair ümumi bilik və bacarıqlar
aşılanır, onların intellektual, eləcə də
yaradıcılıq potensialı inkişaf etdirilir.
Magistratura təhsili pilləsində mütəxəssis
hazırlığı daha da dərinləşdirilir, tələbələr
elmi tədqiqat işlərinin aparılması vərdişlərinə
yiyələnirlər.
Belarusda 45 dövlət və 10 özəl ali təhsil
müəssisəsi fəaliyyət göstərir. Belarus Dövlət
Universiteti, Dövlət İncəsənət Akademiyası,
Dövlət Pedaqoji Universiteti, Minsk Dövlət Ali
Radiotexniki Kolleci, Dövlət Kənd Təsərrüfatı
Akademiyası, Dövlət Fiziki Tərbiyə Universiteti,
Belarusiya-Rusiya Universiteti, Minsk Dövlət
Dillər Universiteti və digər ali təhsil
müəssisələrində 300000-ə yaxın tələbə təhsil
alır.
Ali təhsil müəssisələri içərisində öz nüfuzuna
görə fərqlənən Belarusiya Dövlət Universiteti
1921-ci ildə təsis olunub. Zəngin ənənələri olan
universitetin 17 fakültəsində tələbələr üçün
geniş təhsil imkanları yaradılıb.
Ali məktəblərdə bakalavriat pilləsi üzrə 438,
magistratura pilləsi üzrə isə 192 ixtisas tədris
olunur. Belarusda 2006-2010-cu illərdə 302000-dən
artıq ali təhsilli mütəxəssis hazırlanıb. Son
beş il ərzində tələbə kontingentinin ümumi sayı
400000-ə yaxınlaşıb.
Elmi tədqiqatlar
Son illər Belarusda müşahidə edilən iqtisadi
inkişaf meyilləri elmi tədqiqat sahəsindən də
yan keçməyib. Aspirantura və doktorantura
səviyyələrində mütəxəssislər müstəqil elmi
araşdırmalar aparır, konkret sahələr üzrə dərin
nəzəri biliklərə yiyələnirlər. Müvafiq
statistikaya görə, ölkədə ictimai və humanitar
elmlərə (46,5 faiz), texniki (18,7 faiz),
incəsənət (14,1 faiz), tibb (13,2 faiz), kənd
təsərrüfatı (4,1 faiz) sahələrindən daha çox
maraq göstərilir.
Elmi tədqiqat işlərinin yerinə yetirilməsində
ali məktəblər xüsusi çəkiyə malikdir. 2010-cu
ildə ali təhsil müəssisələri dövlət tərəfindən
sifariş olunmuş, fundamental və tətbiqi elmləri
əhatə edən 1766 tədqiqat işindən 735-ni həyata
keçirib. Universitetlər həmçinin ölkənin 300
istehsal müəssisəsi ilə əməkdaşlıq edir, onların
sifarişi əsasında elmi tədqiqat layihələrini
yerinə yetirirlər.
Biznes strukturlarının yaradılması layihələri də
universitetlərin innovasiya fəaliyyətinin
səmərəli inkişaf istiqamətlərindən birini təşkil
edir. Ali təhsil müəssisələri belə layihələrdən
kifayət qədər iri məbləğlərlə ölçülən qazanc
götürür. Həmçinin, müvafiq elmi tədqiqat
layihələri əsasında əldə edilən məhsulların
ixracı həyata keçirilir. Həmin məhsullar
dünyanın 30-dan artıq ölkəsinə göndərilir.
2010-cu ildə innovasiya infrastrukturunun
yaradılması və inkişaf etdirilməsi məqsədilə
Viteb Texnoloji Universiteti və Poloç Dövlət
Universitetində elmi-texnoloji parklar, Xarbin
şəhərində müştərək Belarus-Çin innovasiya
mərkəzləri, A.D.Saxarov adına Beynəlxalq Dövlət
Ekoloji Universiteti nəzdində Texnologiya
Transfer Mərkəzi, Çinin Çan Çun şəhərində
müştərək Belarus-Çin texnoparkı yaradılıb. Bu
sahədə çalışan kadrların təkmilləşdirilməsi üçün
də müvafiq addımlar atılır.
Belarus universitetləri 58 ölkənin tədqiqat
qurumları ilə elmi və elmi-texniki əlaqələr
yaradıb. Bu baxımdan imzalanmış 700-dən çox
müqavilə çərçivəsində əməkdaşlıq inkişaf
etdirilir, birgə elmi tədqiqat layihələrinin
əhatə dairəsi genişləndirilir.
Belarus Milli Elmlər Akademiyası 1929-cu ildə
təsis edilib. Akademiyanın işçi heyətinə və
tabeliyində olan institutlarda 5900 tədqiqatçı,
11200 laborant və texniki işçi çalışır.
Akademiya müxtəlif ixtisaslar və elmi tədqiqat
işlərini özündə birləşdirir. Hazırda 89 akademik,
126 müxbir üzv akademiyada və universitetlərdə
kənd təsərrüfatı, sənaye, səhiyyə xidməti və
digər çoxsaylı sahələr üzrə tədqiqat işləri
aparır.
Əlavə təhsil
Belarusda ixtisasartırma təhsili ilə bağlı
390-dan artıq tədris müəssisəsi fəaliyyət
göstərir. İxtisaslar üzrə təkmilləşdirmə,
təcrübə keçirilməsi və kadrların yenidən
hazırlanması prosesinə 550000 işçi (ölkə üzrə
ümumi işçi qüvvəsinin təxminən 14 faizi) cəlb
olunub.
Müxtəlif peşə sahiblərinin ixtisaslarının
təkmilləşdirilməsi təhsilin ayrı-ayrı pillələri
üzrə aparılır. Yaşlıların əlavə təhsili
proqramının əsas hədəfi əhalinin məşğulluq
probleminin həllinə təkan verməkdən, istehsal
müəssisələrini müvafiq bilik və bacarıqlara
yiyələnmiş işçilərlə təmin etməkdən ibarətdir.
Ölkədə uşaq və gənclərin əlavə təhsilinə də
maraq böyükdür. Uşaqların bilik və
bacarıqlarının inkişafı, peşə seçiminin
müəyyənləşdirilməsi və onların cəmiyyətin
tələblərinə uyğun şəkildə hazırlanması
baxımından əlavə təhsil mühüm əhəmiyyət kəsb
edir. Uşaq və gənclərin əlavə təhsili
çərçivəsində idmanın müxtəlif növləri üzrə
ixtisaslaşmış tədris-idman kompleksləri
fəaliyyət göstərir. Bu tədris müəssisələrində 70
minə yaxın şagird və gənc məşğul olur.
Fasiləsiz peşə təlimi, ali və orta ixtisas
təhsil səviyyələrində əlavə təhsil imkanları da
kifayət qədər genişdir.
Yaşlıların əlavə təhsili müəssisələri və
ixtisaslaşmış tədris mərkəzləri əmək bazarının
tələblərini öyrənir, daha sonra isə işsizləri
əlavə təhsilə cəlb edir. Yaşlıların əlavə
təhsili müvafiq bacarıqlara yiyələnmək üçün
təcrübə keçən, təhsilini davam etdirmək və əmək
bazarının tələblərinə uyğunlaşdırmaq istəyən
şəxslərin peşə baxımından təkmilləşdirilməsinə
imkan verir.
Yaşlıların əlavə təhsili sistemini inkişaf
etdirmək məqsədilə Belarusda ömürboyu təhsil
prinsipinə əməl olunur. Gələcəkdə ölkənin
innovativ inkişaf tələblərinə uyğun olaraq
kadrların yenidən hazırlanması və
təkmilləşdirilməsi işinin daha səmərəli təşkili
nəzərdə tutulur.
Beynəlxalq əməkdaşlıq
Belarus Avropa ali təhsil məkanında ixtisasların
qarşılıqlı tanınması-Boloniya prosesinə
qoşulmaqla dünya təhsil məkanının fəal
iştirakçısına çevrilib. Ölkə milli və mədəni
özünəməxsusluğunu saxlamaqla dünya təhsil
məkanına inteqrasiyanı reallaşdırmaq, elmi
tədqiqat sahəsində əməkdaşlığı genişləndirmək
üçün ardıcıl addımlar atır.
Təhsil sahəsində müxtəlif ölkələr və beynəlxalq
təşkilatlarla 60-dan çox müqavilə imzalanıb.
Beynəlxalq müqavilələrin tərəfdaşları arasında
Rusiya, Venesuela, Hindistan, Çin, Qazaxıstan,
İsveçrə, Almaniya və digər ölkələrin adlarını
çəkə bilərik. Fransa, Finlandiya, Avstriya,
Belçika, Polşa, Çexiya, Böyük Britaniya, Latviya,
Litva, ABŞ, Koreya və digər ölkələrlə daha çox
elmi tədqiqat sahəsində əlaqələr yaradılıb.
YUNESKO, YUNİSEF, Avropa Təhsil Fondu kimi
nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrə də
xüsusi diqqət yetirilir. Ölkədə TEMPUS, TASİS,
ERASMUS, MUNDUS və digər beynəlxalq təhsil
proqramları uğurla həyata keçirilir. Alman
Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq
tələbə mübadiləsinin genişlənməsinə yol açır.
Beynəlxalq təhsil proqramlarından hər il
təxminən 16 min nəfər yararlana bilir. Əcnəbi
tələbələrin də təhsil proqramlarından
bəhrələnməsi üçün çevik sistem yaradılıb.
Belarusda təhsil almaq istəyən əcnəbi
tələbələrin maraqları, ixtisas tələbləri nəzərə
alınır. Rus dilini bilməyən əcnəbi tələbələr
üçün hazırlıq kursları təşkil edilir. Təsadüfi
deyil ki, ölkənin ali məktəblərində təhsil alan
əcnəbi tələbələrin sayı son 5 il ərzində 10 min
nəfərə çatıb.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında Belarus Respublikası
Təhsil Nazirliyinin rəsmi məlumatlarından
istifadə olunub. |