Martın 5-də Bakıdakı 30 nömrəli tam orta məktəbdə
təhsil islahatı və Milli Kurikulumun tətbiqi
çərçivəsində Metodiki Resurs Mərkəzinin açılış mərasimi
keçirilib.
Əvvəlcə qonaqlar "Riyaziyyat" və "Azərbaycan dili və
ədəbiyyat" fənn aylıqları çərçivəsində məktəbdə görülən
işlər, şagird və müəllimlərin yaradıcılıq nümunələri, 20
Yanvar faciəsi və Xocalı soyqırımı qurbanlarının
xatirəsinə həsr olunmuş divar qəzetlərindən və
fotolardan ibarət sərgi ilə tanış oldular. Sonra
Metodiki Resurs Mərkəzinin açılış rəmzi olan qırmızı
lent kəsildi. Məktəbin direktoru Həqiqət İsmayılova
mərkəzdə görülən işlər haqqında ətraflı məlumat verdi.
Qeyd olundu ki, mərkəzdə qədim sənətkarlıq nümunələrini
özündə birləşdirən Azərbaycan tarixinə aid guşə
yaradılıb. Milli Kurikulumların tətbiqinə dair divar
qəzetləri, jurnallar, fotoguşələr, həmçinin müəllim və
şagirdlərin yaradıcılıq işlərindən ibarət sərgilər
tərtib edilib.
Açılış mərasimi məktəbin akt zalında şagirdlərin
ifasında ədəbi-bədii kompozisiya ilə davam etdi. Dövlət
himninin oxunması ilə başlanan tədbirə üçrəngli Dövlət
bayrağı gətirildi. Ulu öndər Heydər Əliyevin təhsillə
bağlı fikirləri səsləndirildi. Aparıcılar müasir
Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin
bütün sahələrdə olduğu kimi təhsilə göstərdiyi
diqqətindən, qayğısından danışdılar. Dedilər ki, ulu
öndərimiz Heydər Əliyev xalqımızın gələcəyi olan
uşaqları çox sevir, onların savadlı və vətənpərvər
olmasını arzu edirdi. Sevindirici haldır ki, ulu
öndərin Azərbaycanın çiçəklənməsi naminə apardığı
siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Şagirdlərin ifasında ümummilli lider Heydər Əliyevə həsr
olunmuş şeirlər və mahnılar səsləndi.
Elm dünyasına səyahət edən şagirdlər inkişafın açarı
olan elmə həsr olunmuş şeirlər dedilər, rəqs nömrələri
göstərib, mahnılar ifa etdilər. 1-dən 5-ə kimi
qiymətlərin səhnəciyi ilə davam edən tədbirdə dilimizin
gözəlliklərinin bədii ifadəsi kimi təqdim olunan xalq
şairi Bəxtiyar Vahabzadənin "Ana dilim" şeiri tədbir
iştirakçıları tərəfindən maraqla qarşılandı.
Məktəbin direktoru Həqiqət İsmayılova tədbirdə iştirak
edən qonaqları salamlayaraq təhsil müssisəsinin uğurları
barədə danışdı. Bildirdi ki, məktəb bu il ali məktəblərə
qəbula görə xeyli fərqlənib.
BŞTİ-nin Metodiki Mərkəzinin direktor müavinləri Nadir
Əliyev və Sitarə Məmmədova çıxışlarında məktəbdə həyata
keçirilən işləri yüksək qiymətləndirərək pedaqoji
kollektivə təhsil islahatlarının həyata keçirilməsində
uğurlar arzuladılar.
R.RAMAZANOĞLU |