(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları
əsasında)
Gərəkli bir-iki söz
Bu
silsilədən olan məqalələri yalnız Sankt-Peterburq
arxivindən götürdüyüm materiallar üzərində qurmağı
düşünürdüm. Ancaq Nəsir bəy Tahirova çatanda gördüm ki,
bu, özünü o qədər də doğrultmur, çünki haqqında
danışılacaq tələbənin şəxsiyyəti toplumuza maraqlıdır və
əldə onunla bağlı başqa bəlgələr də var. Belə olduqda
yazı niyə dar çərçivəyə salınsın?
Azərbaycanda bu günədək Nəsir bəy Tahirovdan danışan
ayrıca bir məqalə də yazılmayıb. Buna bəlkə də dözmək
olar. Ancaq onun atası - Zaqafqaziya şeyxülislamı Axund
Mirzə Həsən bəy Tahirzadənin də həyatının qaranlıqlar
içində qalması isə dözülməzdir. Buna görə də əlinizdəki
məqalədə Azərbaycan arxivlərindən götürdüyüm bəlgələrdən
və əlavə bilgilərdən də yararlanmağı qərara aldım.
Qarabağda - Şuşada yetişərək ad-san qazanmış
Tahiroğulları - Tahirzadələr/Tahirovlar soyu çox
qol-budaqlıdır. Ancaq onların şərəfli tarixi özlərinə
layiq genişliklə öyrənilmədiyinə görə bu gün həmin
soyadı daşıyan insanlar arasında nəinki bağlar qopub,
hətta onlar qohum olduqlarını belə bilmirlər. Doğrudur,
görkəmli araşdırıcı Ənvər Çingizoğlu (Fərəcov) Qarabağın
bir çox soyları kimi Tahiroğullarının da tarixini ortaya
qoymaq üçün xeyli zəhmət çəkib və dəyərli "Tahirovlar"
məqaləsini yazıb ("Soy" dərgisi, 2008, № 3), ancaq təbii
ki, bir yazıda belə geniş bir mövzunu əhatə etmək
mümkünsüzdür.
Xatırladım ki, damarlarında eyni qanı daşıyan
soydaşlarımız arasında Əziz bəy Tahirov, Fatma xanım
Kəminə, Rəsul bəy Tahirov, Əliş bəy Tahirov, keçmiş
xarici işlər naziri Tahirə xanım Tahirova, "Pravda"
qəzetinin Azərbaycan üzrə keçmiş müxbiri Leonid Tahirov
və bir çox başqa görkəmli aydınlarımız var.
Bu yazıdakı sənədlərin mətnində düz mötərizə [ ]
içərisində verilən sözlər və adi mötərizə içərisindəki
aydınlatmalar müəllifindir.
2. Tahirov Nəsir bəy Axund Mirzə Həsən bəy oğlu
(5 fevral 1864, Şuşa-?)
(SPb. MTA, f.14, s.3, iş 23773, 1884-cü il)
İki tələbədən birincisi
Araşdırıcı
Ənvər Çingizoğlunun bildirdiyinə görə, Tahiroğullarının
ulu babası Güney Azərbaycanın Sərab vilayətinin Gərmərud
mahalında yaşamış Məhəmmədtahir bəy’dir.
Onun törəmələri sonralar Qarabağa gələrək Şuşa
şəhərində, Cavanşir mahalının Kəngərli və
Qapanlı kəndlərində yerləşiblər. Şeyxülislam Axund
Mirzə Həsən bəy Tahirzadə də həmin Məhəmmədtahirin
soyundandır.
1884-cü ildə Sankt-Peterburq İmperator Universitetinə
yalnız iki Azərbaycan Türkü qəbul olunmuşdu: Nəsir
bəy Mirzə Həsən bəy oğlu Tahirov və Əlimərdan bəy
Əliəkbər bəy oğlu Topçubaşov. Maraqlıdır ki, onların
ikisi də universitetin fizika-riyaziyyat fakültəsində
oxusa da sonradan hüquq fakültəsinə dəyişilərək oranı
bitirib.
Nəsir bəyin tələbə şəxsi işi daha əvvəl açıldığına görə
yazmağa öncə ondan başlayırıq.
Doğum haqqında şəhadətnamə
Rusiya ali məktəblərində oxumuş bütün tələbələrimizin
şəxsi işlərində hökmən doğum haqqında şəhadətnamə də var.
Eyni səhifədə həm türkcə (təbii ki, ərəb qrafikasında),
həm də rusca yazılmış şəhadətnaməni şəxsən ya
Zaqafqaziya şeyxülislamı (şiələr üçün), ya da müftisi
(sünnilər üçün) imzalayaraq təsdiqləyir. Şeyxülislam
Axund Əhməd Hüseynzadə’nin (Əli bəy Hüseynzadənin
babası) imzaladığı sənəddə oxuyuruq ki, bu
şəhadətnamə Nəsir bəy Mirzə Həsən bəy oğlu Tahirova
ondan ötrü verilib ki, o, gerçəkdən həmin Mirzə Həsən
bəyin öz qanuni arvadı Səlma xanım Seyid Əli qızından 5
fevral 1864-cü ildə doğulmuş oğludur və həmin adı ona
Şuşa qəzasının keçmiş qazısı, rəhmətlik Mirzə Əbülqasım
verib.
Doğrudur, burada tələbənin adı "Nəsir" yazılıb, ancaq
onun əsl adı bəzi sənədlərdə "Nəsrullah" göstərilib;
deməli, "Nəsir" həmin adın qısaltmasıdır.
Kamal attestatı
Bu sənəd Nəsir bəyin yaşamının bir anına işıq salmaq
baxımından da maraqlıdır. Orada Nəsir bəy Tahirovun bəy
silkindən olduğu, 5 fevral 1864-də
Şuşada doğulduğu, Kronştadt gimnaziyasında 3 il, Tiflis
1-ci gimnaziyasında 6 il oxuduğu və bir il də VIII
sinifdə olduğu göstərilib. Qiymətləri "3" və "4"-dür.
Soruşula bilər ki, Nəsir bəyin Kronştadtda nə işi var ki,
orada 3 il oxuyub? Məncə, çox da baş sındırmağa dəyməz -
atasının xidmətiylə bağlı olaraq gənc gimnazist də
Peterburqa tabe bu şəhərdə ailəsiylə birgə yaşayıb.
Nəcabət haqqında şəhadətnamə
Bu bəlgə də bir çox baxımdan maraq doğurur. Öncə ana
dilimizdə - türkcə yazılmış, sonra rusca kiçik əlavələr
edilmiş sənədin bizim dilimizdəki mətnini qısaltmadan və
dilinə toxunmadan verirəm: "1872-minci ilin sentyabr
ayının 18-minci günündə biz, zeyldə (aşağıda) dəsti-xətt
yazan Qarabağ vilayətinin xanzadə və məlikzadə və
bəyzadələri bu şəhadətnaməni Nəsir bəy Mirzə Həsən
bəy oğlu Tahirova verirük bu üzrə ki, müşarileyh
(haqqında danışılan şəxs) Qarabağın qədimül-əyyamda xan
əsrlərindən sahibi-ehtiram və nəcib bəylərinin
nəslindəndir, necə ki, onun ocağını cənab müstətab (çox
hörmətli) imperatorzadeyi-əfxəm (daha böyük imperator
oğlu) canişini-Qafqaz tərəfindən təyin olunan bəy
kamisyəsi dəxi nəslənbədnəsl (nəsilbənəsil) bəylərinin
cümləsindən hesab edübdir, lihaza (buna görə) bu
qövlümüzün (dediyimizin) istehkamı (təsdiqi) üçün həmin
şəhadətnaməyə qol yazduq.
Mən Ağa bəy Cavanşir qol yazdım.
Mən Kərim ağa Cavanşir [qol yazdım].
Mən Abbas bəy Cavanşir qol yazdım.
Mən Paşa ağa Cavanşir [qol yazdım].
Mən Abbasqulu ağa Xancan ağa oğlu [qol] yazdım.
Mən İsgəndər bəy Əmiraslan bəy oğlu qol yazdım.
Mən Qasım ağa Cavanşir qol yazdım.
Qubernski sekredar Hüseyn bəy Usubov".
Sənədin
sonundakı rusca əlavədə şahidlərə bunlar da artırılıb:
kollej katibi Haşım bəy Vəzirov, Fərəc bəy
Vəlibəyov, Əsəd bəy Behbudov, kollej
qeydiyyatçısı Cavad bəy Əliyev, quberniya
katibi Mehdi bəy Camalov, kollej
qeydiyyatçısı Cəfər bəy Vəzirov.
Bu şəhadətnaməni gerçəkdən 14 nəfərin imzalamasını 29
sentyabr 1872-ci ildə Şuşa şəhər polis pristavının
köməkçisi poruçik Rəfibəyov təsdiqləyib.
Fakültədən fakültəyə
Bunu xatırladım ki, Nəsir bəy 1884-cü ildə Qori
Müəllimlər Seminariyasını bitirib. Elə həmin il də
sənədlərini Sankt-Peterburq Universitetinə verərək oraya
qəbul olunub. 29 sentyabr 1884-cü ildə rektora yazdığı
ərizədə xahiş edib ki, məni hüquq fakültəsinin 1-ci
kursundan fizika-riyaziyyat fakültəsinə keçirin.
Arzusuna əməl edilib. Ancaq yeni fakültənin 2-ci
kursundaykən hansı səbəbdənsə yenidən hüquq fakültəsinə
dönmək istəyib və 17 dekabr 1885-ci ildə bu haqda
rektora ərizə verib. Görünür ki, özünü nümunəvi tələbə
kimi tanıtdığına görə universitet rəhbərliyi onun nazı
ilə oynayıb və bu istəyini də gerçəkləşdirib. Beləliklə,
o, sonadək hüquq fakültəsində oxuyaraq oranı bitirib.
Qafqaz təqaüdü
Tiflisdə yerləşən Xalq Təhsili Nazirliyinin Qafqaz
Tədris Dairəsi dövlət xəzinəsi hesabına oxumaq üçün hər
il Qafqazın yerli xalqlarının nümayəndələrindən öncədən
müəyyənləşmiş sayda Rusiyanın ali məktəblərinə
göndərirdi. Şərt də bu idi ki, məktəbi bitirənlər hökmən
qayıdıb Qafqazda bir neçə il işləməliydilər.
XTN Qafqaz Tədris Dairəsinin hamisi (popeçiteli) 8
fevral 1887-ci ildə Sankt-Peterburq İmperator
Universitetinin rektoruna yazdığı 853 saylı məktubda
bildirir: "Zaqafqaziya Şeyxülislamı Axund [Mirzə
Həsən bəy] Tahirov onun oğlu, Siz əlahəzrətin rəhbərlik
etdiyi universitetin hüquq fakültəsinin 2-ci kurs
tələbəsi Nəsir bəy Tahirova Qafqaz təqaüdü verilməsi
xahişi ilə mənə müraciət edib.
Bununla bağlı olaraq Siz əlahəzrətdən acizanə xahiş
etməklə şərəflənirəm ki, Nəsir bəy Tahirovun uğurları və
davranışı haqqında mənə məlumat verəsiniz və onun Qafqaz
təqaüdü təyin edilməsinə layiq olub-olmaması haqqında
fikrinizi bildirəsiniz".
Rektor bu məsələyə çox tez baxıb və cəmi iki həftədən
sonra - 23 fevral 1887-də cavab yazaraq bildirib ki,
etirazım yoxdur. Bu razılıqdan sonra Nəsir bəy təhsilini,
əlbəttə, Qafqaz təqaüdüylə, yəni xəzinə hesabına davam
etdirib.
Siyasi səbatlılıq haqqında... şəhadətnamə
Unutmayaq
ki, Nəsir bəyin universitetdə oxuduğu dönəmdə Rusiya
mühitində mütləqiyyətə qarşı ciddi etirazlar vardı və
ali məktəb tələbələri inqilabi düşüncələrin başlıca
daşıyıcılarıydı. Bu üzdən də universitet məzunlarına
dövlət müəssisələri ehtiyatla yanaşır, onlardan ali
məktəbdə özlərini necə aparmaları haqqında arayış tələb
edirdi. SPb. Universitetinin rektoru hüquq fakültəsini
bitirmiş Nəsir bəy Tahirova 11 aprel 1890-cı ildə bu
məzmunda bir şəhadətnamə də vermişdi ki, universitetdə
oxuduğu müddətdə ondan qanunazidd heç bir hərəkət, yaxud
hakimiyyətin qoyduğu qaydalara sayğısızlıq görünməyib.
1893-cü ildə verilmiş bir vəsiqədə Nəsir bəyin Tiflis
Dairə məhkəməsində işlədiyi göstərilir. Təəssüf ki, onun
sonrakı həyatı haqqında əlimizdə bilgilər yoxdur. Ənvər
Çingizoğlunun mənə bildirdiynə görə, Nəsir bəy 1918-ci
ildə - Cümhuriyyət dönəmində Azərbaycanda da məhkəmə
sistemində çalışıb. İnanmaq istərdik ki, tarixçilərimiz
bu boşluğu dolduracaq, ilk hüquqşünaslarımızdan olan
Nəsir bəy Tahirovun həyatının sonrakı dövrünü də
öyrənəcəklər.
Şeyxülislam Axund Mirzə Həsən bəy Tahirzadə
Nəsir bəyin atası haqqında bir çox qaynaqlarda
səpələnmiş bilgilər var. Bu yazıda şeyxülislamın AR
Tarix Arxivindən götürdüyüm şəxsi işində (fond 290,
siyahı 1, iş 421) saxlanılan qulluq siyahısındakı
qeydləri oxuculara çatdıracağam. Məncə, bu qaynaqda
yazılanlar həm doğruluq və dəqiqlik, həm də Mirzə Həsən
bəyin həyatını daha geniş biçimdə əhatə etmək baxımından
başqalarından daha üstün, daha önəmlidir.
Mirzə Həsən bəyin 4 dekabr 1893-cü ildə tərtib edilmiş
qulluq siyahısından aşağıdakıları öyrənirik.
Çini olmayan Axund Mirzə Həsən bəy Mirzə Nəsir bəy
oğlu Tahirzadə Zaqafqaziya şeyxülislamı və
Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədridir, 56 yaşı var,
Məhəmmədiyyə dinində, Əli məzhəbindədir. Fərqlənmə
nişanları, yəni orden-medalları yoxdur. İldə 1.800 manat
maaş alır ki, bunun 200 manatını Tiflis Müsəlman
Məktəbinin ştatlı baxıcısı olaraq həmin məktəbin
nizamnaməsinə uyğun olaraq alır. Bəy rütbəsi var. İrsi
malikanəsi yoxdur. Şuşada üçmərtəbəli daş evi var.
Təbrizdə "Talibiyyə" ali ruhani mədrəsəsində təhsil alıb
və elmlərin tam kursunu bitirib.
8 aprel 1859-cu ildə Şuşa qəzası rəisinin vəsatəti və
c-b Bakı hərbi valisinin təsdiqi ilə Cavanşir qəzası
Qapanlı kəndinin mollası təyin edilib.
Zaqafqaziya Şiə Ruhani İdarəsinin çağırışıyla həmin
idarədə imtahan verib və axund alimlik dərəcəsi
attestatına layiq görülüb (6 avqust 1873).
Qafqaz canişininin təqdimatına və Əlahəzrət imperatorun
ali təsdiqləməsinə əsasən Əlahəzrətin özəl konvoyu (qoruma
gücləri) Qafqaz eskadronu leyb-qvardiyası 4-cü müsəlman
bölüyünün axundu təyin edilib (21 avqust 1873).
Canişinin dəvətiylə Əlahəzrət imperatorun paj (saray
qulluqçuları) korpusunda müsəlman pajların şəriət
müəllimi təyin edilib (23 yanvar 1874).
Sankt-Peterburq Universiteti Şərq dilləri fakültəsində
keçirilmiş seçkiyə əsasən, rektorun icazəsiylə 25
oktyabr 1878-ci ildən 4 may 1879-cu ilədək fars dili
müəllimi olub, ildə 1.000 manat mühazirəçi maaşı alıb
(25 oktyabr 1878).
Əlahəzrətin konvoyunda müəyyən edilmiş dörd illik
axundluq müddətini başa vurduğuna görə Əlahəzrət onu
qulluqda saxlanılmaqla ildə 300 manat təqaüdlə
mükafatlandırıb (27 aprel 1879).
Zaqafqaziya şeyxülislamının vəsatətinə və c-b Gəncə
valisinin sərəncamına əsasən Əlahəzrət konvoyunun axundu
vəzifəsindən müəyyən maaşla Şuşa qəzasının qazısı
vəzifəsinə dəyişdirilib (11 avqust 1880).
Şuşa real məktəbi direktorunun vəsatətinə və c-b Gəncə
valisinin icazəsinə əsasən 3 aprel 1882-ci ildən 5
sentyabr 1885-ci ilədək ildə 600 manat maaşla həmin
məktəbdə şəriət müəllimi və fars və "Aderbican" dilləri
müəllimi işləyib (3 aprel 1882).
Ciddi-cəhdlə çalışdığına görə c-b Qafqaz Tədris Dairəsi
hamisinin təqdimatıyla 150 manat pulla mükafatlandırılıb
(12 may 1884).
Şuşa real məktəbində şəriət, fars və "Aderbican" dilləri
müəllimi işlədiyi zaman həmin məktəbin şurası onu
sentyabr 1883-cü ildən 5 sentyabr 1885-ci ilədək
xeyriyyə cəmiyyətinin xəzinədarı seçib (1883).
Qafqazda mülki hissə üzrə baş rəisliyin təqdimatına və
Əlahəzrətin razılığına əsasən Zaqafqaziya şeyxülislamı
və Şiə Ruhani İdarəsinin sədri seçilib (5 sentyabr
1885). Eyni zamanda Tiflis Şiə Müsəlman Məktəbində
oranın nizamnaməsinə uyğun olaraq xəzinədən maaş almaqla
ştatlı baxıcı kimi saxlanılıb.
1887-ci ildə Azərbaycan türkcəsini təbliğ etmək, eyni
zamanda bu dili öyrənmək istəyən ruslara yardım niyyəti
ilə rusca "Samouçitel tatarskoqo yazıka ili rukovodstvo"
("Türk dilini öyrənmə qılavuzu, yaxud Türk dili rəhbəri")
adlı dərslik hazırlayıb. 1890-cı il iyunun 12-də Tiflis
şəhərinin baş senzoru həmin kitabın çapına icazə verib.
Qafqazda mülki hissə üzrə c-b baş rəisin sərəncamına
əsasən, Dəftərxananın 31 may 1888-ci il 5371 saylı
təliqəsinə uyğun olaraq Zaqafqaziya diyarında Şiə Ruhani
İdarəsinə tabe olan müsəlman idarələrində 1888-ci ilin 4
iyulundan 30 noyabrınadək və 1889-cu ilin 12 aprelindən
14 dekabrınadək yoxlamalar aparıb və Əsasnamənin 86-cı
maddəsinin tələbinə əsasən təftişin nəticələri haqqında
hesabat təqdim edib.
Axund Mirzə Həsən bəy Tahirzadə şeyxülislam
vəzifəsindəykən 21 iyun 1893-cü ildə qəflətən vəfat edib
və Tiflisdəki müsəlman məzarlığında basdırılıb. Sonralar
gürcülər həmin qəbiristanlığı yer üzündən sildiyinə görə
onun da məzarı qalmayıb.
Tahiroğulları soyunun iki görkəmli nümayəndəsi olan
ata-oğul haqqında bilgilərimiz bunlarla sona çatır.
(Ardı var)
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
Tel.: +994-50-612-68-13
adalet_tahirzade@yahoo.com |