Mayın 30-dan iyunun 14-dək Türkiyədə X Beynəlxalq Türkcə
Olimpiadası keçiriləcəkdir.
Qafqaz Universitetinin Mətbuat xidmətindən aldığımız
məlumata görə, martın 2-də Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında həmin olimpiadada iştirak etmək
üçün namizədlərin seçilməsi məqsədilə ölkəmizdə
keçirilmiş müsabiqənin final mərhələsi olmuşdur. Final
mərhələsində mahnı və şeir kateqoriyalarında 12 şagird
mübarizə aparmışdır.
Münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında
Lamiyə Quliyeva (Qafqaz Özəl Gimnaziyası), mahnı
kateqoriyasında isə Səma Sultanova (Xocavənd rayonu 3
nömrəli orta məktəb) qızıl medala layiq görülmüşlər.
Birinci yeri qazanan bu şagirdlər cari ilin iyun ayında
Türkiyədə keçiriləcək X Beynəlxalq Türkcə Olimpiadasında
ölkəmizi təmsil edəcəklər.
Qalibləri təbrik edən təhsil naziri Misir Mərdanov "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətini yüksək
qiymətləndirmişdir. Ötən 20 ildə bu qurumun
Azərbaycan-Türkiyə münasibətlərinə sədaqətlə xidmət
etdiyini vurğulayan nazir təhsilimizin bugünkü səviyyəyə
çatmasında ulu öndər Heydər Əliyevin xeyir-duası ilə
fəaliyyətə başlamış "Çağ"ın danılmaz əməyi olduğunu
bildirmişdir.
"Çağ" Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz müsabiqə
barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki,
builki olimpiadada dünyanın 140 ölkəsi iştirak edəcəkdir.
Ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən
şagirdlər türkcə şeir və mahnılarla öz duyğularını bəyan
edəcək, türk dilinin sevgi, barış dili olduğunu bir daha
dünyaya çatdıracaqlar.
Y.ƏLİYEV |