Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
Pakistan İslam Respublikası Senatının sədr müavini Mir
Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb. Görüşdə Azərbaycan-Pakistan iqtisadi, siyasi və
mədəni əlaqələri barədə fikir mübadiləsi aparılıb,
Pakistan İslam Respublikası Senatı tərəfindən
Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını
tanıyan qətnamənin əhəmiyyəti qeyd edilib.
Həmçinin iki ölkənin ali təhsil müəssisələri arasındakı
əlaqələrdən də məmnunluq ifadə olunub. 2001-ci ildən
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində
urdu dilinin tədris edildiyini bildirən rektor qeyd edib
ki, hazırda bu ixtisas üzrə 32 tələbə təhsil alır və
tələbələrə urdu dili və ədəbiyyatı ilə yanaşı,
Pakistanın tarixi, coğrafiyası, iqtisadiyyatı,
mədəniyyəti və hüquq sistemi fənləri tədris olunur.
İndiyə qədər isə urdu dilini 56 bakalavr və 4 magistr
bitirib.
Rektor həmçinin BDU ilə Pakistanın ölkəmizdəki
səfirliyi arasında sıx münasibətlərin olmasını qeyd
edərək bir müddət öncə səfir İnayatullah Kakarla
görüşünü xatırladıb. Səfirin universitetin urdu otağına
165 kitab, televizor, videomaqnitofon və kompüter
hədiyyə etdiyini deyərək ona minnətdarlıq edib.
Daha sonra geniş tələbə auditoriyası qarşısında çıxış
edən cənab Mir Can Camali Ermənistanın Azərbaycana
təcavüzünü, ermənilərin Xocalıda törətdikləri
soyqırımını qəti şəkildə pisləyib. Dağlıq Qarabağ və
Kəşmir problemi arasında oxşar cəhətlərin çox olduğunu
xatırladan sədr müavini insan amilinə hörmətin islam
dininin ən əsas hissəsini təşkil etdiyini deyib. Qonaq
həmçinin Azərbaycanın gələcək nəslini təmsil edəcək
gənclərin qarşısında çıxış etməsindən məmnun olduğunu
bildirib və Azərbaycan xalqı ilə Pakistan xalqının eyni
canda bir qəlb olduğunu xüsusilə vurğulayıb. Senatın
Xarici Əlaqələr Komitəsinin sədri Səlim Seyfullah Xan
isə hər iki ölkənin təcavüzün qurbanı olduğunu və dünya
birliklərinin qəbul etdikləri qətnamələrin hələ də
yerinə yetirilmədiyindən təəssüf hissi keçirdiyini
bildirib.
Daha sonra çıxış edən Azərbaycan-Pakistan
parlamentlərarası qrupun üzvü, millət vəkili Eldar
İbrahimov iki ölkənin əlaqələrinin tarixindən bəhs edib.
Qonaqlar görüş çərçivəsində şərqşünaslıq fakültəsinin
urdu dili ixtisası üzrə təhsil alan tələbələrlə də
görüşüblər.
BDU-nun Mətbuat və informasiya şöbəsi |