Martın
6-da Qafqaz Universitetində 8 mart - Beynəlxalq Qadınlar
günü münasibətilə "Azərbaycan qadını və müasir media"
mövzusunda ümumrespublika konfransı keçirilmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli
Televiziya və Radio Şurası, KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondu, Mətbuat Şurası, Qadın Jurnalistlər
Birliyi, Jurnalist Qadınlar Assosiasiyası və Qafqaz
Universitetinin birgə təşkilatçılığı ilə baş tutan
konfransda təşkilatçı qurumların nümayəndələri, Milli
Məclisin deputatları, tanınmış qadın jurnalistlər,
Qafqaz Universitetinin professor-müəllim və tələbə
heyətinin üzvləri, KİV təmsilçiləri iştirak edirdilər.
Tədbiri Qafqaz Universitetinin rektoru, professor Əhməd
Saniç açaraq iştirakçıları salamladı, dəvətlərini qəbul
edib gəldikləri üçün qonaqlara minnətdarlığını bildirdi.
Cəmiyyətin inkişafında qadınların, o cümlədən media
sahəsində çalışan qadınların xidmətlərini yüksək
qiymətləndirən rektor əlamətdar gün münasibətilə xoş
arzularını bildirdi. Mövzunun əhəmiyyətini vurğulayan
professor Ə.Saniç diqqətə çatdırdı ki, konfransda edilən
çıxışların mətnləri, habelə iştirakçıların bu mövzuda
təqdim edəcəkləri məqalələr ayrıca kitab şəklində çap
olunacaqdır. Professor Ə.Saniç eyni zamanda ötən ildən
başlayaraq universitetdə jurnalist ixtisası üzrə
mütəxəssis hazırlandığını söyləyib, bu ixtisasa qəbul
olunan tələbələrin qəbul imtahanlarında topladıqları
orta balın 600-ə yaxın olduğunu, onları gələcəyin ən
yaxşı jurnalistləri kimi yetişdirməyi hədəfə aldıqlarını
bildirdi.
Qeyd etdi ki, bu iş İstanbul Universitetinin
jurnalistika fakültəsi ilə birlikdə görülür və tələbələr
bəlli dönəmlərdə İstanbul Universitetində təhsillərini
tamamlayacaqlar
Ə.Saniç konfransda çıxış edəcək natiqlərdən tələbələrə
öz tövsiyələrini vermələrini xahiş etdi.
Konfransda çıxış edən Milli Məclisin deputatı Elmira
Axundova ümummilli lider Heydər Əliyevin qadınların,
gənclərin inkişafına və təhsilinə daim böyük önəm
verdiyini xatırlatdı. Müasir media barədə fikirlərini
açıqlayan deputat bu sahədə çalışan Azərbaycan
qadınlarının səmərəli fəaliyyətindən bəhs etdi.
E.Axundova müasir dünyada elektron medianın artan rolunu
və əhəmiyyətini də diqqətə çatdırdı.
Çıxışında qadınlara göstərilən dövlət qayğısından
danışan Milli Məclisin deputatı Qənirə Paşayeva
xalqımızın milli mənəvi dəyərlərinin qorunub
saxlanılmasında onların mühüm rolunu vurğuladı.
Cəmiyyətdə kütləvi informasiya vasitələrinə böyük
əhəmiyyət verildiyini qeyd edən Q.Paşayeva bu sahədə
çalışan qadınlara uğurlar arzuladı.
Milli Məclisin deputatları Flora Qasımova, Jalə Əliyeva,
Sevinc Hüseynova, Milli Televiziya və Radio Şurasının
sədri Nuşirəvan Məhərrəmov, Azərbaycan Mətbuat Şurası
sədrinin müavini Müşfiq Ələsgərli, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Sədaqət Qəhrəmanova, Türkiyənin İstanbul Universitetinin
dosenti xanım Pınar Erarslan Yayınoğlu və digər çıxış
edənlər Azərbaycan jurnalistikasının inkişafında
qadınların xidmətləri, qadın problemlərinin mediada
işıqlandırılması, yazılı mətbuatın, ekran-efir
materiallarının auditoriyaya təsiri, İnternet mediasının
müasir inkişaf meyilləri və digər məsələlər barədə
fikirlərini bildirdilər, gənc jurnalistlərə öz
tövsiyələrini verdilər.
Konfransda tədbirin təşkilatçıları olan qurumların
rəhbərlərinə Qafqaz Universitetinin xatirə plaketləri
təqdim olundu.
Yusif ƏLİYEV |