| 
						
						 Hörmətli 
						xanımlar! 
						
						Əziz analar və bacılar! 
						
						Sizi, bütün Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq 
						Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. 
						 
						
						Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin 
						sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü 
						simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar 
						göstərmişlər. Onlar dünyanın bir çox qabaqcıl 
						ölkələrinin qadınlarından daha əvvəl seçib seçilmək 
						hüququ sayəsində cəmiyyət həyatının fəal iştirakçısı 
						olmaq imkanı əldə etmişlər. Öz tükənməz enerjilərini və 
						zəkalarının gücünü bütünlüklə vətən, xalq yolunda sərf 
						eləyən qadınlarımız ötən dövr ərzində çoxsaylı 
						nailiyyətlər qazanmışlar. Milliliklə müasirliyin 
						ahəngdar vəhdəti onların zəngin mənəviyyatının ayrılmaz 
						xüsusiyyətidir. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, 
						Şərq qadınları arasında mədəniyyətin və incəsənətin, 
						elmin və texnikanın ayrı-ayrı sahələrində ilk addımlar 
						da bizim ölkənin qadınları tərəfindən atılmışdır. 
						 
						
						Xalqımızın müstəqillik ideyası ətrafında sıx birləşən 
						Azərbaycan qadını bu gün milli dövlət quruculuğu 
						proseslərinin, ictimai-siyasi hadisələrin fəal 
						iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, 
						elmi-intellektual potensialının artırılmasına əvəzsiz 
						töhfələr verir. O, xüsusən təhsil və səhiyyə 
						sistemlərində dolğun fəaliyyəti ilə maarifpərvər qadın 
						ziyalılarımızın ideyalarını müvəffəqiyyətlə həyata 
						keçirir. Cəmiyyətimizdə qadının daim artan nüfuzu və 
						hazırkı yüksək ictimai mövqeyi Azərbaycanın müasir 
						həyatının diqqətəlayiq hadisəsidir. Qloballaşan dünyada 
						dəyərlər sisteminin sürətli dəyişikliklərə məruz qaldığı 
						indiki vaxtda məhz analarımız milli-mədəni 
						zənginliklərimizin və əxlaqi-mənəvi sərvətlərimizin 
						qorunub saxlanılmasının həqiqi təminatçılarıdır. Gənc 
						nəslin qədim adət-ənənələrimizə, milli məfkurəyə və 
						dövlətçilik ideallarımıza sədaqət ruhunda tərbiyəsinə 
						xüsusi diqqət yetirməklə onlar üzərlərinə düşən işlərin 
						öhdəsindən hər zaman olduğu kimi yenə şərəflə gəlirlər. 
						
						İnanıram ki, Azərbaycan qadını respublikamızın dinamik 
						inkişafı və tərəqqisi naminə qüvvəsini bundan sonra da 
						əsirgəməyəcəkdir.  
						
						Hamınıza cansağlığı, səadət və işlərinizdə yeni-yeni 
						uğurlar arzulayıram.  
						
						Bayramınız mübarək olsun!  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 5 mart 2012-ci il
 |