|
Beynəlxalq təhsil xəbərləri |
|
|
V.Putin: "Rusiya ali təhsili öz nüfuzunu
qaytarmalıdır" |
Rusiyanın
məktəb təhsilində sosial bərabərlik təmin
olunmalıdır. Bu barədə Rusiya Federasiyasının
hökumət başçısı Vladimir Putin "Komsomolskaya
qazeta"da dərc olunmuş məqaləsində bildirir.
Onun sözlərinə görə, ölkənin iri şəhərlərində
aşağı təhsil nəticələri olan məktəblər qrupu
formalaşıb. Bu məktəblərdə demək olar ki,
əlaçılar, olimpiada qalibləri yoxdur, bir sıra
şagirdlər təhsildə çətinliklərlə üzləşirlər.
Təhsil sosial lift funksiyasını itirməkdə, artıq
sosial təbəqələşmə doğurmaqdadır. V.Putin qeyd
edib ki, uşaqlar öz ailələrinin sosial və ya
mənəvi statusunun girovuna çevrilməməlidir. Əgər
məktəblər çətin sosial şəraitdə işləyirlərsə,
onda imkanlı ailələrdən olan uşaqların təhsil
aldıqları lisey və gimnaziyalar kimi onlar da
sosial dəstək, metodiki kadr və maliyyə dəstəyi
almalıdırlar.
Təhsil sistemində çalışanların əməkhaqlarına
toxunan V.Putin qeyd edib ki, 2012-ci ilin
sentyabrından başlayaraq RF subyektləri federal
büdcənin dəstəyi ilə müəllimlərin əməkhaqlarını
iqtisadi rayonlar üzrə orta əməkhaqları
səviyyəsinə qaldırmalıdırlar. Onun sözlərinə
görə, 2013-2018-ci illərdə ali məktəb
professorlarının əməkhaqları da tədricən 2 dəfə
artırılaraq orta iqtisadi göstəricilər üzrə 200
faizə çatdırılmalıdır. Bununla belə, hökumət
başçısı bildirib ki, yüksək əməkhaqları elmi
nəticələri olan, tələbələr və məzunların
hörmətini qazanmış alimlər üçün nəzərdə
tutulacaq. O, ümidvar olduğunu bildirib ki, öz
işinin peşəkarları olan müəllimlərin sayı ildən-ilə
artacaq. Bundan əlavə, yaxın bir neçə il ərzində
RF EA-nın və bir sıra dövlət elmi tədqiqat
institutlarının əməkdaşlarının, eləcə də peşə
liseyləri və kolleclərin müəllimlərinin,
mədəniyyət işçilərinin əməkhaqları artırılacaq.
Baş nazir qeyd edib ki, təhsildə investisiya
bizim büdcə siyasətinin əsas prioriteti olacaq.
Onun sözlərinə görə, Rusiya təhsilinin nüfuzunu
və yüksək keyfiyyətini özünə qaytarmaq lazımdır.
O, ali məktəblərin elan etdikləri büdcə
yerlərinə yalnız təhsil sahəsində yaxşı
nəticələri olan və fənlər üzrə keçirilən
olimpiada qaliblərinin qəbul olunmasını tövsiyə
edib. Vahid dövlət imtahanı sisteminin də
təkmilləşdiriləcəyini deyən V.Putin adıçəkilən
sistemin son vaxtlar çox ədalətli olaraq tənqid
olunduğunu vurğulayıb. "Ali təhsil sistemində
elementar səliqə-sahman yaratmaq lazımdır",-deyə
V.Putin bildirib. |
|
Ukraynanın yeni ali təhsil qanunu
universitetlərə müstəqillik verir |
Ukraynanın təhsil və elm, gənclər və idman
naziri Dmitri Tabaçnik yeni ali təhsil qanunu
layihəsi barədə danışıb. Nazir qeyd edib ki,
yeni qanun layihəsi Ukraynanın bütün
universitetlərinin iqtisadi, akademik və
institusional azadlıqlarının radikal
genişləndirilməsini nəzərdə tutur. Nazir qeyd
edib ki, tələbə təşkilatlarının nümayəndələri
ilə məsləhətləşmələrdən sonra qanun layihəsinə 4
əsas norma daxil edilib: "Birincisi, qanunda
təsbit olunur ki, təhsil gedişində tələbələr
üçün istər bakalavriat, istərsə də magistr
proqramları üzrə təhsil haqları dəyişə bilməz.
Beləliklə, tələbələrlə birdəfəlik olaraq
bakalavriat üçün 4 il, magistratura üçün isə 1,5
-2 il üçün təhsil müqaviləsi imzalanır. İkinci
norma - ilk dəfə ali məktəbdə yaşayış minimumu
həddində təqaüdün həcmi müəyyən olunur. Bu isə
tələbə təqaüdlərinin iki dəfə artırılması
deməkdir", - deyən nazir əlavə edib ki, əgər
yaşayış minimumu yenidən gözdən keçirilərsə,
onda buna müvafiq olaraq tələbə təqaüdləri də
artırılacaq.
Üçüncüsü, mülkiyyət növündən asılı olmayaraq,
tələbələr üçün bütün istehsalat təcrübələri
pulsuz həyata keçiriləcək. Dördüncü norma
qanunda tələbələrin muxtariyyət hüququnun
təsbit olunmasıdır. Yəni, hər bir elmi şurada
tələbələr müəyyən kvotaya malik olacaq, onlar
dekan, prorektor, rektor seçkisində iştirak edə
biləcəklər. Daha bir norma da tələbə
özünüidarəçiliyi ilə bağlıdır. Tələbə
özünüidarəçiliyi, tələbə həmkarları orqanları
universitetlərin büdcəsi hesabına
maliyyələşdirilməlidir. |
|
Qırğızıstanda "sıfır sinif" tətbiq olunacaq |
Qırğızıstanda
2012-2020-ci illər üzrə ölkənin təhsil
sisteminin inkişafının konsepsiya və
strategiyası işlənib hazırlanacaq. Bu barədə
parlamentin təhsil, elm, mədəniyyət və idman
üzrə komitəsinin iclasında təhsil naziri Kanat
Sadıkov məlumat verib. Onun sözlərinə görə,
konsepsiya çərçivəsində təhsil prosesində
praktiki və həyati biliklərə diqqət artırılacaq.
Son zamanlar təhsil müəssisələrində saatlar daim
artırılır, lakin standartlar və proqramlar
həyati tələbatlar nəzərə alınmadan yalnız nəzəri
cəhətdən tətbiq olunur. Bundan əlavə, təhsilin
idarə olunması və maliyyələşdirilməsi sahəsində
islahatlar aparılacaq. Nazir qeyd edib ki,
təhsil sisteminin inkişafı və strategiyası
çərçivəsində "sıfır sinif" tətbiq olunacaq.
Bunun hesabına siniflərin sayı 11-dən 12-yə,
hazırlıq sinfində dərs saatlarının sayı isə
240-a çatdırılacaq. Qeyd edək ki, "sıfır
sinif"lər ölkədə sovet dönəmində və
Qırğızıstanın müstəqilliyinin ilk illərində
mövcud olub. Texniki Peşə Təhsili Agentliyinin
direktoru Taalaubek Çolponkulovun sözlərinə görə,
strategiya çərçivəsində əhalinin peşə təhsili
alması imkanları təmin olunacaq, optimal təhsil
sistemi yaradılacaq, təhsil müəssisələrinin
maddi-texniki bazası modernləşdiriləcək və
möhkəmləndiriləcək, təhsilin keyfiyyəti daha da
yaxşılaşdırılacaq. |
|
Amerikada müəllim peşəsinə diqqət artır |
Amerikanın təhsil naziri Arne Dunkan ölkənin
təhsil sistemini kəskin tənqid edib. "Röyter"
agentliyinin məlumatına görə, Dunkan Amerika
təhsilinin ciddi maliyyə vəsaitlərinə ehtiyacı
olduğunu bildirib. O, təhsil sisteminə iri
məbləğdə vəsaitlərin ayrılmasının əsas
səbəblərini izah edib. Onun sözlərinə görə,
müəllimlərin peşəkarlığının artırılmasına 5
milyard dollar vəsait tələb olunur. Nazir hesab
edir ki, müəllim peşəsi daha çox seçmə peşə
olmalıdır. Müəllimlərin ixtisasının
artırılmasının zəruriliyini deyən nazir əlavə
edib ki, bu peşəni dirçəltmək lazımdır. A.Dunkan
müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi
prinsipinin yenidən gözdən keçirilməsini və
onların əməkhaqlarının həkim və hüquqşünasların
məvaciblərinə yaxınlaşdırılmasını təklif edib. "Heç
bir başqa peşə Amerikanın gələcəyi üçün böyük
hörmətə malik deyil",-deyən Dunkan əlavə edib ki,
müəllimlərin çoxu öz sinifləri dairəsində
qapalıdırlar.
Qeyd edək ki, respublikaçılar təhsilə ayrılan
vəsaitlərin azaldılmasında israr edirlər. Təhsil
naziri A.Dunkan isə əksinə, təhsilə ayrılan
vəsaitlərin artırılması təşəbbüsü ilə çıxış edib.
Hələlik dövlətin təhsil üçün əlavə pulları
hansı mənbədən əldə edəcəyi məlum deyil.
Dünyanın bir sıra ölkələri ibtidai və orta
təhsilə ayrılan milyonlarla vəsaiti azaldıblar,
bu ölkələr nəhəng büdcə kəsirləri ilə mübarizəyə
başlayıblar. |
|
Tələbələr üçün ən yaxşı şəhərlər |
Quacquarelli
Symonds (QS) şirkəti ali məktəb tələbələrinin
həyat şəraiti baxımından dünyanın ən əlverişli
50 şəhərin reytinqini tərtib edib.
Şirkətin ekspertləri bu qənaətdədirlər ki,
Avropa tələbələrin yaşayışı üçün ən yaxşı
məkandır. Reytinq cədvəlində təmsil olunan 50
şəhərdən 21-i Avropada yerləşir. Ən yaxşı tələbə
şəhərlərinin siyahısına Paris rəhbərlik edir.
Reytinq tərtib olunarkən universitetlərin sayı
və onlarda təhsilin keyfiyyəti (QS World
University Rankings reytinqi əsasında), eləcə də
orta təhsil haqqı, şəhərdə ümumi təhlükəsizlik,
əyləncə, həyat səviyyəsi, əmlak və qida
qiymətləri kimi kriteriyalar qiymətləndirilib.
Paris ümumi kriteriyalar üzrə 421 bal toplayıb.
İkinci yer Londona məxsusdur. Böyük Britaniya
paytaxtı 405 bal toplayıb. Paris Londonu bütün
kriteriyalar üzrə qabaqlayıb. Paris yalnız
xarici və yerli tələbələrin nisbətinə görə
Londona güzəştə gedib.
Həyat səviyyəsi, tələbə mühitinin keyfiyyəti və
təhsil müəssisələrinin qiymətləndirilməsi kimi
aspektlərdə Paris və London eyni bal toplayıblar.
Baxmayaraq ki təhsil haqları Londonda Parisə
nisbətən yüksəkdir, Böyük Britaniya paytaxtı
daha geniş universitetlər seçimi imkanlarına
malikdir. Məhz bu faktor Londonu daha cəlbedici
şəhər edir. Daha sonra reytinq cədvəlində Boston
(3-cü yer), Melburn (4-cü yer), Vyana (5-ci yer),
Sidney (6-cı yer), Sürix (7-ci yer), Berlin
(8-ci yer), Dublin (9-cu yer), Monreal (10-cu
yer) şəhərləri yer alıblar. Siyahıda Avropanın
digər şəhərlərindən Barselona, Münhen, Lion,
Madrid, Milan, Stokholm, Helsinki, Kopenhagen,
Qlazqo kimi şəhərlər də təmsil olunur.
314 bal toplayan Moskva Amsterdam və Brüssel
arasında 37-ci yeri tutub. Rusiya paytaxtı
təhsilin əlyetərliyi və yaşayış səviyyəsinə görə
reytinq cədvəlinin sonlarında qərarlaşıb.
|
Xarici mətbuat materialları əsasında hazırladı: Oruc
MUSTAFAYEV |
|
|
|
|
|
|
|
|
|
|