Fevralın 24-də Azərbaycan Dillər Universitetində
Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir
keçirildi. İngilis dilinin üslubiyyatı və nitq
mədəniyyəti kafedrasının müəllimi İradə Səmədovanın
təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan
Respublikasının Dövlət himni ilə başladı. Tədbiri giriş
sözü ilə ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin
Əliyev açaraq, respublikamızda, eləcə də bütün türk
dünyasında Xocalı soyqırımını anım mərasimlərinin
keçirildiyini bildirdi. Xocalı soyqırımını misli olmayan
faciə kimi xarakterizə edən prorektor bu soyqırımı
dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının
vacibliyini qeyd etdi. Bildirdi ki, Xocalı soyqırımının
anım mərasimləri bütün il boyu keçiriləcək.
1 saylı ingilis dili fakültəsinin tələbələri ingilis
dilində "Qarabağ dünən və bu gün" mövzusunda çıxış
etdilər və Xocalı soyqırımı haqqında məlumat verdilər.
Daha sonra soyqırımı özündə əks etdirən videoslayda
baxış oldu.
ADU-nun tarix kafedrasının əməkdaşı, əslən Xocalıdan
olan Ramin Quliyev faciə günü gördüyü və yaddaşına həkk
olunmuş dəhşətli anları tədbir iştirakçılarının nəzərinə
çatdırdı. Xocalıdan çıxarkən 7 yaşı olduğunu deyən R.
Quliyev öz yaxınlarının, qohumlarının çoxunu faciə günü
itirdiyini qeyd etdi. Bildirdi ki, 27 ailənin hər
birindən yalnız 1 nəfər salamat qalıb: "Onları tərcüməçi
ilə təmin edib xarici ölkələrə göndərmək lazımdır ki,
gördükləri, şahidi olduqları tükürpərdici hadisələri
dünyaya yaysınlar. Belə olarsa, dünya ictimaiyyətində
erməni vəhşiliyi haqqında aydın təsəvvür yaranar".
Sonra ADU-nun Ülvi Bünyadzadə adına muzey-lektoriyasının
rəhbəri Könül Yaqubova Zeynab Kazımovanın "Xocalı"
şeirini söylədi.
ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin
rəhbəri Zeynab Kazımova tədbirin təşkilatçılarına və
iştirakçılara təşəkkür edərək Xocalı şəhidlərinə rəhmət
dilədi. Əmin olduğunu bildirdi ki, soyqırımına məruz
qalmış insanların qanı yerdə qalmayacaq, dünya
ictimaiyyəti bu soyqırımına kəskin münasibət göstərəcək.
***
Bakıdakı 304 nömrəli məktəb-liseydə Xocalı
faciəsinin 20-ci ildönümü ilə əlaqədar soyqırımı
qurbanlarının anım mərasimi keçirildi. Tədbir
iştirakçıları əvvəlcə məktəb-liseyin foyesində
şagirdlərin Xocalı soyqırımı qurbanlarının xatirəsinə
həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış
oldular. Dövlət himni ifa olundu. Üçrəngli Dövlət
bayrağı "Koroğlu" operasının uvertürasının sədaları
altında səhnəyə gətirildi. Xocalı soyqırımında həlak
olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru
İradə Hüseynova Xocalının işğal edilməsi ilə bağlı bəzi
tarixi faktları xatırlatdı. Qeyd olundu ki, 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıları
Xankəndində yerləşən 366-cı alayın köməyi ilə Xocalıya
hücum etdilər. Öz hökumətindən kömək görməyən silahsız
Xocalı sakinləri vəhşicəsinə öldürüldü, şikəst edildi,
əsir götürüldü. Beləliklə, XX əsrin ən dəhşətli faciəsi
baş verdi. O dövrdə hakimiyyətdə olanların xalqımızın
başına gətirilən müsibətlərə laqeyd münasibət
bəslədiyini təəssüf hissi ilə xatırladan İradə Hüseynova
bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev xalqın
tələbi ilə ölkəyə rəhbərlik etməyə başladıqdan sonra
Xocalı faciəsinə siyasi qiymət verilməsinə nail oldu.
Tədbirin aparıcıları Xocalı faciəsinin 20-ci ildönümü
ilə əlaqədar məktəb-liseydə görülən işlər barədə
iştirakçılara məlumat verdilər.
Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar
məktəb-liseyin yuxarı sinif şagirdlərinin beynəlxalq
təşkilatlara ünvanladıqları müraciəti dinlənildi.
Müraciətdə qeyd olundu ki, ermənilərin dünyaya özlərini
yazıq göstərərək törətdikləri cinayətləri, vəhşilikləri
kölgədə qoymaları və bir çox beynəlxalq təşkilatların bu
hadisəyə göz yumması bizi çox təəssüfləndirir. Biz 304
nömrəli məktəb-liseyin şagirdləri dünyanın ziyalılarını,
siyasətçilərini 1992-ci ilin fevralında Azərbaycan
xalqına qarşı törədilmiş soyqırımına qiymət verməyə
çağırırıq!
Xocalı faciəsinə həsr olunmuş "Xocalı fəryadı" adlı
ədəbi-bədii kompozisiya göstərildi. Tədbirin sonunda
Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı əsrin
faciəsini əks etdirən film nümayiş olundu.
***
Bakı Sənaye-Pedaqoji Kollecində
Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Xocalı
qisasa çağırır bizi" adlı ədəbi-bədii gecə keçirildi.
Əvvəlcə tədbir iştirakçıları kollecin foyesində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş
tələbələrin əl işlərindən ibarət fotosərgi ilə yaxından
tanış oldular. Dövlət himni ifa olundu. Üçrəngli
Dövlət bayrağı səhnəyə gətirildi. Vətənimizin
suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi
uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı
qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.
Tədbiri giriş sözü ilə açan gecənin aparıcıları Xocalı
faciəsi haqqında geniş məlumat verdilər.
Kollecin direktoru Vidadi Orucov 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində
törədilmiş, bəşəriyyət tarixində misli görünməyən ən
qanlı faciələrdən biri olan Xocalı soyqırımından
danışdı. Bildirdi ki, Xocalı faciəsi 200 ilə yaxın bir
müddətdə erməni qəsbkarlarının və onların havadarlarının
Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və
soyqırımı siyasətinin davamıdır.
Tələbələr həmin gecə dinc əhalinin başına gətirilən
müsibətlərdən, azğınlaşmış erməni quldurlarının
Azərbaycan xalqına qarşı törətdikləri vəhşi
hərəkətlərindən, faciədən ürəkağrısı ilə söz açdılar.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin lentə
aldığı Xocalı soyqırımı, erməni daşnaklarının
vəhşiliklərini, amansızlıqlarını əks etdirən
videogörüntülər göstərildi.
Sonda kollecin tələbələri "Xocalı qisasa çağırır bizi"
ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
***
Sumqayıt şəhərindəki 3 nömrəli tam orta məktəbdə
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir
keçirilib.
Müəllimlərin, şagirdlərin, valideynlərin və veteranların
iştirakı ilə keçən tədbiri giriş sözü ilə məktəbin
direktoru Tirmə Qurbanova açaraq 1992-ci il fevralın
25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin
keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən
366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum
edərək burada yaşayan dinc sakinlərə qarşı törətdikləri
misli görünməmiş vəhşiliklərdən danışıb.
Tədbirdə Qarabağ müharibəsi veteranı Tofiq Mikayılov,
şəhər təhsil şöbəsi veteranlar şurasının sədri, qabaqcıl
maarif xadimi Məşdi Zeynalov, gənclərin çağırışaqədərki
hərbi rəhbəri Mübariz Muradov, 13 nömrəli tam orta
məktəbin ingilis dili müəllimi, Qarabağ müharibəsi
veteranı Asif Yusifov, 25 nömrəli tam orta məktəbin
veteran müəllimi Qalib Heydərli çıxış edərək ermənilərin
zaman-zaman xalqımıza qarşı terror, kütləvi qırğın,
deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər
törətdiklərini və XX əsrin sonunda dünyanın gözü
qarşısında baş verən, amansızlığı və qəddarlığı ilə
fərqlənən Xocalı soyqırımı isə bu vəhşiliklərin ən qanlı
səhifəsi olduğunu vurğulayıblar.
Mərasimdə məktəbin məzunları Fuad Qəhrəmanov, Turan
Xəlilov, Həzi Ağayev tərəfindən hazırlanmış "Qarabağ"
filmi nümayiş etdirilib. Sonra məktəbin özfəaliyyət
kollektivinin üzvləri "Xocalı fəryadı" tamaşasını
göstəriblər. Məktəbin 1"a" və 1"c" sinif sagirdləri
Xocalı faciəsi ilə bağlı seir və bayatılar söyləyiblər.
Sonda tədbir iştirakçıları məktəbin foyesindəki "Şəhidlər
guşəsi"nin önünə tər çiçəklər düzüblər.
***
Bakının Nizami rayonundakı 129 nömrəli tam orta
məktəbdə Xocalı soyqırımının 20-ci ildönümü ilə
əlaqədar "Xocalı faciəsi unudulmayacaq" adlı tədbir
keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Afərim
Abdulovanın rəhbərliyi ilə V "c" sinfinin hazırladığı
anım tədbirində məktəbin bütün müəllim və şagird
kollektivi iştirak edib. Aparıcılar Elroman Əlizadə və
Selcan Cahangirova Xocalı qətliamı ilə bağlı
tükürpərdici faktları bir daha xatırladıblar.
Aytac Axundova, Şövqi Əlili, Ruhiyyə Əliyeva, Elşad
İbrahimov o dəhşətli gecəni əks etdirən səhnəcikləri ifa
ediblər.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət
Əliyeva öz çıxışında şagirdləri Milli Qəhrəman Mübariz
İbrahimov kimi cəsur, qorxmaz olmağa, vətən sevgisini
hər zaman önə çəkməyə, xocalıların və bütün
şəhidlərimizin qisasını almağa çağırıb.
Tanınmış şairlərin vətənpərvərlik ruhunda yazdıqları
şeirlərdən seçmələri isə Fərid Mustafayev, Mehriban
Kərimova, Məhəmməd Manafov, Ağakişi Sadiqov və b.
səsləndirib.
Tədbir direktor Əlibala Paşayevin "Mən inanıram ki,
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt
unutmayacaq, xocalıların günahsız tökülən qanlarını
yerdə qoymayacaq" - sözləri ilə başa çatıb.
***
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında
Bakıdakı 201 nömrəli tam orta məktəbin şagirdlərinin
ifasında "Dünya hara baxır görən?" adlı ədəbi-bədii
kompozisiya nümayiş olunub. Öncə kitabxananın direktoru
Firuzə Quliyeva Xocalı soyqırımı haqqında geniş məlumat
verib. Proyektorla Xocalı şəhərinin tarixi, mədəniyyəti
haqqında və Azərbaycanın Milli Qəhrəmanı Çingiz
Mustafayevin çəkdiyi kadrlar göstərilib.
Tədbirin sonunda şagirdlərə "Göy qurşağı" jurnalı
hədiyyə olunub.
"Azərbaycan müəllimi" |