Fevralın
24-də Bakıdakı 20 nömrəli məktəb-liseydə Xocalı
soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir
keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi
ilə yanaşı, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
İbrahim Mehdiyev, Bakı Metropoliteninin rəisi Tağı
Əhmədov, Xocalı sakinləri və digər şəxslər iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru
Sabir Məmişov faciənin dəhşətlərindən, dinc əhaliyə
qarşı erməni yaraqlılarının törətdikləri vəhşiliklərdən
danışdı. Xocalı faciəsinin Azərbaycanın tarixində qanlı
bir səhifə, insanlığa qarşı törədilmiş misli görünməmiş
terror hadisəsi olduğunu bildirən direktor həmin dövrdə
hakimiyyətdə olan rəhbərlərin xəyanətkarlıq mövqeyini
diqqətə çatdırdı. Qeyd etdi ki, dünya ictimaiyyəti bu
acı həqiqəti bilməli və əsrin faciəsi-Xocalı soyqırımı
beynəlxalq qurumlar tərəfindən öz hüquqi qiymətini
almalıdır.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyev Xocalı faciəsinin ötən əsrin ən
dəhşətli faciələrindən biri və ermənilərin mənfur
siyasətinin ən iyrənc nümunəsi olduğunu qeyd etdi.
Bildirdi ki, erməni qəsbkarları XIX əsrdən başlayaraq
müxtəlif dövrlərdə xalqımıza qarşı işğalçı siyasət
yeridərək, öz məkrli planlarını zaman-zaman həyata
keçiriblər. Xocalı soyqırımı isə bunların ən
dəhşətlisi, dinc əhaliyə qarşı misli görünməyən
zorakılıqdır. İ.Mehdiyev qeyd etdi ki, ümummilli lider
Heydər Əliyevin müdrik siyasəti nəticəsində 1994-cü
ildə bu dəhşətli faciəyə siyasi qiymət verilmiş və
bundan sonra Xocalının haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Tədbirdə çıxış edən Bakı Metropoliteninin rəisi Tağı
Əhmədov, Xocalı sakini Xəlil Vəliyev və başqaları
soyqırımının dəhşətlərindən danışdılar.
Tədbirdə şagirdlərin söylədikləri şeirlər, göstərdikləri
səhnəciklər iştirakçılarda kədərli anlar yaşatdı.
Niyazi RƏHİMOV |