Məlum
olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyevanın müvafiq əmrinə əsasən fevral ayı
paytaxtın orta ümumtəhsil məktəblərində Azərbaycan dili
və ədəbiyyat fənni aylığı elan edilmişdir. Bu aylıq
çərçivəsində Bakıdakı 164 nomrəli tam orta məktəbdə də
silsilə tədbirlər keçirilib. Belə tədbirlərdən biri də
Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi
olan Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş "Qəm
karvanı və ya zülmətdə nur" adlı poeziya gecəsi idi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə
Allahverdiyevanın hazırladığı ssenari əsasında keçirilən
tədbir VIII "a" sinif şagirdlərinin ifasında maraqla
qarşılandı. Tədbirdə məktəbin müəllim-şagird kollektivi
ilə yanaşı, BŞTİ-nin müdir müavini, professor Hüseyn
Əsgərov, sektor müdiri Zəminə Əliqızı və digər qonaqlar
iştirak edirdilər.
Poeziya axşamında böyük şairin həyat və yaradıcılığı ilə
bağlı məlumatlar slaydlar vasitəsilə nümayiş etdirildi.
Milli geyimlərdə səhnədə görünən şagirdlər şairin
qəzəllərindən parçalar söylədilər. "Məni candan
usandırdı" qəzəlinə bəstələnmiş "Şəbu-hicran" kantatası
şagirdlərin ifasında səsləndirildi. Dahi şairin
yaradıcılığının zirvəsi sayılan "Leyli və Məcnun"
poemasına bəstələnmiş eyniadlı opera Musiqi
Akademiyasının tələbələri tərəfindən səsləndi ki, bu da
tədbirə rəng və ahəng qatdı.
Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini, professor
Hüseyn Əsgərov Füzuli lirikasının təqdimatında şagird və
müəllim əməyini yüksək qiymətləndirdi. Dahi şairi
tanımaq və sevməyin vətənə, ana torpağa məhəbbət hissi
aşıladığını bildirən H.Əsgərov "Azərbaycan dilinin gücü
və qüdrəti həm də Füzuliyə bağlıdır" mövzusuna
şagirdlərin müraciət etməsini müsbət qiymətləndirdi.
Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirli
Azərbaycan dili və ədəbiyyat fənni aylığı çərçivəsində
keçirilən tədbirlər planı haqqında məlumat verdi. Qeyd
etdi ki, aylıq ərzində 16 sinifdə "acıq dərs"lər, "Ana
dilim-Varlıq möhürüm" mövzusunda "dəyirmi masa", "Xocalı
harayı" adlı tədbir keçirilmiş, divar qəzetləri, xüsusi
bülletenlər buraxılmış, test və yoxlama yazı işləri
vasitəsilə fənnin tədrisi vəziyyəti yoxlanılmışdır.
Niyazi RƏHİMOV |