Respublika
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən
məktəblilər arasında ekoloji maarifləndirməni
gücləndirmək məqsədilə Nərimanov rayonu 34 nömrəli tam
orta məktəbdə Ümumdünya "Su-Bataqlıq" və "Su
Məməlilərinin Beynəlxalq Mühafizəsi" günü münasibətilə "Ekologiya
və davamlı inkişaf" adlı tədbir keçirildi.
Akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş "Ekologiya
və davamlı inkişaf" adlı ekoloji tədbirin əsas məqsədi
məktəblilər arasında ekoloji biliklərin artırılması,
ətraf mühitin qorunması, qlobal ekoloji problemlərin
həlli yollarını şagirdlərə göstərməkdən ibarət idi.
Məktəblilər arasında ekoloji təbliğatın gücləndirilməsi,
şagirdlərdə təbiətə maraq, davamlı ekoloji inkişafın
vacibliyi tədbirin əsas tərkib hissəsi idi.
Bakıdakı 34 nömrəli tam orta məktəbin geniş və işıqlı
zalında keçirilən tədbir 6 mərhələdən ibarət idi. Zalın
ekoloji guşəsində Təhsil Nazirliyi RETTM-in təsis və
dərc etdirdiyi "Ekoloji tərbiyə" qəzeti, ekoloji dərnək
və tədris proqramları, bukletlər, jurnal və dərgilər,
ekoloji nəşrlər nümayiş etdirildi.
Məktəbin direktoru Rəhman Hacıyev iştirakçıları
salamlayaraq tədbirin məqsəd və məramını bildirdi. O,
məktəblilərə təbiətlə düzgün ekoloji davranışdan,
şagirdlər arasında ekoloji təhsilin vacibliyindən söz
açdı.
Məktəbin "Ekoloji patrul" dəstəsi - nümunəvi təbiət
keşikçiləri tədbir iştirakçılarını salamladı. Dəstənin
komandiri Zahid Əsgərli məruzə edərək həyata
keçirdikləri ekoloji aksiyalar haqqında məlumat verdi.
"Floristika", "Bitkilər və ətraf mühit" dərnəyinin
üzvləri öz maraqlı çıxışları ilə "Ağacların söhbəti",
"Su-yağış-göy qurşağı" və "Təbiəti necə qoruyaq?!", "Azərbaycanın
7 təbiət gözəlliyi", "Meşələrin təbiətdə rolu", "Ekosistemlərdə
ekoloji həyat", "Meşənin sakinləri" adlı Azərbaycan və
ingilis dillərində şeirlər söylədilər, ekoloji
referatlarında Azərbaycan təbiətinin
biomüxtəlifliyindən bəhs etdilər. Respublikamızın 9
müxtəlif iqlim qurşağını özündə əks etdirən 7 müxtəlif
ekosistemlərdən söz açdılar.
Dərnək üzvləri "Azadlıq marşı", "Azərbaycan" və "Kəndimiz"
adlı mahnıları ifa edərək ekoloji təhsillə yanaşı,
musiqimizin də zənginliyini diqqət mərkəzinə çəkdilər.
Daha sonra "Meşədə konfrans və yaxud ölüm və ya qalım"
və "Təbiətin qüdrəti" adlı ekoloji səhnəciklərdə
məktəblilər ekoloji problemlərə toxunaraq Misir vagı,
turac, qırqovul, şir, pələng və digər heyvanların
məhvindən söz açdılar. 1950-ci ildən etibarən
planetimizdə ekoloji problemlərin yarandığından, bu
problemin həlli yollarından bəhs edərək ekoloji dram
tamaşasının məqsədini qonaqlara çatdırdılar.
Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov çıxış
edərək ekoloji təhsillə bağlı məsələlərə toxundu, bu
sahənin vacibliyindən söz açdı. Məktəblilərin ətraf
mühitə sevgi ilə yanaşmalarında, ekoloji mövqelərinin
formalaşmasında, ekoloji biliklərin dərindən
mənimsənilməsində ekoloji məşğələlərin əvəzsiz rolu
olduğunu bildirdi. O öz çıxışında vurğuladı ki, belə
əhəmiyyətli tədbirlər məktəblilərdə ekoloji təhsilin
gücləndirilməsilə yanaşı, yaddaşlarında da əlamətdar gün
kimi qalacaqdır. A.İbrahimov ekoloji təhsilin
prinsipləri, mahiyyəti və qanunlarından bəhs edərək
dərnək üzvlərini ekologiya elmini sevməyə ruhlandırdı.
Sonra Azərbaycan Heyvanları Mühafizə Cəmiyyətinin sədri
Azər Qarayev belə tədbirlərin tez-tez həyata
keçirilməsini alqışlayaraq müasir dövrdə gənc nəslin
ekoloji təhsili barədə söz açdı. Keçirilən tədbirdə meşə
sakinlərinin - heyvanların problemlərinin məktəblilərin
hazırladıqları ekoloji dram tamaşasında gündəmə
gətirilməsini bəyəndiyini dedi.
Tədbirdə iştirak edən qonaqlar və məktəblilər arasında
ekoloji diskussiyalar aparıldı. Dərnək üzvlərinin
ekoloji bilik və bacarıqları sınaqdan keçirildi.
Şagirdlərin fəallığı münsiflər heyəti tərəfindən
alqışlandı. Məktəblilər ekoloji mövzularda söylədikləri
şeir, hazırladıqları səhnəcik, referatlarla Ümumdünya
"Su-Bataqlıq" və "Su Məməlilərinin Beynəlxalq Mühafizəsi"
gününü qeyd etməklə yanaşı, akademik Həsən Əliyevin
xatirəsini də yad etdilər.
Tədbirdə Elnaz Sultanova, Nərmin Babayeva, Surac
Əhmədli, Rauf Əliyev, Esmira Yusufova, Zahid Əsgərli,
İlkin Əliyev, Rəna Ağayeva, Nigar Dadaşova fəal iştirak
etdiklərinə görə Təhsil Nazirliyi RETTM-in təsis etdiyi
"Ekologiya və davamlı inkişaf" adlı diplomlara layiq
görüldülər.
Sonda məktəblilərə hədiyyələr təqdim olundu. |