Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Şagirdlərdə təhsilə maraq yaradılması müasir təlimin əsas şərtlərindəndir

 

Bəşəriyyətin əldə etdiyi elmi-texniki, əxlaqi dəyərlərə yiyələnmə, gənc nəslin bir vətəndaş kimi yetişməsində mühüm amillərdən biridir. Bu məsələdə müasir təhsilin imkanları daha genişdir, həmin imkanların gerçəkləşdirilməsi isə əsasən təhsil işçilərinin  üzərinə düşür. Hər bir pedaqoq tədris prosesini planlaşdırarkən təlimin məzmununu, məqsəd və vəzifələrini müəyyənləşdirməli, şagirdlərin təhsili, tərbiyəsi, bir şəxsiyyət kimi formalaşması üçün bütün vəzifələrin kompleks həllinə çalışmalıdır.

Təhsilə marağın artırılması üçün müəllim tədris materiallarının məzmununu konkretləşdirməlidir. Belə ki, şagirdlər təlim zamanı yalnız biliklərə yiyələnmir, eyni zamanda onların təfəkkürləri, nitqi, emosional ovqatları, dünyagörüşləri, əqidələri, mənəvi keyfiyyətləri, estetik və fiziki qabiliyyətləri  formalaşmış olur.

Hər bir iş ona maraq yaranana qədər çətindir. Əgər işə hər bir kəsdə, istər müəllim olsun, istərsə də şagirdə, maraq yaranarsa, o iş uğurla icra ediləcəkdir. Maraqlı iş hər insanda məmnunluq hissi yaradır. Müasir təhsilə verilən prinsiplər də belədir. Şagirdlərdə təhsilin hər bir sahəsinə maraq  yaratmaq üçün müəllim müasir təlimin prinsiplərinə əməl etməlidir. Lakin bu o demək deyildir ki, təlimi şagirdin səviyyəsinə endirmək, marağına  tabe etmək  lazımdır. Təhsilə marağın yaradılmasının bir yolu da şagirdlərin fərdi xüsusiyyətlərini öyrənmək və bilməkdir. Hər bir şagirdin təfəkkürü, dərketmə qabiliyyəti, imkanı müxtəlif olduğu kimi, cəhətlərinə görə də fərdi xüsusiyyətlərə malikdir. Lakin bu müxtəlifliyə baxmayaraq müəllim nəzərdə tutmalıdır ki, bütün normal uşaqlar təhsil ala bilərlər və almalıdırlar. Müəllim bu inamla yaşamasa tədris etdiyi fənlərə, təhsilə maraq yarada bilməz. Bunun üçün şagirdi, onun fərdi xüsusiyyətlərini hərtərəfli və diqqətlə öyrənməlidir. Ondakı zəif, nöqsanlı cəhətləri üzə çıxarmaq müəllimin borcudur. K.D.Uşinski bu barədə yazmışdır: "Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətlərilə, bütün gündəlik xırda ehtiyacları ilə tanış olmalıdır. Tərbiyəçi insanı  bütün yaşlarda, bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında öyrənməlidir. Yalnız bu zaman insan təbiətin özündən tərbiyə vasitələrini əxz edə bilər. Bu vasitələr isə çoxdur".

Zəif qiymət alan, təkrar sinifdə qalan, məktəbdən yayınmaq istəyən şagirdlərin heç də hamısı bacarıqsız, tənbəl şagirdlər deyillər, sadəcə olaraq onlarda təhsilə maraq yoxdur. Ona görə də müəllim hansı yolla olursa-olsun bu marağı onlarda yaratmalıdır. Bunun üçün şagirdləri dərnəklərə cəlb etmək səmərəlidir. Bu məqsədlə məktəbdə habelə "Kim dərslikləri daha yaxşı saxlayır", "Kim tez oxuyur", "Sənin gün rejimin", "Güc birlikdədir", "İşləməyən dişləməz", "Əzbərçilik beyini şikəst edir" və s. kimi viktorinalar, müsabiqələr təşkil etmək, söhbətlər aparmaq məqsədəuyğundur. Şagirdlərin konstruktiv və texniki bacarıqlarını üzə çıxarmaq üçün ən yaxşı əl işləri, inşa və referat yazılar, rəsm çəkmək və s. kimi işlərə cəlb olunması da yaxşı səmərə verir. Belə tədbirlər şagirdlərdə oxumağa marağı artırır.

Şagirdlərdə təhsil əməyini planlaşdırmaq bacarığının yaradılması da vacibdir. Şagird  mətn üzrə verəcəyi cavabın, yazacağı ifadə və inşanın, həll edəcəyi məsələnin, yerinə yetirəcəyi əmək tapşırığının planını tuta bilməlidir. Verilən materialda əsas fikri tapmaq bacarığı mütləq aşılanmalıdır. Şagird  mətndəki başlıca fikirləri seçməyi, nəql etməyi, mətndən nəticə çıxarmağı, fikirləri ümumiləşdirməyi bacarmalıdır.

Göstərilən hər bir bacarığın ayrı-ayrı şagirdlərdə formal dərəcəsini dəqiq  müəyyən etmək məqsədilə həmin bacarıqların müxtəlif səviyyələrini bilmək lazımdır. Müxtəlif şagirdlərdə inkişaf səviyyəsinin əsası təhsilə qoyulan tələblərin düzgün seçilməsindən asılıdır. Şagirdlərdə təhsilə marağın müəyyənləşdirilməsinin forması bu istiqamətdə ciddi sistemin gözlənilməsini tələb edir. Bu sistemdə dərslə yanaşı dərsdənkənar tədbirlərin vəhdəti, sinif rəhbəri ilə şagirdlərin qarşılıqlı fəaliyyəti, məktəblə ailənin əlaqəsi təmin olunmalıdır. Məktəblərdə  təhsilə marağın artırılması sahəsində "Öyrənməyi öyrən" aylıq tədbirlər kompleksi keçirilməlidir. Bu aylıqda bütün siniflər üzrə şagirdlərin  ev tapşırıqlarına sərf etdikləri vaxt, oxu və yazı tempi yoxlanılır, oyun, yarışlar aparılır, reydlər təşkil edilir. "Öyrənməyi öyrən" həftəsində hər bir şagird istənilən müəllimdən məsləhət ala bilər. Valideynlər üçün "dəyirmi masa"lar, söhbətlər təşkil edilə bilər. Müəyyən sistemlə aparılan belə işlər öz müsbət nəticəsini verir. Şagirdlərdə təhsilə, təlimə maraq hissi artır, onlar məsuliyyətlərini dərk edir, həvəslə oxuyurlar. 

Xoşbəxt HƏSƏNOVA,
Bakı şəhər 93 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov