Təhsil
naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən Bakıdakı
"Park İNN" otelində Bakı və Sumqayıt məktəblərinin
şagirdlərinin iştirakı ilə "Sabahın alimləri" adlı
müsabiqə keçirildi. Müsabiqədə iştirak edən Bakı Dövlət
Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin
şagirdləri yüksək nəticələr əldə etmişdir. Liseyin 12
şagirdinin iştirak etdiyi müsabiqəyə 9 layihə təqdim
edilmişdir ki, bu layihələrdən 7-si fərdi, 2-si isə
komanda şəklində olmuşdur. Qeyd edək ki, təqdim olunan
layihələrin hər biri mükafata layiq görülüb. Belə ki,
fərdi şəkildə təqdim olunan layihələrdə liseyin
şagirdləri Arif Bayramov və Mahirə Səfərəlizadə I yer,
İbrahim Xəlilov, Samir Ömərov və Əminə Əmirxanlıdan
ibarət komanda I yer, fərdi şəkildə Aydan İsgəndərzadə,
Orxan Quliyev və Aytac Mədətli II yer, Leyla Qəmbərova,
Nərmin Muradova III yer, komanda şəklində Vüsal Məmmədov
və Aybəniz Ağayeva III yerə layiq görülmüşlər.
Qeyd edək ki, cari ilin may ayında ABŞ-ın Pensilvaniya
ştatının Pitsburq şəhərində keçiriləcək INTEL Beynəlxalq
Elm və Mühəndislik Sərgisində respublikamız 3 layihə ilə
təmsil olunacaq ki, həmin layihələrdən 2-si məhz "Gənc
istedadlar" liseyinin şagirdləri Arif Bayramov və Mahirə
Səfərəlizadəyə məxsusdur. A.Bayramov "Günəş şüasının
təsiri ilə sudan hidrogen alınması üçün bionanosistemdən
istifadə olunması" (elmi rəhbəri BDU-nun professoru
Rafiq Həsənov), M.Səfərəlizadə isə "Maqnit xassəli
polimer kompozitlə su səthindən neft və neft
məhsullarının nazik təmizlənməsi" (elmi rəhbəri BDU-nun
professoru Abdulsəyid Əzizov) layihələri ilə beynəlxalq
müsabiqədə iştirak edəcəklər.
Niyazi RƏHİMOV |