Danil
Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində
anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna daxil olub, 1941-ci ilin avqustunda sovet
ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə
daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini
mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə
416-cı diviziyanın tərkibində tankvuran taqımın
komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı
diviziyaların tərkibində 1946-cı ilə kimi ordu
sıralarında olub. O, "Qafqazın müdafiəsinə görə", "Böyük
Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə"
medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş
medalları ilə təltif olunub.
Hərbi xidmətdən tərxis edildikdən sonra "Azneft" Texniki
Təchizat Trestində böyük mühəndis kimi çalışıb. 1947-ci
ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə
daxil olub, üçüncü kursdan Mixail Vasilyeviç Lomonosov
adına Moskva Dövlət Universitetinin müvafiq fakültəsinə
köçürülüb. 1952-ci ildə ali təhsilini başa vurduqdan
sonra aspiranturada saxlanılıb. 1956-cı il sentyabrın
24-də Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət
Universitetində "Azərbaycan partiya təşkilatının neft
sənayesinin texniki tərəqqisi uğrunda mübarizəsi (dördüncü
beşillikdə)" mövzusunda namizədlik dissertasiyası
müdafiə edib.
1958-ci ildən 1959-cu ilə qədər Azərbaycan KP MK yanında
Partiya Tarixi İnstitutunda baş elmi işçi işləyib. Hələ
Partiya Tarixi İnstitutunda çalışarkən əvəzçilik qaydası
ilə 1959-cu ilin yanvarından 1961-ci ilin iyununa qədər
Bakı Ali Partiya Məktəbində Sov.İKP tarixi kafedrasının
müdiri vəzifəsində çalışıb. 1961-ci ildən 1970-ci ilə
kimi Bakı Ali Partiya Məktəbinin rektoru işləyib.
Danil Quliyev 1967-ci ildə Azərbaycan KP MK-nın üzvü,
1968-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilib.
"Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri", "Azərbaycan
tarixi" kitablarının hazırlanmasında yaxından iştirak
edib. 1989-cu ildə onun redaktorluğu ilə Azərbaycan SSR
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə
dair sənədlər toplusu buraxılıb. Böyük ictimai-siyasi
xadim Nəriman Nərimanov barədə monoqrafiya yazıb.
Danil Quliyev 1987-ci ildə tarix elmləri doktoru adına
layiq görülüb.
1970-ci il avqustun 24-də Azərbaycanın ali və orta
ixtisas təhsili naziri vəzifəsinə təyin edilib. Bu
vəzifədə çalışdığı 1970-1971-ci illərdə müəyyən səmərəli
işlər görüb. 1971-1976-cı illərdə Azərbaycan KP MK-nın
ideologiya üzrə katibi işləyib.
1995-ci ildə təqaüdə çıxan Danil Quliyev ömrünün sonuna
kimi Almaniyada yaşayıb. 2001-ci ildə dünyasını dəyişib,
Berlində dəfn olunub. |