Fevralın
23-də Bakıdakı 252 nömrəli məktəb-liseydə tarix müəllimi
Nərgiz Qafarovanın iştirakı ilə VI sinifdə Atropatena
dövlətinin yaranması mövzusunda "açıq dərs" keçirildi.
"Açıq dərs"də məktəb-liseyin direktoru Abbasqulu Quliyev,
tədris işləri üzrə direktor müavini Şərqiyə Əkbərova,
tarix fənni üzrə metodikbirləşmə rəhbəri Qəndab Həbibova
və digər şəxslər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru
Abbasqulu Quliyev "açıq dərs"lərin əhəmiyyətindən
danışdı. Şagirdlərə tarix fənninə xüsusi maraq
göstərilməsinin vacibliyini qeyd edən A.Quliyev "keçmişini
bilməyənin gələcəyi olmaz" fikrini söylədi. Belə
dərslərin həm müəllimlərə, həm də şagirdlərə müsbət
təsir etdiyini bildirdi.
N.Qafarova dərs prosesində şagirdləri "Azərgünasp", "Sak"
və "Qazaka" komandalarına bölməklə onların fəallığını
təmin edərək keçdiyi mövzuya dair əyani vəsaitlərdən
istifadə etməklə fənlərarası inteqrasiya yaratdı. Slayd
və videoçarxlardan istifadə olundu. Dərs prosesində
şagirdlərə müstəqil fikir söyləmək imkanı yaradan
müəllim, sual-cavab və test üsulu ilə şagirdlərin
cavablarını qiymətləndirdi. Sinfin şagirdlərindən Fərid
Məmmədovun ifasında Atropatena dövlətinin hökmdarı
Atropat canlandırıldı ki, bu da iştirakçılara xoş təsir
göstərdi.
Sonra "açıq dərs"in müzakirəsi aparıldı. Dərsin müasir
tələblər səviyyəsində qurulması, interaktiv təlim
üsullarından, resurslardan geniş istifadə edilməsi
iştirakçılar tərəfindən yüksək qiymətləndirildi, bir
sıra tövsiyələr verildi.
Niyazi RƏHİMOV |