Fevralın
17-də Bakıdakı 258 nömrəli tam orta məktəbin akt zalında
torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuş Arif Əkbər oğlu
Vəliyevin anım günü keçirildi. Əvvəlcə Dövlət himni ifa
olundu və əsgər paltarı geyinmiş şagirdlər "Əsgər
marşı"nın sədaları altında üçrəngli Dövlət bayrağımızı
səhnəyə gətirdilər. Düşmənlə mübarizədə şəhid olmuş
vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edildi.
Məktəbin müəllim və şagird kollektivinin, millət
vəkillərinin, Nərimanov Rayon İcra Hakimiyyəti rəhbər
işçilərinin, ictimai birliklərin, KİV nümayəndələrinin
iştirakı ilə keçirilmiş tədbiri məktəbin direktor
müavini Samirə Mehdiyeva açaraq qəhrəmanlıq və şəhidlik
zirvəsinə gedən yol haqqında iştirakçılara məlumat
verdi. O, Arifin şücaətindən və qəhrəmanlığından danışdı.
Tədbirdə çıxış edən məktəbin direktoru Sədaqət Hüseynova
Arif Vəliyevin həyat və keçdiyi döyüş yolundan söz açdı.
Arif qızğın döyüşlərin birində əvvəl ayağından və
qolundan yaralanmışdır. Lakin buna baxmayaraq o şəhid
olmuş döyüşçü yoldaşlarının cəsədini təhlükəli yerlərdən
uzaqlaşdırmışdır. İgid və qorxmaz vətən oğlu yaralı
vəziyyətdə komandirinin yaralandığını görüb onu düşmən
hədəfindən xilas edərkən özü düşmən gülləsinə tuş
gələrək qəhrəmancasına həlak olmuşdur.
Tədbirdə millət vəkili Adil Əliyev, Nərimanov Rayon İcra
Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev və digər
qonaqlar çıxış edərək dövlətimizin dünyada nüfuzunun
artmasından, ordumuzun güclənməsindən, böyüməkdə olan
vətənpərvər övladların vətən sevgisindən danışdılar.
Onlar təhsil ocaqlarında belə tədbirlərin keçirilməsini
müsbət qiymətləndirdilər.
Şagirdlər Arif Vəliyevin xatirəsinə həsr etdikləri
şeirlərlə, mahnılarla, göstərdikləri sənəciklərlə həmin
günü yaddaqalan etdilər. Sonra hərbi geyimdə dayanmış XI
sinif şagirdləri Azərbaycan bayrağını dalğalandıraraq
məktəbin adını həmişə uca tutacaqlarını, "yaxşı" və "əla"
qiymətlərlə oxumaqla Arif Vəliyev kimi mətin, mübariz və
qorxmaz olacaqlarını bildirdilər.
Sonda Arif Vəliyevin anası Sona xanım tədbir
iştirakçılarına təşəkkürünü bildirdi.
Rəşad ZİYADOV |