Bu
günlərdə "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyi
Beynəlxalq "Ticarət Liderləri Klubu" tərəfindən
keçirilmiş müsabiqədə "Keyfiyyətə görə" qızıl medal,
xüsusi priz və döş nişanı ilə mükafatlandırılıb.
Mükafatın təqdimat mərasimi İspaniyanın paytaxtı Madrid
şəhərində qurumun baş ofisində təşkil edilib.
Bu münasibətlə martın 1-də "Təhsil" Nəşriyyat-Poliqrafiya
Birliyində təşkil edilmiş tədbir mükafatın təqdimat
mərasiminə həsr edilmiş videomaterialın nümayişi ilə
başlayıb.
Birliyin baş direktoru Bəhruz Axundov mərasim
iştirakçılarına rəhbərlik etdiyi müəssisənin fəaliyyəti,
poliqrafiya bazası və yeni qazanılmış uğurla bağlı
məlumat verib. Bildirib ki, müxtəlif nəşr növləri ilə
məşğul olan müəssisənin hazırladığı kitablar dəfələrlə
ölkə və beynəlxalq müsabiqələrdə fərqlənərək yüksək
mükafatlara layiq görülüb.
Beynəlxalq "Ticarət Liderləri Klubu" haqqında məlumat
verən B.Axundov deyib ki, qurumun 90 ölkədən 7700 üzvü
vardır. Təşkilatın müxtəlif ölkələrdə ofisləri fəaliyyət
göstərir. Qurumun fəaliyyətində əsas məqsəd
iqtisadiyyatın və biznesin daha çox və dinamik
inkişafına nail olan ayrı-ayrı ölkələr arasında
tanışlığın və qarşılıqlı əlaqələrin yaranmasına və daha
da artırılmasına, eləcə də müştərək biznes və
yaradıcılıq fəaliyyətinin yaranmasına kömək göstərməkdir.
Natiq diqqətə çatdırıb ki, bu müsabiqə 35 ölkə üzrə
keçirilmiş və qalib 7 min üzvün səsverməsi yolu ilə
müəyyən edilmişdir. Mükafatın 40 illik yubileyi ilə
əlaqədar qızıl medalın üzərində simvolik rəsm verilib.
Xüsusi olaraq qeyd edilib ki, "Təhsil" Nəşriyyat-Poliqrafiya
Birliyi bu yüksək beynəlxalq mükafata layiq görülmüş ilk
Azərbaycan nəşriyyatıdır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Vaqif Abbasov, professor Cahangir Məmmədli, şair
Çingiz Əlioğlu, Təhsil Nazirliyinin şöbə müdiri Faiq
Şahbazlı, Mədəniyyət və Turizm Nazirliyinin sektor
müdiri Vaqif Bəhmənli, "525-ci qəzet"in baş redaktoru
Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin "Mədəniyyət"
jurnalının baş redaktoru Leyla Əfəndiyeva və başqaları
nəşriyyatın qazandığı bu uğuru yüksək qiymətləndirmiş və
müəssisə rəhbərliyinə işlərində yeni-yeni uğurlar
arzulayıblar.
Ə.DAŞDƏMİRLİ |