Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Hər kəsin öz izi var...

 

İxtiyar dağların döşündə meşə,

Qayalar yüksəkdən baxır keçmişə.

Ağaclar baş-başa çatılmış burda,

Günəş salam verir bu doğma yurda... 

...Ormanlar içində durur Talıstan,

Ona bir baxışla vurulur insan. 

Mən Aydın müəllimlə hər dəfə görüşəndə söhbətin elə məqamı olmur ki, görkəmli sənətkar, xalq şairi Səməd Vurğunun "Talıstan" poemasından parçaları əzbər deməsin. O, ixtisasca riyaziyyat müəllimidir, amma ədəbiyyatın, incəsənətin, təbiətin vurğunudur. O təbiətin ki, bu yerin insanlarına Talıstan kimi möhtəşəm, gözəlliyinə göz baxanda qamaşan məkan bəxş etmişdir. Aydın müəllimin Talıstana bağlılığı onu, hətta, ali məktəbi bitirdikdən sonra aspiranturaya qəbul olunsa da, elə doğma yurdda yaşamağa, çalışmağa, böyüyən nəslin gözəllik və Vətən sevgisi ilə formalaşmasına sövq etmişdir.

Bu sadə, adi görünüşlü, lakin böyük ürəkli, bacarıqlı insanı mən diqqətçəkən peşə fəaliyyətinə görə tanımışam. 2008-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Təhsil Nazirliyi "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrini keçirməyə başladı. Təşkilat komitəsinin üzvü olaraq digər həmkarlarımla birlikdə müsabiqədə iştirak edən müəllimlərin və məktəb rəhbərlərinin təqdimatlarını dinləyənlər sırasında oldum. Diqqətçəkən təqdimatlar az deyildi, lakin Talıstan kənd orta məktəbinin direktoru Aydın Əzizovun təqdimatındakı müasirlik, İKT-dən istifadə imkanlarının genişliyi, məktəbin İnternet vasitəsi ilə dünyaya çıxışı məsələləri xüsusi olaraq fərqləndi. Təbii ki, həmin il o, qaliblərin öndə gedənlərindən oldu.

Talıstan kənd məktəbinin pedaqoji kollektivi ilə yaxından tanış olmaq, Aydın Əzizovun təşkilatçılıq, idarəçilik, rəhbərlik üslubunu öyrənmək mənim yaxın məqsədimə çevrildi. Təsadüf elə gətirdi ki, rəhbərlik etdiyim Təhsil Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının elan etdiyi layihə müsabiqəsində qrant qazandı. Layihə övladları ibtidai məktəbdə oxuyan valideynlərin pedaqoji-psixoloji maarifləndirilməsinə yönəldilmişdi. Onu həyata keçirmək üçün Bakı şəhərində 2, İsmayıllı rayonunda da 1 - Talıstan kənd orta məktəbini seçdik. Bu bizə imkan verdi ki, həm valideynlərlə, həm də pedaqoji kollektivin gördüyü işlərlə, nailiyyətlərlə yaxından tanış olaq. Qeyd edim ki, İsmayıllı rayonunda qabaqcıl təhsil ənənəsinin olduğunu mən hələ 30-40 il bundan əvvəldən bilirdim. Yaxşı xatırlayıram, maarif naziri, görkəmli pedaqoq, çox dəyərli ziyalı, böyük insan - vətəndaş, akademik Mehdi Mehdizadə İsmayıllı RXMŞ-nın müdiri İsrail Həsənovu rayondakı yüksək təlim-tərbiyə nailiyyətinə görə həmişə dəyərləndirər və onu örnək çəkərdi. Hətta İ.Həsənovun elmi tədqiqat işinə cəlb olunmasını, onun elmi rəhbərliyi ilə dissertasiya müdafiə etməsini də dəstəkləmişdi. Bu gün fikirləşirəm ki, o zaman belə ənənəsi olan daha bir neçə şəhər və rayon vardı. Təəssüf ki, o ənənənin mayası olan yüksək peşəkarlıq, öyrətmə ustalığı, müəllim şərəfi və ləyaqətinin uca tutulması, digər məktəblərlə, o cümlədən xarici ölkə məktəbləri ilə yaradıcılıq ənənələrinin təşkili və s. məsələlər bu gün həmin rayonlarda hiss olunmur. Amma İsmayıllı rayon təhsili həm təcrübi ənənəsini, həm də müasirlik missiyasını yerinə yetirir. İsmayıllı rayonunda adı ən yaxşılar sırasında çəkilən məktəblər az deyil. Lakin mən 60 yaşını haqlamış təhsil xadimi, bir sıra nailiyyətlərə əldə etdiyi mükafatlarla imza atmış, əməkdar müəllim Aydın Məhəmmədəziz oğlu Əzizovdan yığcam şəkildə söhbət açmaq istəyirəm.

Ən səciyyəvi cəhətlərdən biri Aydın Əzizovun Talıstan kənd orta məktəbini bitirməsi, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində riyaziyyat müəllimi ixtisasına yiyələnərək, Talıstan kənd orta məktəbində işləməsidir. Bu səciyyəvi cəhətin göstəriciləri onun ötən 40 ilə yaxın müddətdə yaşadığı kəndə, oxuduğu məktəbə, elinə-obasına nümunəvi xidməti, gündən-günə artan tələblərə müasir düşüncə ilə cavab verməsi, Azərbaycana, dünyanın bir sıra ölkəsinə fayda verə bilən kadrlar yetirməsidir...

Aydın Əzizovu rayon pedaqoji kollektivləri, ziyalıları, ictimaiyyət nümayəndələri, eləcə də idarəedici qurum rəhbərləri eyni səmimiyyətlə sevir, onun qazandığı nailiyyətləri dəyərincə qiymətləndirirlər.

Ali məktəblərə qəbul olunan şagirdlərin sayına və məzunların topladığı balın yüksəkliyinə görə məktəb 12 ildir ki, dalbadal TQDK tərəfindən respublikanın ən yaxşı məktəbləri sırasına daxil olunur. Son 5 ildə məktəbin məzunlarından 8 nəfəri  600-dən yuxarı bal toplamışdır. Belə ki, 2010-cu ildə 2 nəfər 650-dən çox, 2011-ci ildə isə 1 nəfər şagird 667 bal toplamışdır.

Aydın müəllimin şəxsi səyi nəticəsində Talıstan məktəbi "Məktəb Qrant Proqramı"nda uğurla iştirak edərək, proqramın 3 mərhələsinin hər birində qalib gəlmişdir. I mərhələdə "Məktəbdə innovativ təlim üçün yeni kitabxana", II mərhələdə "Müasir innovasiyaların kimya dərslərində tətbiqi", III mərhələdə isə "Müasir innovasiyaların riyaziyyat dərslərində tətbiqi" mövzularındakı layihələr əsasında məktəbdə müasir tələblər səviyyəsində elektron kitabxana və kabinetlər qurulmuşdur. Bir neçə dəfə məktəbin müvəffəqiyyətləri, yüksək təhsil göstəriciləri Respublika Təhsil Nazirliyinin kollegiya iclaslarında qeyd edilmiş, qabaqcıl iş təcrübəsinin yayılması tövsiyə olunmuşdur. Məktəbin iş təcrubəsi mətbuat və praktik konfranslar vasitəsilə respublikada yayılmışdır. Məktəb bir çox ölkələrlə, o cümlədən Türkiyə və Rusiya məktəbləri ilə əməkdaşlıq edir.

2005 və 2011-ci illərdə Türkiyə Təhsil Nazirliyinin dəvəti ilə məktəbin direktoru Aydın müəllim 16 ölkənin nümayəndəsi ilə birlikdə Ankarada keçirilən təhsilə həsr olunmuş tədbirlərdə iştirak edərək hədiyyələrlə mükafatlandırılmışdır.

İş təcrübəsi əsasında yazdığı bir çox elmi-metodiki məqalələri dövri mətbuatda, "Fizika və riyaziyyat tədrisi" və "Bilgi" jurnallarında çap olunmuşdur.

 Təsadüfi deyildir ki, o, Azərbaycan müəllimlərinin 4 qurultayının - IX, X, XII və XIII qurultaylarının nümayəndəsi olmuşdur.

1980-ci ildə "Qabaqcıl maarif xadimi", 2007-ci ildə "Azərbaycan Respublikası  qabaqcıl təhsil işçisi" döş nişanları, dəfələrlə Təhsil Nazirliyinin, İsmayıllı Rayon  İcra Hakimiyyətinin və RTŞ-ın fəxri fərmanları ilə təltif edilmişdir.

2008-ci ildə ölkə Prezidentinin sərəncamı ilə Aydın Əzizova "Əməkdar müəllim" fəxri adı verilmışdır.

Fəaliyyətini və həyatını doğma kəndi və məktəbi ilə bağlayan Aydın müəllim asudə vaxtlarını məzmunlu keçirir, müntəzəm olaraq kiçik həyətindəki təsərrüfatı ilə məşğul olur. Hər işdə, hər yerdə gözəllik axtaran Aydın müəllim bu gözəlliyi rəhbərlik etdiyi məktəbin həyətində və öz həyətində xoşagəlimli səviyyədə yarada bilmişdir. Həyət qapısından içəri girən kimi insanı qızıl güllər qarşılayır. Sıralanmış meyvə ağacları bar-bəhrədən xəbər verir. O, həm də boş vaxtlarında çox kiçik həcmdə olsa da, arıçılıqla məşğul olur. Mən bunları necə müəyyənləşdirmişəm? Təsadüfdürmü, ya zərurətdir, bilmirəm, 3 il öncə Azərbaycan Dövlət Televiziyasında apardığım "Təhsil və tərəqqi" verilişinin yay saylarını kənd məktəbi şagirdlərinin və müəllimlərinin asudə vaxtının keçirilməsi məsələsinə həsr etmək Baş redaksiya tərəfindən təklif olundu. Mən Şamaxı və İsmayıllı rayonlarını seçdim.

Çəkiliş briqadamız İsmayıllıda olarkən, o yerlərə xas olan dumanlı-çiskinli, günəşi gah görünən, gah da görünməyən hava ilə qarşılaşdıq. Məktəbdə məqsədimizə uyğun çəkilişləri apardıq, amma müəllimin ailədə istirahəti, məşğuliyyəti, təsərrüfatı ilə əlaqədar çəkilişlər aparmağa yağış imkan vermirdi, gur yağış yağmağa başladı. Məcbur olduq ki, çətirdən istifadə edərək, yağış altında çəkilişləri aparaq. İstədik ki, sadəcə mənzərə görüntüləri ilə kifayətlənməyək, çoxlarına maraqlı gələn öyrədici fakta müraciət edək. Bu, arı ailələri ilə tanışlıq, onların həyatı, əməksevərliklə çalışmaları, pətəklərə bal yığmaları, arılara münasibətdə, onların yaşamasında şərt olan cəhətlərin təqdimatı ilə həyata keçirildi, çox maraqlı süjetlər alındı. Təbii ki, bu süjetlərin, necə deyərlər, baş qəhrəmanı Aydın müəllim idi.

Aydın Əzizov sədaqətli həyat yoldaşı, mehriban atadır. Həyat yoldaşı Dilbər xanımla birlikdə 4 övlad böyüdüb, ərsəyə gətirmişlər. Ailənin böyük övladı Hakim Talıstanda IX sinfi, Türkiyədə liseyi və Ankara Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, magistratura təhsilini aldıqdan sonra Qazi Universitetinin doktoranturasında təhsilini davam etdirmiş, 2011-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Rövşən isə Talıstanda orta məktəbi tamamladıqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr və magistraturasını bitirərək əvvəlcə Binəqədi Neft Şirkətində, hazırda BP Neft Şirkətində mühəndis vəzifəsində çalışır. Qızları Aytəkin Talıstan kənd orta məktəbində, Nigar Abşeron rayon Güzdək qəsəbə məktəbində  riyaziyyat müəllimi işləyirlər.        

Göründüyü kimi, Aydın müəllimin övladları analarının və atalarının ənənəsini davam etdirərək, dövlətimizin qayğısı ilə yüksək təhsilə yiyələnmiş, faydalı mütəxəssis, nümunəvi ziyalılar kimi yetişmişlər. Deyim ki, bu da ən yaxşı örnəklərdən biridir.

Doğru deyiblər ki, hər kəsin öz izi var. Bu iz zəhmət və həyata sevgi ilə yaranırsa, örnəyə çevrilir.

Aydın müəllim böyük həvəs və qeyrətlə Azərbaycan təhsilinə xidmət edir. Bir neçə fakta müraciətlə onun keçirdiyi illərin  nə  qədər  səmərəli,  bəhrəli olduğu görünür. Mart ayının 2-də onun 60 yaşı tamam olur. İnanıram ki, o, daha müasir nailiyyətlərini hələ bundan sonra əldə edəcəkdir. Biz onu böyük səmimiyyətlə təbrik edir, şərəfli işində yeni-yeni uğurlar arzulayırıq.    

Əjdər AĞAYEV,
Təhsil Şurasının sədri,
pedaqoji elmlər doktoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov