Ölkəmiz
müstəqillik qazandıqdan sonra azərbaycanlı gənclərin
dünyanın istənilən ölkəsinin ali məktəblərində təhsil
almalarına geniş imkanlar yaranıb. Hər il yüzlərlə gənc
təhsil almaq üçün xarici ölkələrin ən nüfuzlu ali
məktəblərinə gedir. Xaricdə təhsil almaq həmişə mənim də
ən böyük arzum olub və çox sevinirəm ki, builki qəbul
imtahanlarını uğurla verib məqsədimə çata bildim.
Hazırda Şimali Kipr Doğu Akdeniz Universitetinin
tələbəsiyəm.
Yeri gəlmişkən, bu təhsil ocağı haqqında məlumat vermək
istərdim. 1979-cu ildə təsis olunmuş Doğu Akdeniz
Universiteti son 30 ildə beynəlxalq miqyasda tanınan və
akkreditasiyaları olan ali məktəb səviyyəsinə yüksələ
bilmişdir. Hazırda bu təhsil müəssisəsində 16 mindən çox
tələbə oxuyur. Onların arasında yerli tələbələrdən
savayı, 68 ölkənin təmsilçiləri də var. Beynəlxalq
Universitetlər Birliyi, Avropa Universitetlər Birliyi,
Aralıq Dənizi Universitetlər Birliyi və İslam Ölkələri
Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü
olan DAU-nun diplomları bütün ölkələrdə tanınır.
Fərəhləndirici haldır ki, bu universitetdə çox sayda
azərbaycanlı gənc də təhsil alır və məhz bu səbəbdən mən
özümü heç vaxt qəriblikdə hiss etmirəm. Onu da qeyd edim
ki, bu ölkədə Azərbaycana hədsiz rəğbət bəsləyirlər və
bizə hörmətlə yanaşırlar. Doğu Akdeniz Universitetində
azərbaycanlılara çox böyük güzəştlər tətbiq olunur.
İdmanda və digər sahələrdə xüsusi istedadları, bacarıq
və qabiliyyətləri ilə fərqlənənlərə müxtəlif təqaüdlər
verilir. Təhsildə yüksək bilik səviyyəsi nümayiş
etdirən tələbələr isə, ümumiyyətlə, təhsil haqqını
ödəməkdən azad olunurlar.
Şimali Kipr Doğu Akdeniz Universiteti bir neçə tədris
korpusu, idman kompleksi, kitabxana və klubları olan
şəhərcikdən ibarətdir. Təhsil ocağında yerli
müəllimlərlə yanaşı, dünyanın inkişaf etmiş ölkələrindən
gəlmiş alimlər də çalışır.
Burada tələbələrin yüksək səviyyədə təhsil almaları və
asudə vaxtlarını maraqlı keçirmələri üçün hər cür şərait
yaradılıb. Dərsə hazırlaşarkən 4 mərtəbədə yerləşən
zəngin kitabxanadan istifadə edirik. Dərsdən sonra
tələbələr vaxtlarını istədikləri dərnək və klublarda
keçirir, idman kompleksində müxtəlif idman növü ilə
məşğul olurlar. Bütün bunlardan başqa, tələbələr üçün
müntəzəm olaraq gəzinti turları və digər maraqlı
tədbirlər təşkil olunur.
Təhsil aldığım bir neçə ay ərzində ən xoşuma gələn cəhət
isə azərbaycanlı tələbələr arasında çox səmimi
münasibətin olmasıdır. Mənimlə birlikdə hüquq
fakültəsində 11 nəfər azərbaycanlı tələbə də təhsil alır.
Biz digər fakültələrdə oxuyan həmyerlilərimizlə daim sıx
ünsiyyətdə oluruq, mehriban dolanırıq, qayğı və
problemlərimizi birlikdə həll edirik. Buna görə də biz
hətta tətil zamanı Azərbaycanda olduğumuz günlərdə də
tez-tez görüşməyə, vaxtımızı birlikdə keçirməyə
çalışırdıq. Mütəşəkkil qaydada fəaliyyət göstərmək üçün
universitetdə Azərbaycan Tələbələrinin Cəmiyyətini
yaratmışıq. Cəmiyyətin prezidenti hər il seçki yolu ilə
tələbələrin arasından seçilir. Biz həftədə bir dəfə bir
yerə toplaşaraq cari məsələləri, qarşıya çıxan
problemlərin həlli yollarını, görəcəyimiz işləri
müzakirə edirik. Ən önəmlisi odur ki, bütün tarixi
günlərimiz və milli bayramlarımızla bağlı möhtəşəm
tədbirlər keçiririk. Bu tədbirlərə tanınmış dövlət
adamları, siyasətçilər, ictimai xadimlər, ziyalılar və
sənətçiləri də dəvət edirik. Bu günlərdə çox ciddi
şəkildə Xocalı soyqırımı ilə bağlı anım mərasimi
keçirdik.
Qeyd edim ki, ümumiyyətlə, Doğu Akdeniz Universitetində
tez-tez maraqlı tədbirlər, xüsusilə beynəlxalq səviyyəli
elmi konfranslar, seminar və görüşlər təşkil edilir.
Onlardan biri də noyabrda "Azərbaycan-Türkiyə: ortaq
tariximiz və gənclər" mövzusunda keçirilən elmi-praktik
konfrans idi. 1-5 noyabr tarixlərində baş tutan tədbirdə
Şimali Kiprdə işgüzar səfərdə olan millət vəkillərimiz
Gülər Əhmədova və Musa Qasımlı da iştirak edirdilər.
Konfransdan öncə onlar bizimlə görüşərək azərbaycanlı
tələbələrin Kiprdəki həyatı, universitetdə yaradılan
şəraitlə yaxından tanış oldular. Deputatlarımızla söhbət
zamanı onlar bütün qayğı və problemlərimizlə
maraqlandılar və təhsilimizlə bağlı dəyərli
tövsiyələrini verdilər.
Konfransdan sonra millət vəkillərimiz universitetin
rektoru, professor Abdullah Öztopraqla görüşdülər.
Abdullah bəy görüş zamanı qonaqlara rəhbərlik etdiyi ali
təhsil ocağı haqqında geniş məlumat verib. Tələbələrlə
görüşdüyünü rektorun nəzərinə çatdıran Gülər Əhmədova
Şimali Kiprdə "Azərbaycan-Şimali Kipr Gənclər
Cəmiyyəti"nin yaradılması fikrini professor Abdullah
Öztopraqla müzakirə edib və bu təşəbbüs çox müsbət
qarşılanıb.
Əli ƏLİYEV,
Doğu Akdeniz Universiteti hüquq fakültəsinin I
kurs tələbəsi |