(Sankt-Peterburq
Mərkəzi Tarix Arxivinin materialları əsasında)
Yazardan bir neçə söz
Rusiya və Avropa ali məktəblərində 1920-ci ilədək oxumuş
soydaşlarımız haqqında "Azərbaycan müəllimi" qəzetində
geniş yazılarım çıxdıqdan sonra mənə akademiya və təhsil
sistemində çalışan çoxlu dostlarım, tanışlarım, sıravi
aydınlarımız, adi vətəndaşlar zəng edərək, yaxud
elektron poçtuma məktub göndərərək minnətdarlıq edir, bu
sahədə araşdırmaları davam etdirməyi, adıçəkilən
şəxslərin hər biri haqqında ayrıca bilgi verməyi arzu
edirdilər. Həmin şəxslərin hamısına, özəlliklə Ağsu
Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasiyə rayon
müəllimləri adından bildirdiyi xoş sözlər üçün
təşəkkürümü bildirir, eyni zamanda onların istəyini
gerçəkləşdirərək "Azərbaycan müəllimi"nin bu sayından
başlayaraq dərc edilmiş siyahıda adı keçən tələbələrimiz
haqqında Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin
fondlarından ötən ilin sentyabrında əldə etdiyim arxiv
bəlgələrini oxucuların diqqətinə çatdırıram. Bütün bu
sənədlər ilk dəfə işıq üzü görür.
Yeri gəlmişkən, sevimli oxucularımızdan xahiş edirəm ki,
bu silsilə yazılarda danışılacaq şəxslər haqqında əlavə
bilgiləri olarsa mənimlə əlaqə saxlasınlar.
Haqqında söz açılacaq tələbələr ali məktəbdə oxuma
tarixinə görə sıralanıb.
1. Əmircanov Möhsün bəy Süleyman bəy oğlu
(SPb. MTA, f.14, s.3, iş 21576, 1881-ci il)
Bu
başdan bildirim ki, arxiv siyahılarında soydaşlarımızın
ad-soyadı bəzən elə yanlış yazılıb və sənədin özünə
baxmadan onların gerçək şəklini müəyyənləşdirmək mümkün
olmur. Hətta bəzən bu da kömək etmir. Məsələn,
M.B.Əmircanovun adı şəxsi işindəki sənədlərdə rusca "Massum",
"Mosxun", "Movsum", "Muxsun", "Muqsun" kimi yazılıb.
Gəl indi düzgününü tap! Belə olduqda, məncə, bircə yol
qalır - ən etibarlı sənədə güvənmək. Əmircanovun
işindəki belə bir sənədi isə Sankt-Peterburq İmperator
Universitetinin ona 1885-ci ildə verdiyi attestatı sayır,
oradakı "Muqsun" (Möhsün) yazılışını əsas götürürük.
Peyvənd etdirib
Oxucumuz bu başlığı oxuduqda təəccüblənəcək - axı
peyvəndin mətləbə nə dəxli var?! Var, özü də çox ciddi!
Belə ki, çiçəyə görə peyvənd olunmayan abituriyent
Rusiya ali məktəblərinə qəbul edilmirdi və onlardan
tələb olunan ən mühüm sənədlər içərisində peyvənd
haqqında arayış başda gəlirdi. Şəki şəhəri baş həkiminin
10 avqust 1881-ci ildə "Massum" bəy Əmircanova verdiyi
arayışda onun çiçəyə görə peyvənd olunduğu təsdiqlənir.
Kamal attestatı
Şəxsi işindəki sənədlər içərisində "Mosxun" bəy
Əmircanova verilmiş kamal attestatı önəmli
bəlgələrdəndir. Burada göstərilir ki, Məhəmmədiyyə dinli,
Gəncə vilayəti bəylərindən olan, Şəki şəhərində 2 dekabr
1859-cu ildə doğulmuş "Mosxun" bəy 4 il özəl gimnaziyada
və 6 il Tiflis gimnaziyasında oxuyub. Qiymətləri o qədər
də yüksək deyil - "3" və "4"-dür.
Doğum haqqında şəhadətnamə
Əlahəzrət
İmperatorun fərmanına əsasən, bu şəhadətnaməni Gəncə
Vilayəti Sünniməzhəb Ruhani Məclisi Şəki şəhərinin
sakini, kollec asessoru Süleyman bəy Əmircanova o haqda
verib ki, doğma oğlu "Mosxun" bəy Əmircanov qanuni
nikahda olan atası Süleyman bəy Əmircanovla anası
Dostuxanım xanım Hacı Məhəmmədağa qızından 2 dekabr
1859-cu ildə doğulub. 231 saylı şəhadətnamə 19 iyul
1875-ci ildə Şəki şəhərində verilib. Sənədi Məclisin
sədri Hacı Cəmil Əfəndizadə öz imzası ilə təsdiqləyib.
Süleyman bəyin qulluq siyahısı
Tələbələrin sinfi mənşəyini, sosial durumunu
müəyyənləşdirmək ali məktəb rəhbərliyi üçün çox önəmli
sayılırdı. Valideynin cəmiyyətdə, yaxud dövlət həyatında
tutduğu yer tələbənin ali məktəb həyatında və məktəbi
bitirdikdən sonrakı dönəmində də öz izini buraxırdı.
Valideynin çini və aldığı mükafatlar nə qədər böyük
olardısa, tələbəyə "yuxarıdan" inam da o qədər güclü
olurdu. Buna görə də ali məktəb rəhbərliyi dövlət
qulluğunda bulunan valideynlərin sənədlərini tələb
edirdi.
Kollec asessoru Süleyman bəy Əmircanovun xidməti
haqqında 15 oktyabr 1877-ci ildə tərtib edilmiş qulluq
siyahısında oxuyuruq ki, Süleyman bəy Abdulla bəy
oğlu Əmircanov 51 yaşındadır (deməli, 1826-cı ildə
doğulub), Məhəmmədiyyə dinindədir, xaçpərəst
olmayanlara verilən 3-cü dərəcəli Müqəddəs Stanislav
ordeni alıb. Bəy rütbəsi var. Şəki şəhərində qardaşları
ilə birlikdə daş evi və torpaq sahəsi var. O, müsəlman
Dostuxanımla evlənib. Bu övladları var: oğulları
Mövsüm - 17 yaş, Yusif - 15 yaş, Abdulla
- 10 yaş və Musa - 7 yaş; qızları Sitarə -
20 yaş, Əzizə - 5 yaş. Böyük oğlu Tiflisdə
tərbiyə olunur, qalanları onun yanındadır; hamısı
müsəlmandır.
İlk peşəkar şərqşünaslarımızdan biri
"İlk
Azərbaycan şərqşünasları" deyilərkən soydaşlarımız
hamıdan öncə Mirzə Cəfər Topşubaşovu və Mirzə Kazım bəyi
göz önünə gətirirlər. Əlbəttə, bunlar dünya şöhrətli
azərbaycanlı şərqşünas professorlardır, ancaq Avropa
təhsili görmüş bir çox şərqşünasımızın adını belə
bilmirik. Onlardan biri də Sankt-Peterburq İmperator
Universitetinin yetirməsi Möhsün bəy Süleyman bəy
oğlu Əmircanovdur.
Düzdür, onun atası Şəkinin köklü bəylərindəndi, ancaq
görünür, indi bilmədiyimiz hansısa maddi böhranla
üzləşib və buna görə də oğlunun təhsil haqqını ödəməkdə
problem yaranıb. SPb. İmperator Universiteti Şərq
dilləri fakültəsi Türk-ərəb bölməsinin I kurs tələbəsi "Muqsun"
bəy Əmircanov 7 oktyabr 1881-ci ildə rektora ərizə
yazaraq xahiş edib ki, mühazirələri dinləmək üçün
ödəməyə vəsaitim olmadığına görə məni mühazirə dinləməyə
görə ödənişdən azad etmək haqqında sərəncam verəsiniz.
Möhsün bəyin gerçəkdən yoxsul durumda olduğunu Sankt-Peterburq
ober-polismeyster dəftərxanasından 2 iyun 1882-ci ildə
verilmiş 91679 saylı arayış da təsdiqləyir. Universitet
rektoruna ünvanlanmış bu bəlgədən oxuyuruq ki,
universitetin Drovyan döngəsi 9 saylı evdə yaşayan
tələbəsi "Muqsun" bəy Əmircanov universitetdən təqaüd
almaq üçün ona kasıblığı haqqında arayış verməyimizi
xahiş edib. Polisin toplayaraq əldə etdiyi bilgilərdən
görünür ki, ərizəçi 22 yaşdadır, əxlaqı və həyat tərzi
yaxşıdır, durumu yoxsuldur, əynindəki paltardan başqa
heç bir əşyası yoxdur, xəzinədən təqaüd və daimi heç bir
yardım almır, Gəncə vilayətinin Şəki şəhərində öz evində
yaşayan valideynləri var, qardaşları: Yusif - 17
yaş, Qori Müəllimlər Seminariyasında xəzinə hesabına
oxuyur, Abdulla - 14 yaş, Musa - 10 yaş,
bacıları: Sitarə - 20 yaş, Əzizə - 9 yaş,
hamısı valideynlərinin yanındadır. Düzdür, ərizəçi
valideynlərindən yardım alır, ancaq bu çox nadir
hallarda, hədsiz məhdud miqdarda olur və özünü saxlamağa
ehtiyac duyur.
14 may 1884-cü ildə universitet dəftərxanasının şəhər
Qradonaçalniki dəftərxanasına göndərdiyi təliqədə
bildirilir ki, "Muxsun" Əmircanov Şərq dilləri
fakültəsinin III kurs tələbəsidir və Neva prospektindəki
88 saylı evin 66-cı mənzilində yaşayır.
Diplomu əvəz edən attestat
Tələbənin şəxsi işindəki son sənəd 11 sentyabr 1885-ci
ildə verilmiş attestatdır. Əslində diplomu əvəz edən bu
bəlgədə Sankt-Peterburq Universitetinin Şurası bəyan
edir ki, 25 yaşlı, Məhəmmədiyyə dinli Möhsün bəy
Əmircanov 31 avqust 1881-ci ildə universitet tələbələri
sırasına qəbul edilib, Şərq dilləri fakültəsi ərəb-fars-türk-tatar
bölməsi üzrə elmlərin bütün kursunu dinləyib və
imtahanlarda bu nəticələri göstərib: fars dili, fars
ədəbiyyatı tarixi, Osmanlı dili, Şərq tarixi, İran
tarixi, Türkiyə tarixi, rus dövlət hüququ, siyasi
iqtisad, fransız dili - "əla", türk-tatar dili, Türk
qəbilələrinin təsviri, Şərq numizmatikası, müsəlman
şəriəti, maliyyə hüququ - "yaxşı", ərəb dili, ərəb
ədəbiyyatı tarixi və polis hüququ - "kafi", buna görə də
Şərq dilləri fakültəsi onu həqiqi tələbə
rütbəsinə layiq görüb... S.-Peterburq İmperator
Universitetinin Şurası 2 sentyabr 1885-ci ildə bu
rütbəni təsdiqləyib. Bu sənədlə Əmircanova Rusiya
İmperiyası qanunları ilə həqiqi tələbə rütbəsinə aid
edilən bütün hüquq və üstünlüklər verilir. Attestatı
universitetin rektoru Andreyevski, fakültə dekanı
Vasilyev imzalayıblar.
Son söz
Möhsün bəy Əmircanovun sonrakı taleyi haqqında əlimizdə
heç bir bilgi və bəlgə yoxdur. Ancaq bildiyimiz təkcə
budur ki, o, görkəmli ictimai-siyasi xadim, ilk
Azərbaycan Cümhuriyyəti (1918-1920) dönəmində Parlaman
üzvü olmuş, nazir vəzifəsində çalışmış Əbdüləli bəy
Əmircanov (1874, Şəki-1948, Türkiyə) ilə əmiuşağıdır.
(Ardı var)
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.: +994-50-612-68-13 |